Günəşə salam verən anam - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 01 Noyabr 2017 16:16

Yayda atam evindəydim. Birmənalı olaraq məzuniyyətimi doğulduğum kənddə keçirirəm. Orda aldığım mənəvi zövqü, rahatlığı heç yerdə tapmıram. Cənnətin ta özüdür kəndimiz. Tər- təmiz havası, mas-mavi göyüzü, göz yaşı kimi dupduru suyu və dupduru insanları ilə. O dupduru  insanlardan biri də mənim anamdır. Atamın bizə əmanəti anam. Hər gün səhər yuxudan duranda anamı ya “Çərəkə”, ya da “Ayətül-kürsü” oxuyan  görərdim. Fikri dağılmasın deyə bəzən yanından sivişib keçər, “sabahın xeyir” i  az sonra ətrafına yığışdığımız səhər süfrəsinə saxlayardım. Hansı ki, o süfrə ətrafında  həm də anamın səhər hesabatını dinləmək kimi  xoş bir məcburiyyət də vardı. Anam sanki bu hesabatı mütləq verməliymiş kimi hər səhər təkrarlayardı. Və o hesabatın ilk cümləsi də hər gün belə başlayardı. Səhər 7-dən ayaqüstəyəm. Düşdüm həyətə, darvazanı açdım, Günəşə salam verdim, sonra …..”

Sonra o qədər şeylər sadalayardı ki anam. Amma mən bu zəngin “səhər qrafikinin”  içində  türklər demiş, bir şeyə takılıb qalardım, Günəşə verilən salama. Açığı, bunu ilk dəfə anamdan eşitmişdim. Hətta mahiyyətinə varmamış kimi,  təəccüb qarışıq gülmüşdüm də. Anam isə:” Niyə gülürsən ay bala? O qədər lazımsız adamlara salam veririk ki? Lap lazımlı adam olsun. Lap alim olsun, dahi olsun. Heç bir halıyla  insanlar Günəşin bir zərrəciyi deyillər.“ Bu mənim anamın –sadə kənd qadınının dəmir məntiqiydi .

Bu məntiqin davamını  bu günlərdə facebookda  çox gözəl tərcüməçimiz Nadir Qocabəylinin bir paylaşımında oxudum. O yazırdı:”  Bir gün Günəş oradan bizə barmaq silkələyib desə ki, hamınız diz çökün və dua edin, yoxsa işığımı azaldıb sizi donduraram, ya da artırıb yandıraram, hamımız yerlə bir olarıq. Ancaq o bunu etmir deyə, yada belə salmırıq.

İnsan ancaq qorxuları qarşısında diz çökür..”

Elədir və  bu gözəlim həqiqəti dərk etmək üçün tarixi-Nadiri oxumaq lazım deyil, heç Nadir müəllimin statusunu da, heç mənim anamın kənd fəlsəfəsini də. Bəli, biz qorxularımız qarşısında acizik. Hərə bir şeydən qorxur. Məsələn, mən Allahdan qorxuram. Oğlum riyaziyyatdan qorxur, qızım evdə tək qalmaqdan. Yəqin sizin də qorxduğunuz bir şeylər var. Kimi valideynindən, kimi ictimai qınaqdan, kimi cadudan, kimi həkimdən, kimi işini itirməkdən, kimi dişini itirməkdən, kimi həbsə düşməkdən, kimi həbsdən qaçmaqdan.  Götürək elə son günlərin ən çox diqqət mərkəzində olan Fədayə Laçın məsələsini.  Fədayənin sevgilisi “ Qoca” ləqəbli Etibar Məmmədov  bir də həbsxanaya düşməkdən qorxmasaydı,  qaçırıldığı maşının baqajında gizlənməzdi. Fədayə  “Qoca”nı itirməkdən qorxmasaydı, özünü  belə fəda etməz, həyatını belə təhlükəyə atmazdı.  Cinayətkar aşiqlə onun məşuqəsini görüşdürən həbsxana nəzarətçilərinin ən böyük qorxusuisə kasıbçılıqdandır. Əks halda  onlar da özlərini rüşvətə və deməli həm də cinayətə bulaşdırmazdılar. Amma bu yazını yaza-yaza pisliyə bulaşanlar haqqında da informasiyaları təqib etməkdəyəm.  Və düşünürəm ki, belələrinin  heç nədən qorxusu yoxdur. Heç Allahdan da. Məsələn, Xaçmazın Arzu kəndində arzuolunmayan bir hadisə  baş verib. Məktəbin 62 yaşlı direktoru 12 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. İndi kənd sakinləri yığışıb direktorun vəzifədən çıxarılmasını tələb edirlər. Deməli, etiiraz edənlərin də öz qorxuları var. Onlar da əxlaqsızlığın vüsət almasından,  sabah eyni aqibətlə öz balalarının da qarşılaşa biləcəyindən narahatdılar. Anam bu xəbəri oxusa əminəm ki belə deyəcək. “Allah göydən daş yağdırmasa yaxşıdır. “ Ona görə o hər səhər yerindən qalxan kimi əlinə Allahın kitablarını alır, Günəşə salam verir .

Hərdən siz də Günəşə salam verin, adamlar! Qəzəbinə gəlməyəsiz deyə demirəm, istilik alasınız deyə deyirəm.

 

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info