İnflyasiyanın səviyyəsini azaltmaq mümkündürmü?

  • By admin
  • 27 Sentyabr 2016 22:35

infliyasiya

 

Ekspert: “Çox təəssüf ki, hökumət yenidən problemləri kağız üzərində həll etmək istəyir”

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov ölkədəki inflyasiya səviyyəsindən narahatlığını bildirib: “Bizim başlıca məqsədimiz ikirəqəmli inflyasiyanın qarşısını almaqdır. Bu günə inflyasiya 11 faizdir”. Onun sözlərinə görə, bu ilin sonuna qədər ölkədə qiymət artımının nə qədər olacağını proqnozlaşdırmaq çətindir, amma makroiqtisadi sabitlik üçün inflyasiyanın qarşısı maksimum dərəcədə alınmalıdır: “Çox yüksək inflyasiya və devalvasiya iqtisadiyyat üçün ziyandır. Aşağı inflyasiya makroiqtisadi sabitliyin təmin edilməsi üçün zəruridir”.

Ekspertlər musavat.com-a açıqlamalarında ikirəqəmli inflyasiyanın qarşısını almağın nə dərəcədə mümkünlüyündən danışıblar.

 

Ekspert Qadir İbrahimli bildirib ki, Elman Rüstəmovun dediklərini sübut etmək üçün statistik məlumatları analiz etməyə ehtiyac yoxdur: “Bazardakı bahalaşmaya, qiymətlərin artım tendensiyasına, manatın dəyərsizləşməsinə baxanda bilinir ki, inflyasiya ikirəqəmlidir. Hökumətin inflyasiyanı təkrəqəmli etmək cəhdləri spekulyasiyadır, ictimai rəyi azdırmaqdır. Çox təəssüf ki, hökumət yenidən problemləri kağız üzərində həll etmək istəyir. Real iş görmək əvəzinə problemləri konkretləşdirir, rəqəmlərlə manipulyasiya edir, şişirdir. Əslində isə ikirəqəmli inflyasiya çoxdan, birinci devalvasiyadan sonra başlayıb. İkinci devalvasiyadan sonra proses sürətlənib. Proses daim artan xətlə gedir. Ölkədə çox ciddi köklü islahatlar aparılmasa, korrupsiyanın səviyyəsi azı 50-60 faiz azaldılmasa, bizi daha böyük inflyasiya gözləyir. Böyük bir yoxsuluq, ciddi işsizlik təhlükəsi var. İstənilən sektor üzrə rəqəmlərin analizi bunu deməyə əsas verir. Azərbaycanın artıq ixracat potensialı kifayət qədər zəifləyib. Neftin qiymətinin düşməsinin ardınca neft hasilatı da azalandan sonra proses davam edəcək. Hətta neftin dünya bazarında qiyməti artsa belə, indiki şəraitdə Azərbaycanda hasilatın azalması prosesi gedir. Yenidən əvvəlki neft pullarını görmək mümkün olmayacaq. Qeyri-neft sektoru isə rəqabət qabiliyyətli deyil. Hələ indi hökumət anlamağa başlayıb ki, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Vəziyyəti dəyişmək üçün kifayət qədər radikal addımlar atılmalıdır. İndiki status-kvo dəyişilməlidir, biznes mühiti liberallaşdırılmalıdır. Bunlar baş verməsə, Azərbaycan hətta hiperinflyasiya mərhələsinə qədəm qoya bilər. Qiymətlərin hər gün artmasının şahidi ola bilərik. Hansı ki, biz bunu 90-cı ilin əvvəlində bir dəfə yaşamışdıq. Mən deməzdim ki, indiki vəziyyət bununla tamamilə eynidir. Ancaq korrupsiya səviyyəsi, vəsaitlərin kütləvi mənimsənilməsi səngiməsə, çox təəssüf ki, Azərbaycan yaxın bir ilin içində 90-cı illərin səviyyəsinə qayıda bilər”.

 

Ekspert Elşad Məmmədov isə musavat.com-a deyib ki, indiki şəraitdə ikirəqəmli inflyasiyanın qarşısını almaq Azərbaycan iqtisadiyyatı üçün real görünmür: “Düzdür, Mərkəzi Bankın başlıca funksiyalarından biri də pul-kredit siyasəti ilə bağlıdır. Milli valyutanın məzənnəsinin daha yüksək səviyyədə olmasının təmin edilməsi ilə əlaqəlidir.

 

O cümlədən ölkənin milli valyutasının alıcılıq qabiliyyətinin yüksək səviyyədə olması, ölkədə inflyasiyanın qarşısının alınması, bunlar hamısı Mərkəzi Bankın başlıca funksiyalarına aid olan məsələlərdir. Ona görə də Mərkəzi Bankın sədrinin ikirəqəmli inflyasiyanın qarşısının alınmasının Mərkəzi Bank qarşısında prioritet kimi qəbul olunması məntiqlidir. Ancaq iqtisadi reallıqlar əksini göstərir. Hazırkı şəraitdə yaxın dövrdə ölkənin idxaldan asılılığının pik səviyyədə olması, real sektorun, milli istehsal sistemlərinin kifayət qədər inkişaf etdirilməməsi və digər makroiqtisadi amillər inflyasiyanın ikirəqəmli olmasının qarşısını almağı real etməyəcək. Bu məsələ qeyri-real görünür. Digər tərəfdən, görünür ki, son aylar ərzində Mərkəzi Bank və hökumətin maliyyə sektoru tərəfindən çox sərt pul-kredit, monetar siyasət həyata keçirilir. Bunun da yenə də başlıca səbəblərindən biri inflyasiyaya qarşı olan, inflyasiyanın artmasına mane olmaq üçün həyata keçirilən iqtisadi siyasətdir. Biz bilirik ki, Mərkəzi Bank tərəfindən uçot dərəcəsi kəskin şəkildə artırılıb. Bütün bu tədbirlər anti-inflyasion və sərt pul siyasəti ilə bağlı olan addımlardır. Ancaq bu tədbirlərin çox təəssüf ki, digər arzuolunmaz makroiqtisadi fəsadları var. Artıq özünü göstərməkdədir və gələcəkdə də göstərməsi təhlükəsi çox ciddidir. Bu cür fəsadlar ilk növbədə ölkədə işgüzar fəallığın azalması ilə bağlı, real sektorun inkişafındakı problemlərlə bağlıdır. Ölkə iqtisadiyyatında ciddi şəkildə maliyyə resurslarının çatışmazlığı ilə bağlıdır.

 

Ona görə də demək olmaz ki, sərt monetar siyasət orta və uzunmüddətli perspektivdə inflyasiyanın qarşısının alınmasına gətirib çıxaracaq, yaxud digər makroiqtisadi uğurlara gətirib çıxaracaq. Düzdür, bu sərt monetar siyasətin qısamüddətli perspektivdə müəyyən effekti olur, inflyasiya baxımından effekti olur. Ancaq hətta inflyasiyanın təhlilini aparsaq, iqtisadi nəzəriyyə və müasir iqtisadi elm, hesablamalar konkret olaraq onu göstərir ki, sərt monetar siyasət son nəticədə elə inflyasiyanın da artırılmasına gətirib çıxaracaq. Ona görə də hesab edirəm ki, hökumətin iqtisadi bloku monetar siyasətdən real sektora doğru siyasətə üstünlük verməlidir. Milli istehsal sistemlərinin formalaşmasına, rəqabət qabiliyyətli real sektorun formalaşmasına daha çox istiqamət götürülməli, daha çox prioritet kimi qəbul etməlidir. Sərt monetar siyasətin uzun və ortamüddətli perspektivdə makroiqtisadi göstəricilərin daha da ağırlaşmasına gətirib cıxarmasını nəzərə alaraq, yerli istehsala, milli istehsala, real sektorun inkişafına və real sektorun maliyyələşməsinə, kreditləşməsinə üstünlük verilməlidir.

 

Bu istiqamət prioritet olaraq ölkə hökumətinin iqtisadi bloku tərəfindən qəbul olunmalıdır”.

 

Gununsesi.info