“Helsinki Komissiyasında Qarabağla bağlı dinləmələrdə hansısa ədalətli mövqeyin ortaya qoyulacağına şübhə var” - DEPUTAT 

  • By admin
  • 18 Oktyabr 2017 14:06

3ce3aec28408a8a1b730a8add5453c31

Bu gün Helsinki Komissiyasında Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçiriləcək. Dinləmələr Kristofer Smitin təşəbbüsü ilə baş tutacaq. Təcavüzkar Ermənistana qarşı beynəlxalq hüquq prinsiplərini pozduğuna görə heç bir tənqidi fikir səsləndirməyən Helsinki Komissiyası ölkəmizə qarşı əsassız iddialar irəli sürməyə çalışacaq.

Helsinki Komissiyasının son dinləmələr keçirməsinin arxasında regionda bütün mənalarda dalana dirənmiş Ermənistana cüzi olsa da, yeni imkanlar cığırı açmaq istəyi dayanır. Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası təqdim olunur və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Dinləmələrdə Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavanonun (1999-2001-ci illər), Ceyms Uorlikin (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrononun çıxış edəcəkləri vurğulanır.

Siyasi şərhçilər keçiriləcək dinləmələri Dağlıq Qarabağ münaqişəsinin həllinə pozitiv təsir göstərəcək diplomatik səy adlandırmağın mümkünsüz olduğunu, əksinə, bu dinləməni işğalçının dəstəklənməsinə yönəlmiş cəhd kimi qiymətləndirirlər. Erməni lobbisi ilə sıx ünsiyyətdə olan K.Smitin belə dinləmə təşkil etməsinin sifarişçisi olduğu göz qabağındadır və keçiriləcək dinləmələrin bir daha Azərbaycana qarşı şər-böhtan və qaralama kampaniyasına çevriləcəyi şübhə doğurmur.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib ki, bu müzakirələr ermənilərin təsir dairəsində olan Kristofer Smitin təşəbbüsü ilə təşkil edildiyindən, dinləmələrdə  Qarabağ müzakirəsi ilə bağlı hansısa ədalətli nəticənin olacağına ümid etmək olmaz: “Çünki Kristofer Simitin kim olması və hansı məqsədlərə xidmət etməsi, həmçinin onun Azərbaycana qarşı mövqeyi bizə bəllidir. Bu şəxs hər zaman Azərbaycana qarşı mövqeləri ilə tanınan şəxs olub”.

O əlavə edib ki, Kristofer Smit erməni lobbisinin nəzarətində olduğundan ondan öz məqsədləri üçün bir alət kimi istifadə olunur: “Ona görə də Smit hər yerdə ermənilərin mövqeyinin təbliğatçısı kimi çıxış edir, onların işğalçılıq siyasətini dəstəkləyir. Beynəlxalq tribunalardan Qarabağ məsələsində beynəlxalq hüquq prinsiplərə uyğun deyil, İrəvann mövqeyindən çıxış edir. O baxımdan bu gün Helsinki Komissiyasında Qarabağla bağlı təşkil olunacaq dinləmələrin yekunu olaraq hansısa ədalətli mövqeyin ortaya qoyulacağına şübhə var. Çünki orada Kristofer Smitin dəsti xətti var”.

Mürtəza

Gununsesi.info