ITV-nin fəaliyyəti ideal vəziyyətdə deyil - YAYIM ŞURASININ ÜZVÜ

  • By admin
  • 22 Avqust 2017 15:42

millixeber_9823_(1)1503401721

İctimai Televiziya və Radio Yayımları Şirkəti artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu müddət ərzində  şirkət müxtəlif layihələrə, yeniliklərə imza atıb.

Maraqlıdır, hazırda İctimai Televiziya və Radio Yayımlarının fəaliyyəti necədir? İctimai Televiziya qarşıya qoyduğu məqsədlərə nail ola bilibmi?

Gununsesi.info xəbər verir ki, bu barədə  İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Mirhəsən Seyidov modern.az-la  fikirlərini bölüşüb. Onun sözlərini görə, yeni mövsüm üçün xüsusilə gəncləri maraqlandıran tələb və təkliflər planlaşdırılıb:

“Əslində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası üzvləri olaraq kadr islahatları məsələləri ilə tanış deyilik. Bu məsələlərə Yayım Şurası üzvlərinin səlahiyyətləri çatmır. Amma biz İctimai Televiziyanın  yayım cədvəlinə baxırıq və müxtəlif proqramlarla yaxından tanışıq. Təbii ki, bütün proqramlar tendensiyasında hər kəs öz istiqamətini izləyir.

Mən Yayım Şurasının gənclər və gənclər təşkilatları üzrə təmsilçisiyəm. Düşünürəm ki, gənclərin marağına səbəb ola biləcək aktual mövzulara toxunmalı və fəal olmalıyıq.  Məsələn, müxtəlif formatlı “tok şou” proqramları tərtib etmək olar. Yaxud tanınmış şəxslər gənclərin qarşısına çıxaraq onların suallarını cavablandıra bilər. Bu baxımdan artıq bundan əvvəlki iclaslarda müxtəlif fikirlər səsləndirib, tələb və təkliflər planlaşdırmışıq. Yəqin ki, sentyabrda yeni sezondan  etibarən gənclər mövzusu  bağlı  məsələləri nəzarətdə saxlayacağıq”.

M.Seyidov qeyd edib ki, ITV-nin fəaliyyətinin ideal vəziyyətdə olduğunu demək olmaz:

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası müxtəlif konsepsiyalı proqramlar istiqamətində – xüsusilə vətənpərvərlik, mədəniyyət və incəsənət mövzusunda maraqlı təkliflərlə çıxış edir. Lakin bu o demək deyil ki, televiziya və radionun fəaliyyəti ideal vəziyyətdədir. Yəqin ki, müxtəlif vaxtlarda bizim də zaman kəsiminə və formalara ehtiyacımız var. Yeni innovativ ideyalara, beynəlxalq televiziya və radio təcrübələrinin yayım zamanı istifadəsinə çalışırıq.

Bu yaxınlarda şura üzvlərindən birinin “İctimai” radioda bayağı mahnıların səsləndirilməsi ilə bağlı fikirlərini eşitdim. Fikrimcə,  İctimai Televiziya və Radiosu uzun illərdir öz dəsti-xətti ilə Azərbaycanda tanınır və fəaliyyət göstərir. Yeni düşüncələr və ideyalarının olması  onun daha da yaxşı formaya gəlməsinə yardım edəcək.

Bunun üçün Yayım Şurası üzvlərinin aktivliyi də önəmlidir. Biz çalışırıq ki, yeni format və ideyalarla çıxış edərək  gənclərin İctimai Televiziyaya baxmasını təmin edə bilək”.

Gununsesi.info