Goranboyun 3 yaşayış məntəqəsinə içməli su verilib - FOTOLAR

  • By admin
  • 15 Dekabr 2017 16:40

Goranboyun 3 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

“Azərsu” ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Goranboy rayonunun Veyisli kəndində açılış mərasimi keçirilib.

Qurumun sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində indiyə qədər 47 şəhər və rayon mərkəzində, eləcə də 300-dən artıq kənddə layihələrin icra edildiyini, insanların keyfiyyətli və dayanıqlı su ilə təmin olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Goranboy rayonunda icra olunan layihə Veyisli və Abbasqulular kəndlərini, həmçinin Veyisli məcburi köçkün qəsəbəsini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Murovdağ-Goranboy magistral su xətti seçilib. Magistral kəmərdən Abbasqulular və Veyisli kəndlərinə, həmçinin Veyisli məcburi köçkün şəhərciyinə su xətləri çəkilib. Rayonun Veyisli və Abbasqulular kəndlərində 8,6 km uzunluğunda kənddaxili su xətləri çəkilib və ümumi istifadə üçün 13 ədəd bulaq quraşdırılıb.

Veyisli məcburi köçkün qəsəbəsində isə hər bir fərdi yaşayış evi içməli su ilə təmin olunub. Belə ki, qəsəbədə yaradılmış paylayıcı şəbəkə vasitəsilə 600 ünvana birləşmə verilərək abonentlər sayğacla təmin olunublar. Bununla yanaşı, kəndin yaxınlığında heyvandarlıqla məşğul olan əhali üçün əlavə layihə işlənib, 7 bulaq qoyularaq suyun verilməsi təmin edilib.

Goranboy rayonunda icra olunan layihə çərçivəsində 3 yaşayış məntəqəsində 5 minə yaxın yerli sakin və məcburi köçkünün içməli su problemi həll edilib. Ümumilikdə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 270 mindən artıq sakin faydalanır.

Gununsesi.info