İdxal azalıb, ixrac artıb – STATİSTİKA KOMİTƏSİ

  • By admin
  • 25 Mart 2017 13:56

azalma-570x321

Yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 117 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 70 ölkəyə məhsul ixrac, 109 ölkədən isə idxal olunub.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar ayında xarici ticarət dövriyyəsi 1672,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1222,9 milyon dollar, idxalın dəyəri 450,0 milyon dollar təşkil edib. Nəticədə 772,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 9,5 faiz, o cümlədən ixrac 10,7 faiz, idxal isə 6,9 faiz azalıb.

Ticarət dövriyyəsinin 40,9 faizi Avropa İttifaqı ölkələrinin, 11,2 faizi MDB-yə üzv dövlətlərin, 47,9 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 25,5 faizi İtaliyaya, 13,5 faizi Tayvana (Çinin əyaləti), 7,8 faizi Türkiyəyə, 7,2 faizi Portuqaliyaya, 7,0 faizi Hindistana, 5,5 faizi Kanadaya, 4,7 faizi Fransaya, 4,5 faizi Çexiyaya, hər biri 4,4 faiz olmaqla İspaniya və Gürcüstana, 4,2 faizi Ukraynaya, 3,2 faizi Rusiyaya, qalan 8,1 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 18,6 faizi Rusiyanın, 14,3 faizi Türkiyənin, 11,7 faizi Çinin, 5,5 faizi Almaniyanın, 5,1 faizi ABŞ-ın, 4,0 faizi Birləşmiş Krallığın, hər biri 3,9 faiz olmaqla İtaliya və Ukraynanın, 3,0 faizi İranın, hər biri 2,6 faiz olmaqla Hindistan və Braziliyanın, 2,3 faizi Türkmənistanın, 22,5 faizi isə digər ölkələrin payına düşüb.

Bu ilin yanvar ayında 90,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar ayına nisbətən real ifadədə 49,5 faiz çoxdur.

Yanvar ayında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 44,7 faiz, təzə tərəvəz – 2,3 dəfə, bitki yağları – 11,9 faiz, polietilen – 13,0 faiz, pambıq lifi – 7,5 dəfə, qara metallardan borular – 19,6 faiz, bentonit gili – 3,2 dəfə artıb, şəkər ixracı – 36,2 faiz, çay – 35,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 66,9 faiz, emal olunmamış alüminium – 19,6 faiz, pambıq ipliyi isə – 37,6 faiz azalıb.

Ötən ilin eyni ayı ilə müqayisədə 2017-ci ilin yanvar ayında xam şəkər və şəkər idxalı – 35,3 faiz, buğda – 3,4 dəfə, təzə meyvə – 60,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,3 dəfə, çay – 2,8 dəfə, mal əti – 58,6 faiz, təzə tərəvəz – 25,6 faiz, quş əti və onun əlavə məhsulları – 2,7 dəfə, minik avtomobilləri – 4,7 faiz, polad prokatı – 45,3 faiz, mebel – 19,2 faiz, mineral gübrələr – 6,0 dəfə, rezin şinlər – 69,0 faiz, hesablama maşınları, blok və qurğuları – 97,5 faiz, paltaryuyan maşınlar – 60,8 faiz artıb, kartofun idxalı – 13,6 faiz, bitki yağları – 90,8 faiz, qara metallardan borular – 70,2 faiz, qara metallardan çubuqlar – 36,2 faiz, qara metallardan künclüklər -19,9 faiz, polietilen – 67,3 faiz, sement və sement klinkerləri – 88,8 faiz azalıb.

Gununsesi.info