Keyfiyyətsiz qida məhsulları və saxta ehtiyat hissələri - İSTEHLAKÇILAR HANSI YOLLARLA ALDADILIR?

  • By admin
  • 18 Avqust 2017 16:22

57f4d62a104b2.

Azərbaycanda ticarət obyektlərində, istənilən satış məntəqlərində keyfiyyətsiz və saxta, standarta uyğun olmayan məhsulların və ya ehtiyat hissələrinin satışı artıq hamı üçün adi bir hala çevrilib. İstər insan həyatı üçün zəruri olan qida məhsulu olsun, istərsə də məişət və digər növ əşyalar olsun. Biz hər yerdə keyfiyyətsiz və saxta, standarta uyğun olamayan məhsullara rast gələcəyik. Bununla bağlı dəfələrlə SOS qaldırılsa da, nəticə olmayıb. Əksinə, bu proses son dövrlərdə daha da artıq. Əhalinin yaşam tərzinin aşağı düşməsi buna geniş imkanlar açıb.

Belə ki, istehsalçı istehlakçıya keyfiyyətli məhsul və mal satmalı olduğu halda, tam əksini edir. Bacardığı qədər keyfiyyətsiz, standarta uyğun olamayan məhsul satmaqla daha çox gəlir əldə etməyə və faydalanmağa çalışır. Bundan isə nəticədə cəmiyyət əziyyət çəkməli olur. Bu gün Azərbaycanda satılan yağların, digər zəruri ərzaq məhsullarının keyfiyyəti standartlara cavab vermir. Azərbaycan vətəndaşının mütləq böyük əksəriyyətinin imkanı ancaq və ancaq zəruri qida və ərzaq məhsulları almağa çatır. Bunların da əksəriyyətinin keyfiyyəti sual doğurur. Çünki onun ucuz mal almağa gücü çatır. Ucuz malın da keyfiyyətinə kimsə təmianat verə bilməz. Necə deyərlər, burada “ucuz ətin şorbası” məsəli yada düşür. Bu hal təkcə ərzaq və qida məhsullarına şamil etmək olmaz, digər bütün istehsal sahəsinə aid etmək olar. İstər məişət texnikası, avadanlığı, avtomobil ehtiyat hissələri, inşaat materialı və sair və ilaxır. Bu siyahını yetərincə uzatmaq olar.

Bu gün vətəndaşların bu cəhətdən əziyyət çəkdiyi məsələlərdən biri də avtomobillərin ehtiyat hissələri və maşın yağlama xidmətində üzləşdikləri problemlərdir. Çünki bu gün Azərbaycanda avtomobillərə xidmət sahəsi də rəqabət mühiti olmadığından vəziyyət ürəkaçan deyil. Bazarda yetərincə keyfiyyətsiz, standartlara uyğun olmayan ehtiyat hissələri və yağlar satılır. Alıcı ehtiyat hissəsi və digər lazım olan yağı alan zaman ona satılan məhsulun orjinal olduğu bildirilir. Hətta alıcıya ehtiyat hissəsinin və yağın istifadəsi ilə bağlı zəmanət talonu da verilir. Verilən bu zəmanət talonları da etimadı doğrultmur. Çünki alıcının aldığı ehtiyat hissəsi deyilən müddətdən tez bir zamanda sıradan çıxır. Yaxud da ehtiyat hissəsini və yaxud yağ müəyyən kilometrajdan sonra dəyişməlidir. Məsələn, maşının əyləc sisteminin ehtiyat hissələrinin istifadə müddəti 12 mindən 30 min km-dir. Ancaq görürsən ki, avtomobil sahibi də buna arxayın olur və yolda hər hansı problem çıxır və ya qəza şəraiti yaranır. Bu da sonda bir çox hallarda faciələrə yol açır. Digər məqam isə yağların keyfiyyəti ilə bağlıdır. Burada da ciddi sorunlar mövcuddur.

Keyfiyyətsiz məhsul və ehtiyat hissələri ilə bağlı yaranmış vəziyyəti sabiq millət vəkili, iqtisadçı alim və iş adamı Nazim Bəydəmirli müzakirə etdik.

nazim

Bu barədə Gununsesi.info-ya açıqlama verən sabiq millət vəkili Nazim Bəydəmirli bu sahədə ciddi problemlərin olduğunu dilə gətirdi. İlk olaraq keyfiyyətsiz ərzaq məsələlərinə toxunan N.Bəydəmirli deyib ki, bu yaxınlarda dükandan xarici ölkə istehsalı olan kərə yağı almaq istəyib. “Satıcı bizə səmimi olaraq bildirdi ki, o qədər də əziyyət çəkməyin, onsuz da Azərbaycanda təmiz xarici ölkə istehsalı olan kərə yağ tapa bilməyəcəksiniz. Bunların hamısı Azərbaycanda istehsal olunur. Xaricdən gətirilir və tərkibinə burada digər yağlar da vurulduqdan sonra satışa çıxarılır. Satıcı hətta yerli kərə yağını axtarmağı bizə məsləhət gördü. Dedi ki, bir çox hallarda onu hazırlayan şəxs kərə yağının tərkibinə “Sana” qatır. Adam qalır təəccüb. Bilmirsən nə alasan. Hələ digər ərzaq məhsullarını demirəm ki, onların hansısa standartlara uyğunluğundan söz gedə bilməz. Bunun da fəsadını sonda vətəndaş çəkir. Bu qidalardan müxtəlif xəstəliklər tapır və səhhətində ciddi problemlər yaranır”- deyə, o, vurğulayıb.

Sabiq deputat deyib ki, bunun səbəbi aidiyyatı qurumların istehsalçıdan rüşvət alaraq ona sertifikat verməsidir: “Çünki qidanın keyfiyyətinə nəzarət edən və ona məsul adiyyatı qurumlar rüşvətini alır və onun istehsal etdiyi məhsulun keyfiyyətini yoxlamır”.

Maşın ehtiyat hissələrinə gəldikdə N.Bəydəmirli bu sahədə də vəziyyətin bərbad olduğunu dilə gətirib. “Əgər belə bir hal öz başıma gəlməsəydi, deyilənləri təəccüblə qarşılardım. Ancaq başıma gəldiyi üçün bilirəm ki, burada da hansı problemlər mövcuddur. Misal olaraq deyim ki, 2016-ci ilin ikinci yarısında avtomobilimin əyləc sistemi üçün ehtiyat hissəsi lazım oldu və onu almaq üçün sifariş verdim. Ehtiyat hissəsini Gəncədəki “Toyota”  satış mərkəzindən adıçəkilən ehtiyat hissəsinin birini 160 manata əldə etdim. Alan zaman mənə zəmanət verildi ki, bu ehtiyat hissəsi ilə avtomobil ən azı 12 min km məsafə qət edəcək. Avtomobilin arxa təkərindəki əyləc sistemindəki həmin ehtiyat hissəsinin  getmə müddəti isə daha çox 30 min km-dəkdir. Ancaq aldığım ehtiyat hissəsi avtomobil heç 3 min km məsafə qət etməmiş sıradan çıxdı”- deyə, N.Bəydəmirli vurğulayıb.

O əlavə edib ki, bu bir daha ölkədə avtomobil xidmət sahəsində rəqabət mühitinin olamamasının göstəricisidir: “Bundan da əziyyət çəkən vətəndaşdır. Hamı bir-birini hansı formada aldatdığından sonda hamı hansısa formada əziyyətlə və problemlə üzləşir”.

N.Bəydəmirli sonda onu da bildirib ki, iqtisadi cəhətdən güclü inkişaf etməyən və əhalisinin gəlirləri az olan ölkələrdə insanlar keyfiyyətdən daha çox kəmiyyətə üstünlük verir: “Bu da anlaşılandır. Çünki o, keyfiyyəti deyil, hansısa formada qarnını doydurmağı fikirləşir. Ancaq bunun fəsadını da bir müddət sonra yaşamalı olur. Belə ölkələrdə əhali gəlirinin 75-80 faizini ancaq zəruri qida məhsuluna və qalan hissəsini də kommunal xərclərə ödəyir. Nəticədə vətəndaş çox çətin durumda yaşamalı olur. 2009-cu ildə Konstitusiyaya edilən dəyişikliyə əsasən Azərbaycan sosial dövlətdir. Sosial dövlət olan ölkədə isə vətəndaş sosial problemlə üzləşməməlidir. O aldığı maaşla ehtiyaclarını ödəməyi bacarmalıdır”.

Mürtəza Bünyadlı

Gununsesi.info