Dünya sevgisini yaşadan şair - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 15 Yanvar 2018 10:42

Son illərdə Bakıya kimlər gəlib-getməyib? Dünyanın heyranlıqla izlədiyi müğənnilər, dünyaya hökm edən siyasətçilər, məşhur aktyorlar, idmançılar və s. Vaxtaşırı biz onların dilindən mədəniyyətimiz, insanlarımız, bütövlükdə ölkəmiz barədə az tərifli sözlər eşitməmişik. Ancaq etiraf edim ki, məzmun baxımından sadaladıqlarımdan, bəlkə də, olduqca zəif, ibarəsiz bir çıxış var ki, onu dinləyəndə müvazinətimi saxlaya bilmirəm, duyğusallaşıram, həyəcanlanıram. Bu, böyük türk şairi Nazim Hikmətin 1957-ci ildə Bakıda etdiyi çıxışının bir dəqiqədən də az lent yazısıdır. Onu bura yerləşdirirəm, görməmisinizsə, baxın. https://www.youtube.com/watch?v=WHcDKXoMCJg

Nazim Hikmət bu çıxışında bizim çətin inanacağımız, nə bilim, bəlkə də, qavraya bilməyəcəyimiz sözlər deyir. Deyir ki, vaxt gələcək mən gedə bilməsəm də, Azərbaycandan bir şair İstanbula gedəcək, orda öz şeirlərini söyləyəcək. Nazim Hikmət o şairə məmləkətinə salam yetirməyi xahiş edir və əlavə edir ki, şair onun həmvətənlərinə desin: “Biz ona çox şey öyrətdik. Nə öyrəndisə, bu dünyada çoxunu bizdən öyrəndi”.

Gördüyünüz kimi çox standart bir fikirdir, mübaliğəsi də xeyli böyükdür. İndi AzTV-də hansısa əcnəbi belə sözlər desə, biz gülüb keçərik, hətta hiddətlənərik. Ancaq o bir Nazim Hikmət, onun sıradan barəmizdə dediyi bu sözlər bizi riqqətə gətirir, onun səmimiyyət atmosferində əriyib muma dönürük. Niyə? Cavab vermək çətindir. Bəlkə, elə sözün sehrinə salmaq deyilən şey bunun özüdür?!

Ancaq bizim, Bakının xoşbəxtliyindəndir ki, sırf ideoloji səbəbdən olsa da, Nazim Hikmətin böyük oxucu kütləsinə təqdimatı Bakıda olub. “Günəşi içənlərin türküsü” adlı türkçə şeirlər kitabı bizdə – Bakıda nəşr edilib. Bundan öncə isə onun cəmi bircə kitabı osmanlıca Türkiyədə dərc edilib. Nazim Hikmət Bakını da, Türkiyəni də çox sevirdi. Ancaq o öz sənətkarlığı ilə Bakı, İstanbul sərhədlərini çox sürətlə aşa bildi, dünyanın sevgisini özünə çəkdi. Ona “mavi gözlü dev” deyirlər, hər dəfə bu ifadəni Nazim Hikmət barədə eşidəndə qeyri-ixtiyarı davamını gətirirəm: Devlerin aşkı böyük olur!

Hansı tərəfdən götürürsünüz götürün, Nazim Hikmət bir nəhəngdir. Onun şeirinin qüvvəti, əqidəsi, məhəbbəti qeyri-adi, şiddətli, alovlu olub. Onun üçündür ki, bu gün də o danışılır, müzakirə olunur, sevilir və şübhə yoxdur ki, belə də davam edəcək.

Bəzən mən bizim yazarların gileylərini eşidirəm. Onlar oxucu biganəliyindən, dünyaya çıxa bilməməkdən şikayətlənirlər. Bəzən haqlı suallar da verirlər ki, axı dünyanın filan ünlü yazıçısından mənim, filankəsin nəyi əskikdir; təhsil deyirsən var, ədəbi mətn deyirsən, ondan başımız çıxır, çağdaş cərəyanları da öz yerində, vaxtlıvaxtında izləyirik?! Bu suala dəqiq cavabı ədəbiyyat tənqidçiləri verə bilər, mənim isə bir oxucu-müşahidəçi kimi qənaətim odur ki, bizim giley-güzarçılarımızın bütün dedikləri doğru olsa da, unutduqları əhəmiyyətli bir şey var: O da fərdi, ictimai həyatlarının olduqca standart keçməsidir, bir az cəsarətlə desək, orta statisktik azərbaycanlı güzaranında axıb getməlidir. Bu iddiamın sübutu üçün ədəbiyyata möhrünü vuran yazarlara baxmaq lazımdır. Ağır, ziddiyyətli həyat sınaqları şəxsi və ictimai həyatında qarşılaşmaqdan qorxan, onlarla kəllələşmək istəməyən yazıçının qurduğu cümlələr ədəbi normalar baxımından nə qədər səliqə-sahmanlı olur olsun, ədəbi mətni onun özü qədər maraqlı, dramatik, böhranlı şəxsi bioqrafiya təqdim etmirsə, alınmır, alınmaz. Dostayevskidə də belə olub, Puşkində də, Tolstoyda da, bizim “mavi gözül dev”də də.

Nazim Hikmətin dəyişdiyi həbsxana hücrələri, az qala sayını unutduğu, mübtəla olduğu eşqləri, yaşadığı siyasi təlatümlər olmasaydı, biz “Kərəm kimi”, “Məmləkətim”, “Qız uşağı”, “Pirayə üçün” və s. şeirləri indi oxuya bilərdikmi? Çətin!

Nazim Hikmət 1938-ci ildə 28 il 4 ay cəzaya məhkum edilir. Bu həbsə qədər isə o iki dəfə zindanı görmüşdü. Birinci dəfə 1 il, ikinci dəfə isə 8 ay! İkinci məhkumluğu xoşbəxtlikdən tam olmadı. 12 ildən sonra beynəlxalq ictimaiyyətin çağırışları əsasında Türkiyə hökuməti onu azad etdi. Beləliklə, şairin ümumilikdə qızıl kimi 14 ilə yaxın ömrü zindanda keçdi. Ancaq o qara və ümidsizlik qoxan zindanda belə Nazim Hikmət bir an bədbinliyə, küskünlüyə təslim olmadı. Həyata, insanlara, ədalətə olan sevgi, inam onu daim diri tutdu, sevgi saçmağa vadar etdi. Təsadüfü deyil ki, Nazimin zindandan yazdığı şeirlər belə optimizm saçır, həmin nəzm əsərlərində zarafat etməkdən belə qalmır. Halbuki, üstündən neçə illər keçib, biz indi onun yaşadıqlarını oxuyanda bağrımız çatlayır, bu qədər də olarmı, deyirik. Bax elə şəxsiyyətin, böyük yaradıcı qüdrət sahiblərinin kimliyi belə məqamlarda üzə çıxır. Onlar adi insanlar üçün dözülməz, çəkilməz, əlçatmaz olan şeyləri aşa, ötüşdürə, öz uğurlarına çevirə bilirlər.

Bu gün onun ad günüdür.

“Ben yanmasam
sen yanmasan
biz yanmasak,
nasıl çıkar
karanlıklar
aydınlığa…”

yazaraq aydınlıq yaradan şairin ruhu şad olsun!

Pərviz Həşimli

Gununsesi.info