Kədərli noyabr - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 20 Noyabr 2017 17:24

Bu gün həm də “Yaşamaq istəyirəm” deyən yazıçının ad günüdür. Mənim müəllimimin.

Bu gün çox kədərli gündür. 26 il əvvəl də bu gün belə kədərli olmuşdu. Bomboz, kül rəngli Qarakənd səması kimi. Yaxşı yadımdadır, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin ikinci kursunda oxuyurduq. Gələcəyin jurnalistləri üçün bu faciə hər şeydən qabaq çox dəhşətli XƏBƏR idi və bu XƏBƏRin içində də daha bir dəhşət vardı. Həmkarlarını itirmək dəhşəti.

Həmin günlərdə jurnalistika sahəsində oxuyan, çalışan hər bir kəs özünü o helikopterdə görürdü. Bu peşənin nə qədər risqli olduğunu da elə o çətin 90-cı illərdə dərk etdik. Bunu bizə diqtə edən təkcə həyat adlı müəllim deyildi, universitet müəllimlərimiz də bu sıradaydı. Və bu gün mən o müəllimlərdən biri haqqında danışacam. Professor Qulu Xəlilovdan. 20 noyabr-bu kədərli gün həm də onun doğum günüymüş. 

Qulu Xəlilovla tanışlığım orta məktəbdə olmuşdu. O vaxt sinif uşaqlarımızdan biri mənə onun “Yaşamaq istəyirəm” avtobioqrafik əsərini vermişdi oxumaq üçün. Maraqla oxumuş, exinokokk qurdundan da çox qorxuşdum. Əlimi nəyə vursam yüz dəfə sabunlayardım.

Sonra təsadüf elə gətirdi ki, sənədlərimi BDU-nun jurnalistika fakültəsinə verdim. Yaradıcılıq imtahanından kəsilib çıxan abituriyentlərin əsas hədəfi Qulu Xəlilov idi. Deyirdilər ki, sualları aydan-çaydandır. Dünyanın elə bir nöqtəsi yoxdur ki, sual verməsin. Deyir jurnalist olmaq istəyən gərək hər şeyi bilsin. Açığı qorxub imtahana girmək istəmədim. Çünki, parta dalından durub gələn adi kənd qızının bu cür imtahandan çıxacağından əmin deyildim. Amma yenə də canımı dişimə tutub auditoriyaya daxil oldum. Bəxtimdən o biri müəllimlər məşğul idilər, Qulu Xəlilov isə qarşısındakı uşağa “get, filologiyaya ver sənədlərini, vaxt itirmə ” deyirdi. Mənə isə ilk sualı belə oldu.

Adın nədir a qızım?

Ləman dedim.

Adının mənasını bilirsənmi? soruşdu.

İşıldayan, parıldayan dedim.

Ləman adı hansı əsərdə var?

“Cəbhədən-cəbhəyə” romanında. Rəssam qız surətidir.

Kim yazıb o əsəri?

İmran Qasımov, Həsən Seyidbəyli dedim.

Niyə “Cəbhədən cəbhəyə”dir əsərin adı?

Əsərin qəhrəmanı Teymur Böyük Vətən Müharibəsində (Onda İkinci dünya Müharibəsi demirdik) yaralanır, geri dönür və ön cəbhədəki işini indi arxa cəbhədə yerli quldurlara qarşı davam etdirir – dedim.

Bu yazıçılar birlikdə daha hansı əsərləri yazıblar?

“Uzaq sahillərdə”, ”İllər keçir” romanlarını.

Qulu Xəlilov “Afərin. Bax, bu qızdan jurnalist olacaq” dedi.

Bu qız həmin il jurnalist olmadı. Ondan sonrakı il jurnalistikaya daxil oldu, həm də Qulu Xəlilovun bir neçə mühazirəsini dinləmək şərəfinə nail oldu.

Qulu müəllimin auditoriyada sıraların arası ilə özünəməxsus tərzdə yerişi bu gün də gözümün qarşısındadır. Ona baxanda elə zənn edirdim ki, zibilə qalmış exinokokk hələ də bu adama əzab verir. Sancıdan qıvrılmış təsiri bağışlayırdı mənə Qulu müəllimin vücudu. Bir-iki dəfə yaxınlaşıb bu haqda özündən soruşmaq da istəmişdim. Heç nə, adi oxucu marağı. Amma ürək eləməmişdim. Çünki, ağır xasiyyəti vardı Qulu Xəlilovun. Bir söz deyərdi, yeddi qatından keçərdi. Qrup yoldaşlarım xatırlayar yəqin, bir dəfə dərs zamanı atadan, anadan…deyib auditoriyaya üz tutdu. Heç kim dillənmədi. Mən “yar şirin olur” dedim. Mənə qəribə bir nəzər saldı və “deyəsən sənin təcrübən var“ dedi. Halbuki, mən tam təcrübəsizdim, sadəcə özümü çoxbilmiş göstərmək istəmiş, təcrübəlilərin, hətta bir neçə uşaq sahibi olan qrup yoldaşlarımın gülüşünə səbəb olmuşdum. İndi o məsəli harda eşitsəm Qulu Xəlilov yadıma düşür. Elə bilirəm ki, baxışları mənə bəzi məqamlarda susmağın qızıl olduğunu xatırladır.

O ən yaxşı müəllim nümunəsiydi. Pyotrun vəsiyyətindən elə maraqla danışırdı ki, rus çarının öz dilindən eşidibmiş kimi. “Bu peşə elədir ki, evdə də hamı sizə demaqoq kimi baxacaq” deyib bizi güldürərdi də.

Mən də bu gün bu yazını üzümdə təbəssümlə yazdım. Baxmayaraq ki, 20 noyabrdır. Qulu Xəlilovun dərs dediyi osmanların, alıların kül olduğu gündür. Amma bu gün həm də onun günüdür axı. Dünyaya gəldi, yazdı, yaratdı, missiyasını başa vurdu, getdi. “Yaşamaq istəyirəm” desə də. Yerin cənnət olsun, Qulu müəllim.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info