VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

19 Oktyabr 2017

11 Oktyabr 2017 - 18:24

Həmişə zirvədə, qizlar! Amma özünüzü atmaq üçün yox, ucalmaq üçün!- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

leman

Bilsəydim ki, bu gün Qızlar Günüdür, dünən qızımın xətrinə dəyməzdim. Mən onun xətrinə demək olar ki, dəymirəm. O mənim su zanbağımdır. Tər gülümdür, birimdir, bircəmdir. Amma dünən onu möhkəmcə danladım. Hətta o cücə barmaqlarını yavaşca sıxdım belə. O barmaqları ki, neçə dəfə qatlayıb açdı, üçün üstünə dörd, beşin üstünə ikini gələ bilmədi. Az sonra mən onun səsini yataq otağından eşitdim. Astadan ağlaya-ağlaya qardaşına şikayət edirdi. ”Mən anamı çox istəyirəm. O məni niyə danladı, barmaqlarımı niyə ağrıtdı? Axı mən hələ balacayam. Qoy atam gəlsin, deyəcəm ona”.

Ürəyim dözmədi. Qızımı səslədim, gəl ananın yanına dedim. Kəpənək kimi uçdu yanıma. İyini ciyərlərimə çəkdim, üz-gözünü öpüşlərə qərq elədim, az əvvəl incitdiyim barmaqlarını bir-bir öpüb gözümün üstünə qoydum. Riyaziyyatı da, onu icad edəni də qatdım bir-birinə. Ən çox da qızımla aramızı vurduğu üçün Təhsil Nazirliyini-onun dərslik siyasətinə cavabdehləri “yad elədim”.

Təsəvvür edin, birinci sinif şagirdinə- hələ cəmi üç hərf keçməyə imkan tapan azyaşlıya paralel olaraq sait və samitləri öyrədirlər. Üstəgəl uşaq samitin kar və cingiltili olduğunu da deməlidir. Uşaq isə hələ samitləri keçməyə başlamayıb. Əlifbadan cəmi üç hərf keçiblər. A, O və İ-ni. Samitlə tanışlığı olmayan şagirdin cingiltilini kardan ayırmasını yalnız bizim “kar-kor, kürkü yırtıq” təhsil sistemimiz düşünüb tapa bilər. Nəticə də əlbəttə kor bir nəsilin yetişməsinə hesablanıb. Mən isə qızımı kor böyütmək istəmirəm. Mən bütün qızlarımızı təhsilli, ziyalı, ayağı üstdə durmağı bacaran, işgüzar, savadlı biri kimi görmək istəyirəm.

Bəli, qızımla barışdıq. Dünya isə görünür Beynəlxalq Qızlar Günü ilə barışmalı olacaq. Hər halda artıq bir neçə ildir bütün dünyada 11 oktyabr Qızlar günü kimi qeyd edilir. Təşəbbüs BMT Baş Assambleyasından gəlib və məqsəd də diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Olsun. Şəxsən məndən olsa, qoy ilin bütün 365 günü qızların olsun. Çünki dünya qızlarla gözəldir. Təəssüf ki, bəzən nə qızlar bunun fərqində olur, nə oğlanlar, nə hər ikisini böyüdən biz valideynlər. Qızların dünyanın diqqətini özünə çəkdiyi bu gündə mənim də diqqətimi Qusarda özünü qayadan atan Nuranənin faciəsi çəkdi. 17 yaşı təzəcə tamam olmuşdu. Sevdiyi oğlan varmış. Amma valideynləri başqasına ərə vermək istəyirmişlər. Gənc Nuranə evdən qaçıb və yaxınlıqdakı qayadan özünü atıb. Bu gün şübhəsiz ki, onun ailəsində Qızlar günü deyil. Matəm Günüdür. Bu gün 17 yaşlı Nuranənin valideynlərinin ürəyinə dağ çəkdiyi gündür. Çünki onlar onun məhəbbətinin qarşısında dağ kimi, qaya kimi sərt dayandılar. Hesab elədilər ki, o bu dağı aşa bilməyəcək. Amma 17 yaşlı gənc qız gör nə boyda dağı aşdı?! Vaqifin Xuramanı kimi. Niyə? Bayırda 19-cu əsrdirmi? Nuranələrə niyə xuramanların taleyini yaşatmalıyıq? Niyə onların seçiminə hörmət etməməliyik? Niyə iki sevgili arasında dağ kimi, uçurum kimi dayanmalıyıq? Axı niyə? Məncə bu aqibət hamımızı düşündürməli, hamımızı qorxutmalıdır. Bütün qız analarını, qız atalarını düşünməyə dəvət eləməlidir.

Əminəm ki, bütün valideynlər qızlarını zirvədə, dağ başında görmək istəyir! Yetər ki, onlar bu zirvəyə özlərini atmaq üçün qalxmasınlar! Mən bu gün qızımı möhkəm-möhkəm sinəmə sıxacam. Siz də sıxın.

Həyat onları sıxanda heç olmasa təsəlliləri biz olaq

 

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info




loading...
Loading...