Hökumət Avropa Məhkəməsinin qərarlarının icrasına başlayıb - KOMPENSASİYALAR VERİLİR

  • By admin
  • 04 Sentyabr 2017 12:08

esabeli

Bir müddət əvvəl Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarları ilə təyin olunmuş kompensasiyaların verilməsində problem yaranmışdı. Qeyd edək ki, bununla bağlı ölkənin tanınmış vəkillərindən biri Əsabəli Mustafayev də vaxtaşırı müvafiq açıqlamalarla çıxış edib. Lakin əldə etdiyimiz bilgilərə görə, artıq bu prosesə start verilib.  

Belə ki, “Avropa İnsan Haqları Məhkəməsinin 2016-cı ildə Azərbaycanla bağlı verdiyi qərarlardan təxminən 40-a yaxın iş üzrə təyin edilmiş kompensasiyaların ödənilməsi prosesinə 2017-ci ilin aprelindən başlanılıb” deyən vəkil Əsabəli Mustafayev Gununsesi.info-ya açıqlamasında bildirib ki, kompensasiyaların ödənilməsi hissə-hissə həyata keçirilir:

“Aprel ayından etibarən hər ay 1500 avro ödənilirdi. İki ay əvvəl isə 2000 min avro məbləğində ödəniş həyata keçirilib. İndi isə hər ay 1500 avro ödənilir. Əslində kompensasiyaların ödənilməsi dərhal icra olunmalıdır”.

Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərarlarda qeyd edilir ki, kompensasiyaların ödənilməsi prosesinin gecikdirilməsinə görə əlavə faiz ödənilməlidir: “Hazırda biz kompensasiyaların tam şəkildə ödənilməsini gözləyirik. Kompensasiyalar tam ödənildikdən sonra faizlər məsələsi gündəmə gətirilə bilər”.

Vəkil vurğulayıb ki, Azərbaycan hökuməti kompensasiyaların ödənilməsi prosesinin gecikdirilməsinin səbəbini rəsmi olaraq açıqlamır. Amma qeyri-rəsmi olaraq vəsait çatışmazlığı göstərilir.

Qeyd edək ki, Əsabəli Mustafayev 2016-cı ildə Avropa Məhkəməsində çıxarılan qərarlar üzrə təzminatların bir neçəsi istisna olmaq şərti ilə ödənilmədiyini bildirib. Baş prokuror Zakir Qaralov isə Avropa Məhkəməsinin qərarlarının icrası ilə əlaqədar problemin olmadığını deyib.

Anar

Gununsesi.info