Siyasi fəalı gizli polis casusların yardımı ilə izləmirsə… - VASİF İSMAYIL YAZIR

  • By admin
  • 18 Fevral 2017 20:11

vasif

Xüsusi xidmət orqanları təkcə “spetcnaz” deyil.

Xalqım romantikdir – tamaşa göstərilməsini, hələ sonu ağlamalı bitən göstəriləri sevir. Hərdən xalqımın insanlarının sadiq Uolter Skott oxucusu olması lazım gəldiyini düşünürəm. Çoxumuz bilmirik, amma Uolter Skott şotlandiyalılar haqqında çoxlu qəhrəmanlıq eposları, dastanları yazıb. Ən məşhuru isə “Rob Roy”dur. Obrazlar çox vaxt birmənalı, süjet xətti gün kimi aydın, hadisələr isə sentiment doludur. Bir sözlə, istərsən ağla, istərsən qürur duy, lap göz yaşını məhrəba ilə qurut.

Həyat isə bundan bir az daha mürəkkəbdir.

Çoxumuz həyatı niyə sevmirik?

Anlamırıq.

Obrazlar birmənalı deyil. Gözlərimizi zilləyib baxanda belə həyatda şahidi olduğumuz hadisələrdə emosiyaları görə bilmirik.
Son günlərdə Azərbaycanda ən tanınmış gənclik hərəkatlarından birində dalbadal “şpion” böhranı yaşandı. Əvvəlcə hərəkatın tanınmış, hətta həbs də yatmış üzvlərindən biri xüsusi xidmət orqanlarına məlumat ötürdüyünü etiraf etdi və….efirdən itdi.

Daha sonra bu hərəkatın daha bir fəalının çoxdan içəri sızdırılmış provokator olduğuna dair dedi-qodular dirildi və bu versiyanı təsdiqləyən bəzi faktlar gün işığına çıxdı.

Vəziyyət aydın oldu, yəni.

Heç kəsə ağıl verə bilmərəm, hərəkatçı deyiləm, fəaliyyətindən ötrü repressiya edilmiş siyasi fəaldakı cəsarət olmadı bizdə. Adama deyərlər, “saa nə”. Hə ya, “maa nə”.

Amma sizə bəzi hekayələr danışacam. Zira bəzi dostlar üzülür, insanları bədbinliyə sürükləyən ismarışlar verir. Sentimental yanaşırlar, bir sözlə.

Təşkilatlara, hərəkatlara, şirkətlərə, xüsusilə də bu qurumların “daxili mətbəxinə” maraq həmişə olmuşdur. Hazırda yaşadığımız dövrün xüsusi xidmət orqanları anlayışı bundan 150 il əvvəl formalaşmışdır. Bu işin bişdiyi və təkmilləşdiyi mətbəx isə gizli polis orqanları idi. Bu qurumlar polisin içində ayrı bir yerə sahib olsalar da, öz iş prinsiplərini tamamilə kriminal polisdən miras götürmüşdülər.. Cinayət-axtarış sistemindən yəni.

Hökümət hərhansı qurumu və insanları izləmək üzün öz əlində gözəl imkanlara malikdir. Məsələn, istədiyi fəalı güdə bilər. Düşürsən adamın dalına. hara gedir, kiminlə görüşür kimi suallara cavab tapırsan. Bu məlumatları isə raport şəklində gətrirsən təhlilçinin, başqa sözlə kuratorun yanına.

Amma kuratorlar öz otaqlarından çıxmasalar da, ümumiyyətlə vəziyyətə ən çox hakim olan riyazi düşüncə qabiliyyətinə malik insanlardır. Onları qurumun, hətta ayrı-ayrı fəalın düşüncə portreti maraqlandırır.

Məhz bu səbəbdən ya o siyasi fəalın yanındakı biri əməkdaşlığa cəlb edilir, ya da o fəalın yanına kimsə yerləşdirilir. Provokator və ya casusun özünün ağıllı olması şərt deyil, arxasındakı kurator hamının yerinə onsuz da düşünür.

Əvvəllər bu gizli polis “oyununda” hər şey birmənalı idi: həbs et, öldür, sürgün elə, kim kimə nə qədər pul verdi və s. Amma Andropovun başçılığı altında Filipp Bobkov SSRİ xüsusi xidmət orqanlarında dünyaya nümunə ola biləcək bir qurum yaratdılar: ideolojik əks-kəşfiyyat idarəsi. Adı isə KQB ilə bağlı olan hər şey kimi darıxdırıcı idi: 5-ci şöbə.

Bu gün Azərbaycanda gizli polis funksiyasını həyata keçirən bütün fəaliyyət məhz o 5-ci şöbənin fəlsəfəsi ilə hərəkət edir.

Mən özüm bu mövzuya xüsusi maraq güddüyüm üçün rus və ingilis dillərində daxili əks-kəşfiyyat haqqında yüzdən artıq kitab oxumuşam. Hətta çox oxuduğumdan keçən dəfəki yazımda bir yanlışlığa da yol vermişəm. Rusiya eserlərinin liderlərindən Yevno Azef xəstələnərək öz əcəli ilə ölüb. İnqilabçılar tərəfindən öldürülən isə Tatarov idi. Maraqlıdır, Tatarova qarşı “casus” kampaniyasını yürüdən Azefin özü idi. Bu arada, Tatarovun həqiqətən də gizli polis agenti olduğunu bilmədən Azef onu ölümə göndərmişdi və onun edam qərarını vermişdi.Ancaq 1917-ci ildə Tatarovun casus olduğu onun “oxranka”-dan aldığı qəbzlər ortaya çıxınca sübut olunmuşdu. Qətlindən sonra.
Azef ilə Tatarovu səhv salmışam.

Amma bunların ikisindən də şübhələnən rus piblisisti və inqilabçısı Burtsev olmuşdur. Riyaziyyat təhsili almış bir insan idi. Çar casuslarını ifşa etmək qabiliyyətindən ötrü ona “Şerlok Holms” ləqəbi taxmışdılar.

Şerlok Holmsun prototipi həkimdir.

Riyaziyyat və həkim xəfiyyəliyi  xarüqələr yaradır.

Heç nə təklif etmirəm. Oxuyun və bu işlərə romantik baxmaqdan vaz keçin, lütfən

Bu casus oyunu soyuqqanlı müharibədir.

Bu mövzuda yüzlərlə kitab oxudum, amma axırda gəldiyim nəticə bircə cümlədir: Əgər bir siyasi fəalı gizli polis casusların yardımı ilə izləmirsə, demək ol şəxs fəal zad deyil.