İşçiləri məhkəmədə onun üzünə durdu - “RƏSMİ MAAŞI 230 MANAT İDİ, AMMA 25 MİN ALIRDI”

  • By admin
  • 16 Fevral 2018 15:01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Leyla Şıxlinskaya Klinikası”nda işləyən həkimlər rəsmi sənədlərdə 250-300 manat,  əslində  isə 20-30 min maaş alırmış.

Gununsesi.info xəbər verir ki, bu məsələ klinikanın keçmiş işçilərinin məhkəməsində üzə çıxıb.

Təqsirləndirilənlərin sayı 7 nəfərdir, onların arasında klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova da var. Məhkəmə önünə çıxarılan digər işçilər isə Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevadır.

Onlara Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədəgünahlandırır.

Fevralın 16-da məhkəmədə əvvəllər “Leyla Şıxlinskaya” klinikasında, indi isə “Gömrük Hospitalı” nda mama-ginekoloq işləyən

Xalidə Məmmədova ifadə verib:”50 faizə işləmişəm. Nə qədər maaş aldığımı xatırlamıram. Məvacib adətən xəstələrin sayından asılı idi. Aylıq qazancım 7-10 min manat olurdu”.

Təqsirləndirilən şəxslərdən Polad Əliyev isə X.Məmmədovanın aylıq rəsmi sənədlərdə 230, əslində isə 25 -30 min manat pul aldığını deyib.

Şahid qismində dindirilən başqa bir həkim-ginekoloq Samirə Nağıyeva da dindirilib: “Bizə demişdilər  ki, guya adımıza maaş kartı açılacaq. Amma açılmadı. Mən kartla maaş almamışam”.

Halbuki, işçilərin hamısının adına maaş kartı açılıb.

Məhkəmə fevralın 23-də davam edəcək.

Gülər

Gununsesi.info