“İsveçdə Bahar bayramında qiymətlərdə ikiqat endirim edirlər, bizdə isə…” - DEPUTAT

  • By admin
  • 20 Mart 2017 15:04

fazil-mustafa

“Deyirlər ki, İsveçdə Bahar bayramını qeyd edənləri nəzərə alaraq bütün un məmulatlarının, qoz-fındığın qiymətlərində ikiqat endirim edirlər ki, insanlar rahat bayram süfrəsi aça bilsinlər. Bunu da ən çox kənardan gəlmiş miqrantların xətrinə edirlər ki, özlərini bayramqabağı diskomfort hiss etməsinlər. Dərhal sual olunur ki, bizdə niyə bayram gəlməzdən bir ay öncədən qiymətlər elə kəllə-çarxa çıxır ki, insanların çoxu bazar piştaxtasının qarşısından sanki kənd təsərrüfatı malları sərgisindəki iştirakçı kimi ötüb keçir. Səbəbi məncə isveçlilərin heç də bizdən daha artıq insanlara həssas davranmasında deyil”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu İsveçə axı real olaraq bu ərəfədə torpağın oyanması ilə müşahidə olunan bahar gəlmir. Reallıqda bahar gəlmədiyinə görə, baharın gəlişini xatırladan məmulatların qiymətini ucuzlaşdıraraq baharın dəyərini qaldırırlar.

O, qeyd edib ki, bununla adamlar mədələrini dolduraraq reallıqda olmayan baharın “gəlişi”ni beləcə imitasiya edirlər:

“Bizdə isə torpaq oyanır, ağaclar tumurcuqlayır və əsl bahar havası insanın canına dolur. Pulsuz-parasız gələn bahara insanlar daha çox dəyər versinlər deyə, Bahar bayramına aid məmulatlarıin qiymətini kəllə-çarxa çıxarırlar ki, mədəmizlə deyil, ruhumuzla baharı hiss edək.

Ucuz olarsa evə alıb doldurduğunuz qoza-fındığa, şəkərburaya-paxlavaya, yumurtaya baş qarışacaq, təbiətdəki canlanma, yazın gözəllikləri arxa planda qalacaq. Azacıq pozitiv olsaq, belə lazımsız müqayisələr edərək özümüzü əlavə qayğılarla yükləmərik.

Yazın gəliişi hamımıza xeyirli, bərəkətli olsun!”

Gununsesi.info