General Qarabag veteranını təhqir edib

  • By admin
  • 18 Fevral 2017 09:34

ramiz zeynalov

 

Dəfələrlə şahidlik etmişik ki, ölkə başçısı müşavirələrdə “Məmurlar xalqla adam kimi davranmalıdır”, “vəzifəli şəxslər xalqın ayağına getməlidir”, “Mən harınların arxasında duranları cəzalandıracam”, “xalqla kobud rəftar edən məmurlar ciddi cəzalanacaq” kimi fikirlər səsləndirib. Son günlər isə bu mənzərə daha aydın şəkildə göründü. Məsələn, Cəbrayılın icra başçısı Mahmud Quliyev vətəndaşı təhqir etdi və sübut etməyə çalışdı ki, “köpəyoğlu” sözü söyüş deyil. Yaxud, Siyəzənin icra başçısı haqlı etirazını bildirən vətəndaşları ekstremist adlandırdı, bu adamların dərdlərini dinləmək əvəzinə, onları təxribat törətməkdə ittiham etdi. Lənkəranın icra başçısı isə əhalinin etirazını “bir qrup içkili adamın səs-küy salması” kimi təqdim etdi.

Vətəndaşı təhqir edən məmurların sırasında DİN-in BDYPİ rəisi Ramiz Zeynalovun da adı var. Qarabağ Müharibəsi veteranı, məcburi köçkün və II qrup əlil Abbaslı Şamil Məhəmməd oğlu Gununsesi.info-ya müraciət edərək, Ramiz Zeybnalovun onun təhqir etdiyini deyib.

O bildirib ki, 9 saylı İmtahan-Qeydiyyat Şöbəsində üzləşdiyi qanunsuzluqla bağlı zərərçəkmiş qismində BDYPİ rəisi ilə görüşmək üçün ona zəng edib. Ramiz Zeynalov veterana saat 5 üçün idarəyə gəlməsini və onun qəbul edəcəyini bildirib. Zərərçəkmiş vətəndaş Şamil Abbaslı rəisin dediyi saatda orda olduqda rəisə zəng vurub idarədə olduğunu bildirir. BDYPİ rəisi isə Vətən uğrunda sağlamlığını fəda etmiş vətəndaşa “Rədd ol burdan səni qəbul etmirəm” deyi  təhqir edərək Cənab Prezidentin tapşırığına məhəl qoymadığını sübuta yetirmiş olub. Gördüyü təhqiramiz münasibətdən mənəvi sarsıntı keçirən Qarabağ əlili ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabil ağır olaraq qalır. Niyə, bu adamlar ölkə başçısının hədələrindən qorxmurlar, niyə vətəndaşla lazımsız əşya kimi davranırlar, niyə bu harın məmurlar məsuliyyət hissini itiriblər?Axı, bunlara bu ixtiyarı kim verib? Xatırladaq ki, Ramiz Zeynalov DİN strukturlarında 1976-cı ildən – təxminən 40 il öncə işləməyə başlayıb. 1994-cü ilin avqust ayından isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Deməli, indiki vəzifəsində də 23 ildir oturub. Bu 23 ildə dünya xəritəsi bir neçə dəfə dəyişsə də, R.Zeynalov nə özü, nə vəzifəsi, nə də iş üslubu dəyişməyib. Onun rəhbərlik etdiyi qurumun necə çalışdığını oxucuya ayrıca izah etməyə lüzum görmürük. Görünən dağa bələdçi lazım deyil.

Vətəndaşın iddiası ilə bağlı BDYP_inin də mövqeyini işıqlandırmağa hazırıq.