Fuad Ələsgərovun prezident köməkçisi təyinatı təqdirəlayiqdir - HÜQUQ MÜDAFİƏÇİLƏRİ

  • By admin
  • 02 İyun 2017 13:02

fuad...

Ölkə başçısı İlham Əliyev iyunun 1-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilməsi barədə bir sıra mühüm sərəncamlar imzalayıb. Həmçinin dövlət başçısı özünə yeni köməkçilər də təyin edib.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da yeni təyinat üzrə vəzifə alanlar arasındadır.

Belə ki, o, prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsinə təyin olunub.

Ölkənin hüquq müdafiəçiləri hesab edirlər ki, Fuad Ələsgərovun prezidentin köməkçisi vəzifəsinə təyin olunması onların işində səmərəli fəaliyyət göstərmələrinə birbaşa kömək göstərəcək.

Novella Cəfəroğlu: “Fuad Ələsgərovun prezidentin köməkçisi təyin edilməsi hüquq müdafiəçiləri üçün ürəkaçan xəbərdir” 

novella-ceferoglu

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, Prezident Administrasiyanın yeni strukturu ölkə başçısı İlham Əliyevin müəyyən etdiyi islahatlar kursunu uğurla reallaşdırmaq və qarşıya qoyulan vəzifələri daha effektiv şəkildə icra etmək üçün səmərəli mexanizm kimi özünü təsdiq edəcək:

“Bu, çox gözəl təyinatdır. Həmçinin Fuad Ələsgərovun prezidentin köməkçisi təyin edilməsi hüquq müdafiəçiləri üçün ürəkaçan xəbərdir. Fuad Ələsgərovla illərdir əməkdaşlıq edirik. Ölkədə baş verən ictimai-siyasi hadisələr zamanı, eləcə də əfv məsələləri, hüquq müdafiəsi sahəsində etdiyimiz müraciətlər və xahişlərə o, hər zaman müsbət münasibət göstərib. Prezidentin bu təyinatını təqdirəlayiq hesab edirəm. Düşünürəm ki, hüquq müdafiəçilərinin prezidentlə birbaşa təmas qurmasında Fuad Ələsgərovun rolu indi daha böyük olacaq”.

Pərviz Həşimli: “Hüquq-mühafizə orqanları sahəsini kurasiya edən şəxsin prezident köməkçisi olması təqdirəlayiqdir” 

 

perviz

 

“Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzi”nin rəhbəri Pərviz Həşimli hesab edir ki, Fuad Ələsgərovun prezident köməkçisi təyin olunması hər şeydən əvvəl sadə vətəndaşların maraqları baxımından uğurlu qərar oldu: “Bu gün hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində olan çatışmazlıqlar, hətta cinayət törədənlərə belə, əməllərinə adekvat olmayan cəzaların verilməsi insanların haqlı narazılığına səbəb olur. İndi Fuad Ələsgərovun birbaşa ölkə başçısına vətəndaşların hüquq və azadlıqlarının təminatı ilə bağlı problemləri çatdırmaq imkanı var. Odur ki, hesab edirəm ki, insan hüquq və azadlıqlarının təminatı baxımından hüquq-mühafizə orqanları sahəsini kurasiya edən şəxsin prezident köməkçisi olması təqdirəlayiqdir”.

Əliməmməd Nuriyev: “Bu təyinat hüquq-mühafizə orqanları və hüquq müdafiəçiləriylə iş mexanizminə çevik nəzarət imkanı verəcək” 

Elimemmed Nuriyev

Hüquq müdafiəçisi, Prezident yanında əfv komissiyasının üzvü Əliməmməd Nuriyev isə hesab edir ki, Prezident Administrasiyasının təkmilləşdirilməsi çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılması, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsi, həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə hesablanıb:

“Bütün bunlar 2016-ci il sentyabrın 26-da keçirilmiş referendumdan sonra atılan məntiqi addımlardır. Hüquq mühafizə orqanlarıyla iş şöbəsinin müdiri Fuad Ələsgərovun prezidentin köməkçisi təyin edilməsi şübhəsiz ki, həm hüquq-mühafizə orqanlarının, həm də hüquq müdafiəçilərinin fəaliyyətinin daha da gücləndirilməsinə gətirib çıxaracaq. Çünki burada birbaşa əlaqə, təmaslar daha da gücləndiriləcək. Prezidentin köməkçisi ən yüksək məqamdır. Hesab edirəm ki, bu da proseslərin daha sürətli həllinə kömək edəcək. O baxımdan hesab edirəm ki, Fuad Ələsgərovun prezidentin köməkçisi təyin edilməsi hüquq müdafiəçilərinə əlavə imkanlar yaradacaq. Çünki Fuad Ələsgərov həm də insan hüquqları üzrə birgə işçi qrupunun həmsədrlərindən biridir. Hüquq müdafiəçilərinin hər hansı narahatçılıqlarla bağlı hər zaman əlaqə saxladığı dövlət rəsmisidır. Digər tərəfdən, bu təyinat korrupsiyaya qarşı mübarizənin, açıq hökümətin təşkiliylə bağlı fəaliyyət planının icra prosesinin prioritetlərindən biri olduğunun göstəricisidir. Bu, ölkədə aparılan islahatlar istiqamətində görülən siyasi iradənin davamıdır. Fuad Ələsgərov öz sahəsinin peşəkardır. Bu təyinat hüquq-mühafizə orqanları və hüquq müdafiəçiləriylə iş mexanizminə çevik nəzarət imkanı verəcək. Eyni zamanda, idarəetmənin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaq”.

Gülnaz Qənbərli

Gununsesi.info