Həsən bəy Zərdabiyə məktub - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 28 Noyabr 2017 16:30

Ey Həsən bəy, müəllimi dana

Ey edən əhli aləmi ehya….

Salamlar olsun sənə, ey maarif və ürfanmızın, hissi-milliyyəmizin taxtı, sərkərdəsi, ey əbüülmühərrir!

Salamdan sonra bizimlə maraqlanmaq istəsən, sağ və salamatıq. Havalarımız da noyabr ayına xarakterik keçir. Bu gün-xüsusilə qar havasıdır. 110 il qabaq-sənin bu milləti tərk etdiyin gün necə idisə, eynən elə. Soyuq, küləkli, bomboz.

Deyirsən hardan bilirəm sən öləndə dünyanın üzünün də bizdən döndüyünü? “İrşad”dan. Qəzetin 29 noyabr tarixli 121-ci sayında Əhməd bəy Ağayev sənin soyuq noyabr günündə kimsəsiz, unudulmuş, xəstə halda vəfatını cümlə Qafqaz cəmaətinə çatdırmış, noyabrın 30-u, dekabrın 1-i də sən “Kaspi”, “Füyuzat” və s. tatar və rus dilli qəzetlər üçün manşet olmuşdun.

Biz beləyik də, ustad. Qədrimizi bilsinlər deyə gərəkdir ki ölək. Sən də öldün və ölümünlə də cümlə Bakını ayağa qaldırdın. Halbuki xəstə yatdığın son bir neçə il ərzində millətin bircə nümayəndəsi qapını döyüb halını soruşmadı. Ağır sklerozdan əziyyət çəkən qocanı hətta çalışdığı doğma qəzeti belə unutdu. Bunu qələm dostun N.Bayzdrenko belə təsvir eləmişdi. “Onun qüvvəsi zəifləyir, iş qabiliyyəti azalırdı. Lakin prinsiplərinə sadiq olan qoca və xəstə Həsən bəy yenə də işə can atırdı. Ancaq daha onun işinə heç bir ehtiyac duymurdular. Həsən bəyin hər gün redaksiyaya gəlməsinə, onun məzlum, fağır görkəminə, sanki məzəmmətlə dolu sönük baxışlarına ürək ağrısı və gözyaşısız baxmaq mümkün deyildi”. 

Ölümündən bir gün qabaq da getmişdin “Kaspi”nin redaksiyasına. Kürəkənin Əlimərdan bəy Topçubaşovun redaktoru olduğu qəzetdən çox narazıydın. Gileylənirdin, deyirdin ki, heç kim gəlib mənə baş çəkmir, heç kim mənimlə maraqlanmır, bax, heç bu gün qəzet də gətirməyiblər mənə-deyirdin. Narazılığın bir də Dumaya seçilməməyindən idi. Evdə hər gün deyirdin ki, Dumanın iclasına getmək lazımdır. Həyat yoldaşın Hənifə xanım yer üzünün bəhanəsi qalmırdı gətirməsin, yalanı qalmırdı danışsın ki, bircə adının bütün bülletenlərdən silindiyindən, Dumaya deputat seçilmədiyindən xəbər tutmayasan. Sən-millətin maariflənməsi üçün ömrünü fəda edən, varını-dövlətini məktəb açmağa, uşaqlara təhsil verməyə, qəzet çıxartmağa xərcləyən kişi daha Dumada otura bilməzdin. Çünki, pulunu da xərcləmişdin, sağlamlığını da, ömrünü də. Duma ağzını açıb bircə kəlmə danışmayan axundların, hacıların ixtiyarındaydı, sən İxtiyara orda yer yoxdu.

İndi də vəziyyət belədir, Həsən bəy . İndi də ağzını açıb beşcə kəlmə danışmayan hacılar illərdir Dumanı zəbt edib. Onların hər şeyi var. Varı, pulu, dövləti, mülkləri, obyektləri-hər şeyi. Amma görək sizin kimi milli təəssübkeşlikləri varmı? Sizin kimi danışmağa ağızları, deməyə sözləri varmı? Sizin kimi tarixdə qalacaq adları, əməlləri varmı? Yoxdur.

Jurnalistikamızda da vəziyyət fərqli deyil. Burda da həcilər, həcixanımlar at oynadır. Onların da hər şeyi var. Malı, pulu, dövləti, bahalı maşınları, mülkləri, danışmağa tribunaları. Amma nə danışırlar və bu danışıqlardan xalqa, millətə bir xeyir varmı? Bax, sual budur. Mən arada bir şeyə təəssüflənirəm. Sənin adına. Onlar tez-tez sənin təmiz adını dillərinə alırlar, ruhuna and içirlər. Amma inandırım səni ki, sağ olsaydın, o qoca, imkansız, xəstə vücuduna tərəf dönüb baxmayacaqdılar da. Necə ki, müasirlərin də baxmamış və dəfnində Əhməd bəy Ağayev bunu səmimi şəkildə etiraf etmişdi. “Ağzını açıb danışanda biz ona deyirdik: Kəs səsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə bizə, biz millətə müftə qulluq etməyə sərf edirdi”.

İndi də sənin kimilərinə tənə edirlər Həsən bəy. Aktyor Rasim Balayevin dərman almağa pulu yoxdur müzakirələri açılanda biri məhz belə yazmışdı. “100 ilin aktyoru adından, şöhrətindən istifadə edə bilməyibsə və bu gün belə duruma düşübsə, deməli günahkar özüdür“.

Bəlkə də haqlıdırlar Həsən bəy? Amma əminəm ki, sən belə düşünənləri nadan adlandırardın. Əminəm ki, bir də dünyaya gəlsən canını, malını yenə də millətin maarifləndirməsinə sərf edər, hər şeyini millətə bağışlayardın. Amma bir şeydən də əminəm. Mətbuatımızn bu günkü durumunu bizə bağışlamazdın. Biz sənin qədər gözütox, mübariz, nəfsinə hakim ola bilmədik.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info