Həbsxana dəhşətləri - DÖVLƏT DEPARTAMENTİNİN HESABATINA SÖZARDI (PƏRVİZ HƏŞİMLİ YAZIR)

  • By admin
  • 08 Mart 2017 17:17

perviz

 

Birləşmiş Ştatların Dövlət Departamenti dünyada insan hüquqlarına dair ənənəvi hesabatını açıqladı. Gözlənilən və təəccüb doğurmayacaq bir sənəd idi. Ancaq bu hesabatda diqqəti cəlb edən bir məqam qabarıq görünürdü. Bu, həbs edilən insanlara qarşı verilən işgəncələr barəsində idi. Hətta bu sənədin yayılmasından sonra bir sıra xarici KİV-lərdə Azərbaycanda “butulka işgəncələri” ifadəsi də səsləndi. Etiraf etmək lazımdır ki, Azərbaycanda insan hüquq və əsas azadlıqlarına təminat verən qanunvericilik aktları var. Bununla yanaşı həm də ölkənin qoşulduğu bir sıra konvensiyalar var.

Azərbaycan İşgəncələrə və qeyri –insani rəftara qarşı konvensiyanı ratifkasiya edib.

Amma reallıq fərqlidir.

Eldar Mahmudovun nazir olduğu dönəmdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi işgəncələr üçün hazırlanmış otağı da  olub. Qəssabxanalarda dananı kəsəndən sonra asmaq üçün olan zəncirli qurğunu məhz bu dağılmışda gördüm. Yeri gəlmişəkən, DTX-nın bu otağı saxlayıb-saxlamaması barədə məlumat yoxdur.

İllərdir ki, DİN-in “Bandotdel” adlandırılan idarəsində işgəncələr öz  dəhşətiylə davam edir. Bu gün onlarla, yüzlərlə insan var ki, bu qurumlarda verilən işgəncələr nəticəsində əlilə çevrilib. Belələrini həbsxana həyatı yaşamış insan kimi görmüşəm, dinləmişəm. Ümumiyyətlə, heç bir hüquqi məntiqə sığmır ki, istintaq aparan orqanın özünün istintaq təcridxanası var.

İnsanlardan ifadə almaq üçün işgəncələr ən uyğun yoldur. Həbsxanalar, cəzaçəkmə müəssisələrində isə vəziyyət daha acınacaqlıdır. Hökumət Kürdəxanıda inşa olunan təcrdixananı ölkəyə gələn xarici təşkilatlara penitensiar sahədəki uğuru kimi göstərir. Amma sevindirici hal oldu ki, istər Avropa Şurasının, istərsə də Avropa Birliyinin təmsilçiləri siyasi məhbuslara baş çəkmək üçün Qaradağın daş karxanalarının arasındakı müəssisələri də görüblər.

 Bir neçə kəlmə saxlandığım 13 saylı cəzaçəkmə müəssisəsi barəsində…

perviz

Sovetlər dönəmindən inşa olunan bu müəssisə daş karxanalarının arasında yerləşir. Orada qızmar yayın bürküsü, daş karxanalarından çıxan tozun fırtınası dəhşətdir. Hələ bu müəssisə barəsində mənə Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin (İndi həbsdədir-müəllif) rəisi, general Elçin Quliyev xəbardarlıq etmişdi.

İstintaq dövründə “Səni daş karxanasının tozunda bogub, yayın istisində yandıracam”   sözlərini heç unutmadım. Doğrudan da dəhşətli idi.

Təxminən 500 nəfər üçün nəzərdə tutulan bu müəssisədə 1200-1300 məhbus saxlanır. 500 məhkumun  saxlandığı bir korpusda isə cəmi 4 ayaqyolu var. Ayaqyolu növbəsini, oradakı mübahisələri təsəvvür etmək özü bir işgəncədir. 1200 məhkumun saxlandığı bu müəssisənin tibb məntəqəsində cəmi 6 palata var.

Rəislərin qazanc yeri olan 3 böyük çayxana isə işləkdir və buradan böyük pullar toplanır. Təəssüf ki, 1200 məhkumun olduğu bu müəssisənin kitabxanasında cəmi 11 nəfər mütailə edə bilər.

Xəstəliklərə gəlincə, Hepatit və digər yolxucu xəstəliklər surətlə yayılır.  Təkcə, 13 saylı müəssisədə 300-dən yuxarı  Hepatit xəstəsi vardı ki, onların 50-60 nəfəri buna həmin müssisədə yoluxmuşdu. Ərzaq təminatı  barəsində danışmaq isə  daha dəhşətlidir:

RƏSMƏN ACLIQDIR.

veli

Və sonda. İnsanlara həbsxanada işgəncə yaşadanlar düşünməlidir. Bir gün özləri bunu yaşaya bilərlər. Necə ki, Naxçıvanın həbsdə olan MTN rəhbərinin işgəncədən danışarkən gözündən axan yaşı unutmadıq.

P.S. Bu gün AzTV-dəki həmkarım Əfsanə Mehdiyeva “Xəbərlər”də “Amnesty İnternational”ın Ermənistanda insan hüquqlarını tənqid edən bəyanatını oxuyurdu. Bu o,  təşkilatdır ki, Azərbaycanda insan hüquqlarından danışanda YAP-çılar onu ermənipərəstlikdə ittiham edir.

dd

 

Pərviz Həşimli

Keçmiş vicdan məhbusu