İpoteka kreditlərinə qoyulan məhdudiyyət aradan qalxıb

  • By admin
  • 26 İyul 2017 12:42

ipoteka1

Bu ilin birinci yarısında bütün mənbələr üzrə ipoteka kreditlərinə yönəlmiş vəsaitlərin həcmi 2 dəfədən çox artıb.

Gununsesi.info bunu Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir.

AMB-nin statistikasına görə, dövlət büdcəsindən Dövlət İpoteka Fonduna ayrılan vəsaitlərin həcmi yanvar-may ayları üzrə 20.4 milyon manat, təkrar maliyyələşmədən 16.8 milyon manat yönəldilib. Banklar tərəfindən verilən kommersiya ipotekaları isə 65 milyon manat olub.  Beləliklə, ümumilikdə daşınmaz əmkalın alınmasına bankların tərəfindən qoyulan kreditlərin həcmi 102.2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 45.7 milyon manat olub. Xatırladaq ki, ötən il bu istiqamətdə kredit qoyuluşları məhdudlaşdırılmışdı. Xüsusilə, kommersiya kreditləri demək olar ki, dayandırılmışdı.

Bu ilki artımın əsas səbəbi də kommersiya ipoteka kreditlərinin həcmində  60 dəfəyədək artımın müşahidə olunmasıdır. Belə ki, bu ilin beş ayında 65 milyon manat olubsa, ötən ilin yanvar-may aylarında bankların ipoteka kreditlərinə yönəltdiyi vəsaitlərin həcmi 1.1 milyon manat olub.

İpoteka Fondunun təkrar maliyyələşdirmədən yönəltdiyi vəsaitin həcmi azalıb. Əvəzində AİF-nin yerləşdirdiyi istiqarazlar 100 milyon manat olub. Qeyd edək ki, sözügedən qurum ötən il heç bir istiqraz yerləşdirməmişdi.

Qeyd edək ki,  “Azərbaycan İpoteka Fondu” (AİF) ASC-nin agent bankları tərəfindən 2006-2017-ci illərdə 19,6  min ədəd ipoteka krediti verilib.

Fondun saytında dərc edilmiş məlumata görə, bu günədək AİF-in xətti ilə 830 milyon 353,62 min manat məbləğində ipoteka krediti verilib.

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 100 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 15% təşkil edir.

Vüsalə Rüstəmova

Gununsesi.info