İxtilafın müsəlmanlara xeyri dəyərmi?

  • By admin
  • 08 Dekabr 2016 09:50
mubariz
” Bildiyimiz kimi bu gün İslama böyük bir ixtilafla hücum edirlər. Biz İslam dininin yaşayış dövrünə nəzər salsaq görərik ki, həmişə İslam dini ilə mübarizələr aparılıb. Misal gətirmək olar , pul, qadağalar və s. vasitələrlə. Məsələn məsumların dövründə pul vasitəsi ilə mübarizələr aparılıb , insanları İslamdan ayrı salmaq üçün pul ilə satın alıblar. Qadağalara gəlincə SSRİ dinimizə qadağalarla hücuma keçmişdir, bununla belə heç bir nailiyyət əldə edə bilməyiblər. Mübarizələrin ən təhlükəlisi ixtilafdır ki, Qərb bu seçimi edib. İslamı bu yolla (ixtilafla) gözdən salmağa çalışır və müsəlmanları biri-biri qarşı-qarşıya qoyur. Hal-hazırda bu vasitə ilə çox şeyləri əldə edib və etməkdə davam edir. Əfsuslar olsun ki, müsəlmanların əksəriyyəti bu oyunun İslam üçün daha böyük təhlükə olduğunu dərk etmirlər. Allah təala bizi Qurani-Kərim`də vəhdətə, birliyə çağırır. “Hamınız Allahın qırılmaz ipindən yapışın”. Məsumların kəlamlarına nəzər salsaq o “qırılmaz ip” Muhəmməd (s.a.a) və onun ailəsidir. Biz bu şəxsiyyətlərin yolunu getsək, əlbəttə ixtilaflara da düşmərik. Həzrəti Peyğəmbər (s.a.a) buyurur: – ”Allahın əli vəhdət və cəmiyyətlədir. Hər kim cəmiyyətdən ayrı düşsə (vəhdət qurmasa) şeytan onunla birgə olar. Və insan öz ayaqları ilə topu oynatdığı kimi, şeytan da o insanı öz ayaqları ilə oynadacaq”.
Doğrudan da bunun şahidi olmuşam, kim ixitlaflı məsələlərə vaxtını sərf edibsə dindən, ibadətdən ayrı düşüb. Elələri elə olub ki, hətta Allahı inkar edib, cəmiyyətdən ayrı düşdükləri üçün şeytan istədiyi kimi onları idarə edir. Bu gün sosial şəbəkə və real həyatda görürük ki, bir dəstə insanın işi, gücü kimlərinsə müqəddəslərini söymək və təhqir yağdırmaqdır. Hamımız bilirik ki, İslamda söyüş qəbul edilmir, kafir olsa da belə onu söymək olmaz. Görürük, digərlərinin müqəddəslərinə “pozğun”, “fahişə” ifadələrini işlədirlər. Halbu ki, Quran onların pozğun olmaqlarını rədd edir. Sən, mən kimik ki, bu cür ifadələri işlədək. Əxlaqa zidd olan bu cür ifadələri sosial şəbəkədə , ictimaiyyətdə səsləndirmək özü böyük bir əxlaqsızlıqdır. O cümlədən ictimaiyyətdə digərlərinin müqəddəslərini lənətləmək də dinimiz və əqidəmiz qəbul etmir. Bunun üçün sadə bir misal da gətirə bilərik. Ziyarəti Aşuraya nəzər salsaq, digərlərinin müqəddəslərini ad tutaraq lənətləmirlər, işarələr ilə onların Allahın rəhmətindən uzaq olmaqlarını Allahdan istəyirlər. Biz bu imamların ardıcılları deyilikmi? Sual verirəm kimlərinsə müqəddəslərinin icitmaiyyətdə açıq-aşkar lənət deyənlərə!!! Niyə məsumlar, Yezid və s.-lərin adını tutaraq lənətləyir digərlərini yox? Cəmiyyətdə fəqihi, alimi söyüb-lənətləyirlər. Sosial şəbəkədə statuslara nəzər salsaq görərik ki, statusu söyüş və lənətdən ibarətdir. Mən bu cür insanlara azğın adı verməkdən başqa bir ad verə bilmərəm. Bir şəxs bir fəqihi və onun nəzərini qəbul edib-etməməsi normal qəbul olunmalıdır. Əgər kimsə hansısa fəqihin nəzərini qəbul edirsə və ya etmirsə onu söyüb təhqir eləməyə heç kimin haqqı yoxdur. Hər iki tərəf bir-birinin nəzərinə hörmətlə yanaşmalıdır. Bu yerdə Həzrəti Əli (ə) -nın bir hədisini xatırlamaq istəyirəm : – ”Allaha and olsun ki, bu camaat (batil əhli) sizə qalib gələcək, çünki, onlar öz batil əqidələrində həmrəy və bir-biriləri ilə müttəfiqdirlər. Siz öz haqq əqidələrinizdə təfriqəyə və parçalamaya düçar olmuşsunuz”. Doğrudan da belədir. Peyğəmbəri , kitabı və İmamı bir olan necə müttəfiq ola bilməzlər? Necə vəhdət ola bilməzlər? Özüm öz sualıma cavab olaraq deyə bilərəm ki, cahillikdən başqa bir şey deyil bu. Ay müsəlmanlar, bu gün durub ictimaiyyətdə biri-birimizi lənətləmək vaxtı deyil. Bu gün hamımız Allahın haqq olaraq qırılmaz ipindən yapışmalıyıq. Əlbəttə, demirəm gedək batil əhlinə deyək ki, sən düzgün yoldasan, gəlin bir olaq. Öz əqidəmizi qorumaq bizim ən öndə vəzifəmizdir. Haqqı buraxıb , batilin düz olmağını özümüzə yol seçə bilmərik. Bəzən bunun da şahidi oluruq ki, guya vəhdət qurmaq istəyirlər. Öz əqidələrini batil əhlinin ayağına verərək keçmiş alimlərini bilmədən bidət əhli kimi nümayiş etdirirlər. Mən demək istəyirəm ki, necə bir ev əhlinin içində narazıçılıqlar olanda kənar qonum-qonşunun yanında özümüzü necə heçnə olmamış kimi aparırırqsa, dinimizdə də o cür olmalıyıq. Dinimiz fərqli olsa da, İslam düşmənlərinin yanında özümüzü elə aparmalıyıq ki, biz müsəlmanların arasında heç bir fikir ayrılıqları yoxdur və yaxud varsa da bir-birimizin fikirlərinə hörmətlə yanaşırıq.
Allahdan müsəlmanlara birlik və vəhdət diləyirəm.
Mübariz Rəhimov
İlahiyatçı