Kasıb Mənsimov necə milyarder oldu? - UĞURUN SİRRİ - VİDEO

  • By admin
  • 15 Sentyabr 2017 13:14

mubariz

Azərbaycanın tanınmış milyarderlərindən biri də Mübariz Mənsimovdur. “Palmali” Şirkətlər Qrupunun sahibi olan bu şəxsin qısa zaman çərçivəsində böyük uğurlar əldə etməsi çoxları üçün təəccüblü olub. Bəs, görəsən, 49 yaşlı milyarder indiki mövqeyinə necə gəlib çıxıb?

Gununsesi.info axar-a istinadən xəbər verir ki, əslən Masallı rayonunun Miyankü kəndindən olan Mənsimov 1968-ci il martın 22-də Bakıda anadan olub. 9 uşaqlı kasıb bir ailənin üzvü olan Mənsimov atasının istəyi ilə Bakıda hərbi məktəbə qəbul olur. Məktəbi bitirən gələcək iş adamı daha sonra ali məktəbdə təhsilini davam etdirir. 1985-ci ildə isə SSRİ ordusunda xidmət etmək üçün Şərqi Almaniyaya göndərilir. Məhz Almaniya onun həyatında əsas dönüş nöqtəsi olur. Belə ki, Almaniyada xidmətə başlayan Mənsimovun bir müddət sonra erməni generalla münaqişəsi yaranır və o, bu münaqişəyə görə 1989-cu ildə SSRİ ordusundan könüllü şəkildə tərxis olunur.

İş adamının bu generalla savaşı sonradan onun bütün həyatına təsir edir. Milyarder müsahibələrinin birində ermənilərə antipatiyasının səbəbini belə açıqlayır:

“Bu gün şirkətlərimin hər hansı birində üçüncü nəsil bir erməni belə olduğunu öyrənsəm, dərhal qovaram. Onlarla ticarət əlaqəsi qurmaram. Ermənilərə qarşı həmişə antipatiyam olub. Ailəmdə 7 şəhid var və ən yaşlısı 21 yaşında. Erməniləri sevmək məcburiyyətində deyiləm, onlar da məni sevməsin”.

Hərbi xidmətdən sonra il yarım gəmidə aşpazlıq edən Mənsimov, tezliklə, daha riskli addımlar atmağa başlayır. O, ilk olaraq 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayə götürür. Daha sonra marağını Rusiyaya yönəldir. Rusiyadakı gəmilər vasitəsilə biznesini böyüdərək yaratdığı “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirir. Mənsimov sonradan şirkətinin dünyanın ən böyük 5 dənizçilik şirkətindən birinə çevrilməsində ən böyük paylardan birinin məhz Rusiyada olan özəlləşdirmə olduğunu söyləyir.

Mənsimovun imperiyası

Kasıb həyat tərzindən başlayan Mənsimov hazırda böyük bir imperiya yaratmağı bacarıb. Belə ki, “Palmali” Şirkətlər Qrupunun bu gün Azərbaycan da daxil olmaqla, 21 ölkədə ofisi mövcuddur. Şirkətin təkcə dənizçilik sektorunda işçilərinin sayı 28 min nəfərə çatır. Ümumi işçi sayı isə 45 mindən çoxdur.”Palmali”129 gəmi vasitəsilə hazırda Aralıq, Ağ və Qara dəniz arasında Rusiya neftinin 75%-ni daşıyır. Şirkətin ən böyük müştərisi isə BP-dir. İcarəyə götürülən gəmilərlə birgə “Palmali”nin donanmasında 220 gəmi mövcuddur. İllik dövriyyəsi 3 milyard dollardan çox olan “Palmali”nin sahibinin öz şəxsi varidatının isə1,5 milyarddan çox olduğu iddia edilir.

Maraqlı məqam odur ki, Mübariz Mənsimov Azərbaycan ictimaiyyətində digər milyarderlərdən daha çox sevilir. Davranışı və əxlaqı ilə əhali arasında şöhrət qazanan Mənsimov həm də xeyriyyəçi kimi də tanınır. Bu isə onun nüfuzunun artmasına zəmin yaradan hallardan biridir.

Gununsesi.info