Heydər Əliyevin anım günü ilə bağlı Ombudsman Aparatında tədbir keçirilib

  • By admin
  • 11 Dekabr 2017 17:54

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova hər il olduğu kimi, bu il də Ombudsman Aparatında Ümummilli liderimiz Heydər Əliyevin anım mərasimini təşkil edib.

Gununsesi.info-nun xəbərinə görə, Müvəkkil dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri diqqətə çatdıraraq, onun öz xalqını ən çətin vəziyyətlərdən çıxardığını, düzgün yol göstərdiyini, taleyüklü məsələlərin həllində daim müdrik məsləhətçi kimi çıxış etdiyini bildirib. O, Ulu öndərin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolunu vurğulayıb.

Qeyd olunub ki, “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini söyləyən bu fenomen şəxsiyyətin ən böyük amalı müstəqil dövlətimizin davamlı inkişafına nail olmaq idi. Ümummilli liderin respublikamızın hər bir sahəsinin, iqtisadiyyat, elm, təhsil və mədəniyyətinin inkişafına, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsi və təmininə böyük diqqət göstərdiyi vurğulanıb.

Müstəqillik, demokratiya yolu ilə irəliləyən xalqımız insan və vətəndaş hüquqlarının müdafiəsi, yeni institutların yaradılması sahəsində Heydər Əliyevin bünövrəsini qoyduğu qətiyyətli siyasətdən bəhrələnmiş, insan hüquqlarının müdafiəsində mühüm vasitə olan, Ulu öndərin banisi olduğu, 15 il ərzində müstəqil fəaliyyət göstərən Ombudsman təsisatı bunların bariz nümunəsidir.

Ölkəmizin konkret inkişaf mərhələsinə uyğun olaraq, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliyini artırmaq məqsədi ilə Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” diqqətə çatdırılmışdır. Bu proqramda nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirildiyi, həmin tarixin Azərbaycanda yeganə ölkə olaraq, dövlət başçısının Sərəncamı ilə insan hüquqları günü kimi qeyd olunduğu bildirilib.

Ombudsman bildirib ki, Ulu öndərin siyasətini ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirib. O, dünyanın bütün ölkələrinin dərin iqtisadi böhran keçirdiyi bir dövrdə, bu il ölkəmizdə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlədilməsinin 2050-ci ilə qədər uzadılması üzrə yeni Sazişin uğurla imzalanmasını, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını, habelə Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinə görə ildən-ilə dünyada öndər ölkə kimi yerinin yüksəlməsini, MDB məkanında isə birinci yerdə qərarlaşmasını xüsusilə vurğulamış, müstəqilliyi dövründə Azərbaycanda insan hüquqlarının hər zaman dayanıqlı inkişaf baxımından prioritet olduğu söylənilib.

Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Müvəkkilin regional mərkəzləri tərəfindən, həmçinin Ombudsmanın uşaq, qadın və ahılların hüquqları üzrə resurs mərkəzləri olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbində, Azərbaycan Qadın və İnkişaf Mərkəzində, habelə Ahılların Resurs Mərkəzində silsilə tədbirlərin təşkil olunduğu diqqətə çatdırılıb.

Gülnaz Qənbərli

Gununsesi.info