XƏBƏR LENTİ

18 Fevral 2018
17 Fevral 2018

09 Fevral 2018 - 15:46

Göbək ciyəsi- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

 

7 aylıq döl və göbəyi səhnədə kəsilən ZƏRnigar xanım

 

Göbək sözü insanla birlikdə doğulub. Çünki bəni adəmi, lap ən başında embrion, sonra döl adlanan məxluqu cift vasitəsilə ana orqanizmlə birləşdirən üzvün adı göbəkdir, daha doğrusu göbək ciyəsi. Uzunluğu 50-70 smdir. Maraqlı funksiyası var. Məsələn, ciftdən başlanğıcını götürən göbək venası oksigen və qidalı maddələrlə zəngin qanı dölə daşıyır. Əsas funksiyası isə qaraciyəri qanla təchiz etməkdir. 

Amma Bərdənin İmirli kəndində bir ciyərsiz ana 7 aylıq dölü göbək ciyəsi və cift ilə birlikdə yol kənarına atıb. O qədər dəhşətli mənzərədir ki, sözlə ifadə etmək mümkün deyil. Faktı aşkar edənlər körpəni xəstəxanaya çatdırsalar da iş işdən keçmiş olub. Həkimlər deyiblər ki, artıq gecdir, körpə ölüb. Ananın kimliyi, nəçiliyi, hansı yuvanın quşu, hansı gö..bəkatan olduğu isə araşdırılır. Tapılsa, boğazına həmin göbək ciyəsini keçirmək lazımdır ki, sabah bu göbək ciyəsini belinə bağlayıb qırmızı-qırmızı ərə gedə bilməsin, bala qatili olduğu halda təkrar övlad sevinci yaşamasın. Amma əminəm ki, bu qadın tapılmayacaq, çünki milli-mənəvi dəyərlər, mentalitet düşgünlüyümüz, abır-həya kimi nəsnələr onu tapılmağa qoymayacaq. Ata-anası, qardaşı, yeddi arxa dönəni dəridən-qabıqdan, gordan çıxacaq ki, bircə bu faktın üstü açılmasın, bircə bu rüsvayçılıqdan el-oba xəbər tutmasın. Əks halda, körpənin göbəyini elə evdə kəsərdilər də.

Göbəyi səhnədə kəsilən bir xanım-xatın aktrisamız da eynən bu körpə kimi kimsəsiz dünyadan köçüb getdi. Xalq artisti Zərnigar Ağakişiyeva. 72 yaşlı usta sənət adamı evində, tək-tənha ölüb və onun bağlı qapılar arxasındakı meyidini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları aşkar ediblər. Təzaddır, deyilmi? Bir qadın övladına sahib çıxmır, onu doğub atır, bir qadın isə bütün ömrü boyu övlad həsrəti ilə qovrulur, ana ola bilməməyin peşmançılığını yaşayır və ən sonunda dörd divar arasında canını tapşırır.

Azərbaycanda aktyor olmaq ən çətin işdir. Xüsusilə qadınlar üçün. Korifey sənətçilərimizdən üzü bu yana onlarla ad çəkmək olar ki, heç biri xoşbəxt olmayıb. Hamısı da millimənəvi dəyərlərin, mentalitetin badına gediblər. Çoxluq düşünüb ki, əgər qadın aktrisadırsa, deməli ondan arvad olmaz, o ən yaxşı halda sevgili, məşuqə ola bilər. Əlbəttə, bir-iki istisna da olub, yəni ailə həyatı quran, oğul-uşaq sahibi olan aktrisalarımız da var, amma Zərnigar xanımın taleyini bölüşənlərin sayı daha çoxdur. Zərnigar Ağakişiyeva 13 il bir adamla yaşayıb, sonra ayrılıb. Safura İbrahimova onun kimi, Zenfira Nərimanova onun kimi, Firəngiz Mütəllimova onun kimi. Bu siyahını uzatdıqca uzatmaq olar. Amma nə mənası? Bu qadınlar hamısı sonsuzdur, bu qadınlar hamısı tənhadır və bu qadınların hərəsi bir cür bədbəxtdir. 

Üç-dörd il əvvəl Firəngiz Mütəllimova ilə müsahibə eləmişdim -evə gəlib qaranlıq mənzilimin işığını özüm yandıranda elə hisslər keçirirəm ki –deyib için-için ağlamışdı. Onda düşünmüşdüm ki, təəssüf, bu xanım Monika Belluçi ola bilmədi, amma xoşbəxt ki ola bilərdi?! Səhnə bu xanımlara Belluçi, Demi Mur məşhurluğu vermədi. Cəhənnəm heç olmasa pul verəydi, heç olmasa bir qadının layiq olduğu xoşbəxtliyi verəydi. Axı onlar xoşbəxtliyin məhz səhnədə olduğunu düşünmüş, ona görə səhnəyə gəlmişdilər. O səhnə ki, həmişə parıltını, gur işıqları sevir. İşıqlar söndükcə parıltı gedir, səhnə qaranlıqlaşır və tamaşaçılar dərhal durub zalı tərk edirlər. Aktyorların həyatı da eynən buna bənzəyir. Onların parıltısı azaldıqca,onlar tərk edildiklərinin fərqinə varınca yaşamaq onlara çətin olur. Safura İbrahimova uzun illər məhz bu səbəbdən özünə qapandı, Zərnigar Ağakişiyevanın ürəyi əminəm ki, bu səbəbdən ona xəyanət elədi…

Gözəl aktrisa idi. Çox heyf ki, kökdən düşdü. Amma o körpə var ha, 7 aylıq döl, onun heç göbəyi də düşməmişdi.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info