Dövlət qurumlarında və komitələrin əksəriyyətində işçilərin hüquqları pozulur - FAZİL MUSTAFA  

  • By admin
  • 15 Dekabr 2017 17:42

Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa idarə, müəssisə rəhbərlərinin işçilərini iş vaxtından çox saxlamasından şikayətlənib və onların vaxtından artıq  işdə saxlanmasını işçilərin istismar olunması kimi dəyərləndirib.

“Dövlət qurumlarında və komitələrin əksəriyyətində işçilərin hüquqları pozulur, onları 8 saatdan çox işlədirlər. Mən hər gün işdən çıxanda millət vəkilləri kimi Milli Məclisin əməkdaşları da saat 18:00-da işdən çıxır. Bu çox yaxşı halıdır”, deyə o, qeyd edib.

Millət vəkili bildirib ki, hələ XIX əsrdə insanlar 8 saatlıq iş rejimi uğrunda mübarizə aparıb: “Ancaq bizdə xırda və aşağı ranqlı məmurların hüquqları pozulur. Rəhbər şəxs öz otağında əyləşibsə, bu o demək deyil ki, işçilər onu gözləməlidir. Onsuz da onlar yüksək əməkhaqqı almırlar. Hesab edirəm ki, Həmkarlar İttifaqı həmin məmurların hüquqlarını qorumaq üçün addımlar atmalıdır. Bəzən bu məmurlar gecə saat 22:00-da evlərinə gedib çıxırlar, uşaqlarına zaman ayıra bilmirlər. Mən bunu işçilərin istismarı kimi dəyərləndirirəm”.

Spiker Oqtay Əsədov isə deyib ki, Milli Məclisdə əməkdaşlar saat 18:00-da işdən çıxırlar və qaydalara əməl olunur. Spiker qeyd edib ki, bu məsələlərə ilk olaraq müəssisə rəhbərlərinin özü diqqət etməlidir.

Mürtəza

Gununsesi.info