“Elçin Quliyev kimi geydirmə generallar şərəfli generalların adına ləkədir” - "MTN İŞİ" - YENİLƏNİB

  • By admin
  • 17 İyul 2017 18:02

eldarelcin

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə nahar fasiləsindən sonra  davam edib.

Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində  keçirilən iclasda zərərçəkən Maqsud İbrahimovun epizodu üzrə dinləmələr keçirilib.

Təqsirləndirilən polkovnik Azər Mehdiyev şahidləri yalan danışdığını bildirib.

Bu zaman zərərçəkən Maqsud Mahmudov yerindən replika ilə çıxış edərək Azər Mehdiyev və general Elçin Quliyevə etiraz edib: “İndi belə çıxır ki, hamı yalan danışır, bir bu şəxslər düz deyir”.

Təqsirləndirilən Elçin Quliyev isə bildirib ki, Ayaz Gərayzadə və digərləri yalan danışıblar. Buna Maqsud Mahmudov növbəti dəfə etiraz edib: “Elçin Quliyev kimi geydirmə generallar şərəfli generalların adına ləkədir”.

Bu zaman hakim zərərçəkmişə xəbərdarlıq edib və zaldan çıxardıb.

Daha sonra prosesdə Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən “Dostluq” parkının ərazisindəki torpaq sahələrinin dalqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə ittiham olunaraq məhkum olunmuş Tərlan Hüseynovun işi üzrə dinləmə olub.

Proses iyulun 21-də davam edəcək.

******

15:53

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Gununsesi.info-nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Maqsud Mahmudovun epizodu üzrə dinləmələr keçirilib.

Şahid qismində dindirilən Marik Şamilov bildirib ki, 2009-cu ildə anasına məxsus olan ev plana düşdüyündən, aldığı pulla Salyan yolu 32 ünvanında torpaq sahəsi alıb:

“Torpağın bələdiyyə sənədi vardı. Üstündən 2 il keçəndən sonra həmin torpağa gəlib baş çəkdim. Gördüm ki, burda tikinti gedir. Orda duranlara dedim ki, bu, mənim torpağımdır. Dedilər, torpağın yiyəsi indi gələcək. Gözlədim, Maqsud ora gəldi. O bildirdi ki, torpağı ona satıblar. Bir az sonra həmin torpağı satan Elşən və Nizaməddin gəldi. Onlar Maqsudu kənara çəkdilər və söhbət etdilər. Sonra mənə dedilər ki, torpaq məsələn həll ediləcək. Lakin həll olunmadı”.

Şahid bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib: “Həmin şəxslər mənə hədə-qorxu gəlməyə başladılar. Həmin ərəfədə Maqsudla telefonla danışsam da, o, mənə hədə-qorxu gəlməyib. Torpağı satanlar mənə hədə-qorxu gəldiyi üçün MTN-ə şikayət etdim. Oraya ünvanlı, kiminsə tapşırığı ilə şikayət etməmişəm. MTN-nin qəbul şöbəsində ərizə yazmışam”.

Zərərçəkən Maqsud Mahmudov qeyd edib ki, Marik Şamilovun şikayətindən sonra onu MTN-ə çağırıblar: “MTN-ə getdim, 120 min tələb olundu. Pulu bir təhər tapıb verdim. Oranın əməkdaşı Ayaz mənə dedi ki, həmin pulun 10 min dolları Marikə çatıb. Bununla bağlı MTN əməkdaşlarının da ifadələrində var”.

Təqsirləndirilən polkovnik Azər Mehdiyev bildirib ki, həmin ərəfədə “Atletlər kəndi”ndə keçirilən tədbirlə bağlı qurulan əməliyyat qrupunun üzvü olub: “Bu dediyi vaxtlarda mən işə gəlmirdim. “Atletlər kəndi”ndə olurdum. İyulun 2-də işə çıxdım. Mənə qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Həmin gün Maqsuda zəng etmədim. Buna görə mənə dedilər ki, niyə zəng etməmisən? Günün ikinci yarısında Maqsuda zəng elədim və MTN-ə çağırdım. Onun izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılması üçün nazirin imzası olub. Buna görə də mən də rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var. Onları burada açıqlamaq istəmirəm. Bununla bağlı qapalı iclasda geniş danışacam”.

Elçin Quliyev bildirib ki, bu işlə bağlı intihar etmiş İlqar Əliyevin ifadələrinə görə burdadır: “İlqarın ifadələrini mənə təqdim etməyiblər. Dedilər ki, dövlət sirri təşkil edir. Eyni zamanda Ayaz Gərayzadə və Ramin Hümmətov da ifadə veriblər. Sonradan bu şəxslər yoxa çıxıb. Bu məsələ ilə bağlı qapalı iclasda geniş danışacağam. Mən çox şeylər danışacağam. Danışandan sonra görəcəksiz ki, necə əməliyyatçı olmuşam. MTN-də baş verən olaylardan sonra iki ay işimdə qalmışam, sonra başqa işdə işləmişəm. Uzun illər xüsusi xidmət orqanında çalışmışam. İşimdə cinayət əməli hiss etsəydim, o birilər kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanı olan  ikinci bir şəxs olmayıb. Elə qaçardım ki, izimi-tozumu da tapa bilməzdilər”.

Maqsud Mahmudov Elçin Quliyevin ifadəsinə replika ilə cavab verib: “Məni MTN-ə apardın, deyirdiniz ki, dövlətə xəyanət eləmisən, bəs məni niyə həbs edə bilmədiniz?”.

Elçin Quliyev isə zərərçəkənə cavabında deyib ki, hər MTN-ə gətiriləni həbs etmirdilər: “Araşdırma aparılırdı. Sən özün də yaxşı bilirsən ki, hansı səbəbdən MTN-ə çağırılmışdın. Ukrayna hadisələrinə görə MTN-ə çağırılıb dindirilmisən”.

Prosesdə Maqsud Mahmudovla Elçin Quliyev mübahisə ediblər. Mübahisəni sakitləşdirən hakim onlara xəbərdarlıq edib.

Daha sonra prosesdə qapalı hissə keçirilib.

Gununsesi.info