İlham Rəhimov Putinlə görüşdə Qarabağdan danışıb - "BU ÇƏTİN BİR DÜYÜNDÜR, ONUN ÇÖZÜMÜ BİR NƏFƏRDƏN ASLI DEYİL"

  • By admin
  • 18 Yanvar 2018 18:30
Gununsesi.info hüquq professoru İlham Rəhimovun “Yeni Müsavat”a müsahibəsini təqdim edir:
Bu günlərdə hüquq professoru İlham Rəhimovun  “Ölümsüz ölüm cəzası” adlı kitabı işıq üzü görüb. Kitabda ölüm hökmünün hüquqi tərəfləri ilə yanaşı, tarixi, dini, fəlsəfi, sosioloji, psixoloji aspektləri də geniş araşdırılıb. Professorla bugünkü söhbətə də əsərin yaranma səbəbləri haqda sualla başladıq:
– Qüds məsələsini biznes ortaqlarınız Qod Nisanov və Zarax İliyevlə müzakirə etmisinizmi? Onların mövqeyi necədir?
– Biznes ortaqlarım siyasətdən uzaq insanlardırlar. Mən bəzi məqamlarda ictimai-siyasi xarakterli məsələlərə münasibət bildirirəm, onlar isə bu tip məsələlərə məsafə saxlayırlar və sırf biznesləri ilə məşğuldurlar. Bəlkə də ortaqlarıma bu məsələnin dolayısı ilə aidiyyəti var, ancaq unutmayaq ki, onlar Azərbaycanın dağ yəhudiləridir və coğrafi baxımdan bu məsələdən uzaqdadırlar.
– Son günlərin önəmli olaylarından biri də qonşu İrandakı iğtişaşlar oldu. Hadisələr region ölkələrinin də diqqətində idi. Bir sıra ölkələr sabitliyin pozulmasını pislədirlər. ABŞ-ın reaksiyası isə fərqli oldu – Birləşmiş Ştatlar etirazçılara tam dəstək verdilər. Siz Ağ Evin İrandakı hadisələrə açıq müdaxilə faktını necə qiymətləndirirsiz?
– ABŞ bir çox ölkələrdə, o sıradan, Gürcüstanda, Ukraynada daxili təlatümləri dəstəkləyib. Ancaq bu ölkələrin heç birində ABŞ İrandakı qədər açıq danışmayıb. Bu, Tramp administrasiyasının İranla bağlı mövqeyini bir daha nümayiş etdirdi.
– Necə düşünürsünüz, nədən Güney Azərbaycan etirazçılara qoşulmadı?
– Azərbaycan vilayətlərinin etirazlara qarışmaması fikri mübahisəlidir. Bir məsələni unutmayaq ki, heç bir ölkədə azlıqda olan xalq iğtişaşlara dəstək verməyə tələsmir. Yəhudiləri götürək. Bir çox ölkələrdə yəhudilər yaşayır. Ancaq siz onların hansısa ölkədə etirazlara qoşulduğunu gördünüzmü? Mümkün deyil… Ya da Azərbaycanda ruslar… 20 Yanvar olaylarına qədər ölkədə rusların sayı heç də az deyildi. Ancaq biz onları milli azadlıq hərəkatının sıralarında gördükmü? Bu kontekstdən baxanda İranda Azərbaycan vilayətlərinin gərginlik yaratmaması başadüşüləndir.
– Rusiyanın tanınmış ictimai xadimi Aleksandr Duqinin son açıqlamasına rəyinizi bilmək də maraqlı olardı. O, deyib ki, bu il Azərbaycanın 5 rayonu geri qaytarılmalıdır…
– Birincisi, mən Azərbaycan mediasının Duqini Rusiya iqtidarının ideoloqu kimi təqdim etməsini başa düşə bilmirəm. O, analitikdir, araşdırmaçıdır, maraqlı tezisləri var, öz üzərində işləyən adamdır. Duqinin araşdırmalarının bəziləri ilə tanışam, yetərincə maraqlı yanaşmalar var. Ancaq niyə sizə elə gəlir ki, onun dedikləri Kremlin mövqeyidir? Tamamilə yanlış təsəvvürdür. Kreml hansı səbəbdən öz baxışlarını cəmiyyətə Duqinin dili ilə çatdırmalıdır ki? Prezidentin müşaviri deyil, sözçüsü deyil… Beynəlxalq siyasət üzrə prezident Putinin müşavirləri var, xarici işlər naziri var… Duqinin fikirləri, fikrimcə onun şəxsi qənaətləridir.
– Bu sualı təsadüfən vermədik. “Bloomberg”in iddiasına görə, Duqin Putinlə Ərdoğanın barışmasında həlledici rol oynayıb.
– Liderlərin barışmasında kimin daha böyük rol oynaması haqqında geniş danışmayacağam. Məndə olan bilgiyə görə, vasitəçilər tamamilə fərqli insanlardır. Bu proses yetərincə uzun çəkdi. Ola bilər, Duqin Türkiyədə kiminləsə görüşüb, ya mediada hansısa fikirlər səsləndirib. Mənim də yanıma Türkiyədən gələnlər olmuşdu… Bu məsələnin dərinliklərinə enməyəcəm. Bir çox insanlar bu xeyirxah iş üçün çalışdılar. Hərə bacardığı qədər… Doğrudur, iki ölkə arasındakı münasibətlərin düzəlməsində maraqlı olan şəxslər, o sıradan Duqin bu prosesə dəstək verdilər. Ancaq onun missiyası, məncə, bundan o yana getməyib.
– Suriya məsələsindəki fikir ayrılıqlarına baxmayaraq, Rusiya-Türkiyə münasibətlərinin durumunu necə qiymətləndirirsiniz?
– Ümumi götürsək, normal.  Amma aydındır ki, bu iki ölkənin münasibətləri Putin hakimiyyətə gələndən sonra normallaşmağa başlayıb. Bu isə o qədər də uzaq tarix deyil. Ancaq qısa zamana baxmayaraq Rusiya-Türkiyə münasibətlərində ciddi yaxınlaşma olduğunu demək mümkündür. Bütövlükdə, beynəlxalq məkanda hər iki ölkənin durumu aşağı-yuxarı eynidir. Dünya birliyi həm Türkiyəyə, həm Rusiyaya müxtəlif məsələlərə görə basqı göstərir. Ona görə də bu yaxınlaşma hər iki ölkənin maraqlarına cavab verir. Bu səbəbdən Türkiyə və Rusiya liderləri qarşılıqlı münasibətlərdə çox ehtiyatla davranırlar. Hətta heç də sadə məsələ olmayan böyükelçinin qətlə yetirilməsi də bir çox ölkələrin gözlədiyi kimi münasibətləri qırılma nöqtəsinə gətirə bilmədi. Alqışlanası məsələdir.
– Bu il həm Azərbaycanda, həm Ermənistanda, həm də Rusiyada prezident seçkisi keçiriləcək. Bu proseslər fonunda 2018-ci il Qarabağ danışıqlarından gözləntiləriniz nədir? Dəyişikliklər mümkündürmü?
– Heç bir gözləntim yoxdur. Düşünmürəm ki, seçkilərin bu məsələyə təsiri olacaq. İndiki nə hərb, nə sülh durumu davam edəcək. Sizə elə gəlir ki, seçkilərdə nələrsə dəyişəcək?
– Mümkün deyilmi?
– Ermənistanda hakimiyyətə Sərkisyan yox, “Petrosyan” gəlsin, məgər onlar mövqe dəyişəcək? Qarabağ məsələsi yalnız ölkələri idarə edən şəxslərin iradəsi ilə çözüləcək problem deyil. İndi Qarabağın işğaldan azad edilməsi üçün nə münasib şərait, nə şərtlər var. Lakin bu o demək deyil ki, biz oturub gözləməliyik və məsələnin həllinə çalışmamalıyıq.
“Moskva meri layihəmizi çox bəyənib. Ticarət Mərkəzindən başqa, olimpiya standartlarına cavab verən hovuz, 7 min nəfərlik konsert zalı, buz meydançası, Aqua Park olacaq. Fevralın sonu, martın əvvəllərində daha bir açılışımız olacaq – nəhəng meyvə-tərəvəz topdansatış mərkəzini istifadəyə verməyə hazırlaşırıq”
 
– Professor, doğum gününüz yaxınlaşır, təbrik edirik, işlərinizdə böyük uğurlar arzulayırıq. Siz ad günlərinizi necə qeyd edirsiniz?
– Sıradan bir gün kimi. Səhər idmanı, yüngül səhər yeməyi. İdman mənimçün günlük yaşamın çox önəmli bir hissəsidir. Ardınca bir neçə saatımı elmə sərf edirəm. Əgər hansısa görüşlərim varsa, ofisə gəlirəm. Axşam da evdə oluram. Bəziləri zəng vurub təbrik edir. Kimlərsə canlı təbrik etmək istədiyini deyirsə, qapım açıqdır… gəlirlər. Ancaq mərasim təşkil etmək, kimlərisə dəvət etmək… heç zaman bunları etməmişəm.
– Ötən illərdə özünüz üçün hansı həyat fəlsəfəsini hazırlamısınız?
– Hər hansı həyat fəlsəfəsinin yaranması üçün insan bəlli bir müddət yaşamalı, təcrübə qazanmalıdır. Ancaq bu da əsas deyil. İnsan uzun yaşaya bilər, ancaq düşünən, təhlil qabiliyyəti olan insan olmadığı üçün heç bir fəlsəfəni dərk edə, yenisini yarada bilməz. Demək, əsas düşünməkdir. Düşünən insan hər zaman yaradılış, həyatın mənası, xeyir və şər, öz missiyası üzərində düşünür, özü ilə mübahisə edir, dialoqa girir, yanlışlar üzərində təhlillər aparır. Gəncliyimdə elə hərəkətlərim olub, indi düşünürəm, bu hərəkətlər bəzən həyatim üçün təhlükə də daşıyıb. Gənclikdə insan atacağı addım haqqında o qədər də dərin düşünə bilmir. Gəncliyin enerjisi buna mane olur. İnsan sanki hərəkət edir, sonra onun analizi ilə məşğul olur. Zaman daha ehtiyatlı davranmağı öyrədir. Səbir və ehtiyatlılıq – düşünürəm ki, bu iki anlayış insanı çətinliklərdən, uğursuzluqlardan qoruyur. Həyat elə gətirdi ki, ilk gəncliyimdən özümü təsdiq etməyə məcbur oldum. Mən dərk edirdim ki, qarşıma konkret məqsədlər qoyub onlara doğru getməliyəm. Tələbə olanda da, iş həyatımda da belə oldu. Mən Peterburqa gedəndə 17 yaşım vardı və orada heç kimi tanımırdım. Başa düşürdüm ki, mənim bu şəhərdə qalmaq və yüksəlmək üçün bir yolum var – oxumaq. İş həyatımda da heç zaman rəislərimə “baş üstə” demədim. Ümumiyyətlə, bu sözü sevmirəm. Buna görə dəfələrlə rəhbərliklərlə problemlər yaşamışam, ancaq xarakterimi dəyişməmişəm. İndi də işçilərimlə demokratik davranıram, istəmirəm ki, onlar da mənə “baş üstə” desinlər. İnsanların içərisindəki potensialı üzə çıxarmaq, xeyir işlərə istiqamətləndirmək üçün diktə etmək yox, şərait yaratmaq lazımdır. Həyat mənə bunları öyrətdi. Mən indi dərk edirəm ki, xoşbəxtlik insanın azadlığında, asılı olmamasındadır. İndi mən azadam və heç kimdən asılı deyiləm. Xoşbəxtlik elə budur.
“Mən Peterburqa gedəndə 17 yaşım vardı və orada heç kimi tanımırdım. Başa düşürdüm ki, mənim bu şəhərdə qalmaq və yüksəlmək üçün bir yolum var – oxumaq. İş həyatımda da heç zaman rəislərimə ”baş üstə” demədim”
 
– Rusiya prezidenti Putinlə görüşürsünüzmü?
–  Belə deyək, həyat özü, dərrakəmiz bizə dost qazanmağı diktə edir. Çünki dostlar olmadan yalnızlığa çəkilib tənha qalmaq yalnız qorxu və məmnuniyyətsizlik vəd edir. Hesab edirəm ki, dostluq zamanın sınağından çıxdıqda və dostlar sizinlə bərabər əqli, mənəvi keyfiyyətlər daşıdıqda möhkəm və sarsılmaz olur. Dostluğun ən çətin sınaq dönəmi ahıl yaşda gəlir. Məncə, dostlarla çox tez-tez görüşməyə ehtiyac yoxdur. Belədə dost münasibətdən usanar və təmaslar maraqsızlaşar. Ona görə də bizim görüşlərimizin təşəbbüskarı adətən Vldimir Putin olur. O özü iş yükünün, hər zaman sıx qrafikinin arasında görüşməyə zaman ayarlayır. Sonuncu dəfə yeni il ərəfəsində görüşmüşük.
– Görüşəndə Qarabağ, Türkiyə, ABŞ mövzularını müzakirə edirsizmi?
 
“Onun Azərbaycana da, Azərbaycan liderinə də münasibəti fövqəladə yaxşıdır. Bu sözləri Vladimir Putini 48 ildir tanıyan bir insan kimi deyirəm”
– Məsələ belədir, yaxınlarda  50 il olacaq ki, biz dostuq. Ən müxtəlif mövzularda söhbətlərimiz, müzakirələrimiz olur. Necə düşünürsünüz, Putin kimi nüfuzlu bir şəxslə söhbət edib Qarabağdan danışmamaq mümkündür? Təbii, danışırıq. Ancaq ikimizin arasında olan söhbətləri ictimailəşdirə bilmərəm. Bircə onu deyə bilərəm ki, onun Azərbaycana da, Azərbaycan liderinə də münasibəti fövqəladə yaxşıdır. Bu sözləri Vladimir Putini 48 ildir tanıyan bir insan kimi deyirəm. Ancaq Qarabağ məsələsi elə bir çətin düyündür ki, onun çözümü bir nəfərdən asılı deyil. İnanın, əgər Qarabağ düyününü açmaq, şəxsən Vladimir Vladimiroviçin iradəsindən, istəyindən asılı olsaydı, o bu məsələni ədalətlə çözərdi. Çox məsələdən danışdıq, amma heç biznesdən sual vermədiniz…
– Sona saxlamışdıq…
 
“Necə düşünürsünüz, Putin kimi nüfuzlu bir şəxslə söhbət edib Qarabağdan danışmamaq mümkündür? Təbii, danışırıq. Ancaq ikimizin arasında olan söhbətləri ictimailəşdirə bilmərəm”
– Yaxşıdır işlər. Biz bu yaxınlarda Moskvadakı Olimpiya Kompleksini aldıq və həmin kompleks müasir tələblərə uyğun olaraq yenidən qurulacaq. Moskva merinin də təsdiq etdiyi layihəyə görə, bu kompleksdə Ticarət Mərkəzindən başqa olimpiya standartlarına cavab verən hovuz, 7 min nəfərlik konsert zalı, buz meydançası, Aqua Park olacaq. Moskva meri layihəmizi çox bəyənib.
Fevralın sonu, martın əvvəllərində daha bir açılışımız olacaq – nəhəng meyvə-tərəvəz topdansatış mərkəzini istifadəyə verməyə hazırlaşırıq. Bundan başqa, Moskvada Avropanın ən çağdaş və miqyaslı avtovağzal kompleksini tikirik. Buradan həm daxili, həm xarici reyslər olacaq.
Gununsesi.info