Kimlər siyasi və vicdan məhbusu olur? -TANINMIŞ HÜQUQŞÜNASDAN TƏHLİL

  • By admin
  • 24 Oktyabr 2016 18:31

ennagi

Son günlər siyasi dustaq siyahıları ilə bağlı yenə də mübahisələr qızışıb. Bu barədə yetərincə məlumatı olan-olmayan nəsə demək istəyir. İctimai önəmli məsələlər, o sıradan siyasi dustaq məsələsi ilə bağlı müzakirələr, təbii ki, normal sayılmalıdır. Amma bu ağrılı məsələ xüsusilə diqqətli olmaq tələb edir. Ona görə də hamı çalışmalıdı ki, qaş qayıran yerdə vurub gözü də çıxarmasınlar.
Siyasi dustaq məsələsi öncə hüquq mədələsidi. Təbii ki, o, həm də siyasi məsələdi. Bu baxımdan hüquqçularla yanaşı siyasətçilərin də bu məsələyə həssaslığı anlaşılandı. Amma yenə də diqqətli olmağı bir daha xatırlatmaqda fayda var.
Səxavət Soltanlının statusunu oxuduqdan sonra bu yazını yazmalı oldum. Səxavət bəy yazır: “Məncə, etiqad azadlığı pozulanları, həbs olunan dindarları siyasi məhbus kimi təqdim etmək ciddi siyasi səhvdir. Siyasi fəallarla müqayisədə 5-6 dəfə çox dindarı siyasi məhbus siyahısına salmaq məncə hakimiyyətə ən gözəl ötürmədir. Bu, qeyri-peşəkarlıqdan, siyasi savadsızlıqdan atılmış addımdır. Siyasi gerçəkləri təhlil etmə qabiliyyətinin azlığındandır. “Vicdan məhbusu” “siyasi məhbus” anlayışından daha konkret və üstün statusdur. Dindarları “vicdan məhbusu” kumu təqdim etmək olar, amma “siyasi məhbus” kimi təqdim etmək yanlışdır”.
Öncə onu deyim ki, dindar deyiləm, dinin dünyəvi işlərə, özəlliklə dövlət işlərinə qarışmasının qəti əleyhinəyəm, “islam dövləti” ideyasını isə zərərli və prinsipial olaraq qəbuledilməz sayıram.
Səxavət bəyin yanaşması əslində qeyri-peşəkar, qeyri korrekt və uzun müddət bu çətin, mübahisəli, hətta təhlükəli işlə – siyasi dustaq siyahısının hazırlanması ilə məşğul olmuş adamların əməyinə hörmətsizlikdi.

siyasimehbus
Birinci, dindarları “vicdan məhbusu” kimi təqdim etmək olar, amma “siyasi məhbus” kimi təqdim etmək yanlışdır” fikrinin hüquqi və siyasi əsası nədir? “Vicdan məhbusu” statusunun üstünlüyü nədən ibarətdir və o, hansı beynəlxalq sənəddə müəyyən edilib?
Avropa Şurasının “siyasi dustaq” anlayışına görə, “azadlıqdan məhrumetmə Avropa Konvensiyası və onun protokolları ilə təminat verilən əsas hüquqlardan birinin, o sıradan fikir, vicdan, din, ifadə, informasiya əldə etmə və yayma, yığıncaq və birləşmə azadlıqlarının pozulması ilə təyin edildikdə … azadlıqdan məhrum edilmiş şəxslər “siyasi dustaq” sayıla bilərlər.
İkinci, “siyasi dustaq” və “vicdan məhbusu” anlayışları mahiyyətcə demək olar eyni anlayışlardır, sadəcə ikinci terminin tərəfdarları məsələyə bir qədər məhdud yanaşırlar. “Vicdan məhbusu” AŞ-ın 5 kriteriyasından ancaq birinə (“b”) əsaslanır. “Vicdan məhbusu” sayılan bütün şəxslər mübahisəsiz olaraq “siyasi dustaq” sayılır və bu barədə, ümumiyyətlə, Səxavət bəydən başqa heç kim mübahisə etmir.
Üçüncü, siyasi məhbus siyahıları ilə bağlı yeganə prinsipial fikir ayrılığı məhz bəzi dindarların siyasi dustaq sayılıb-sayılmaması ilə bağlıdır. Cinayət təqibinə məruz qalmış hər bir şəxs (dindar) avtomatik olaraq siyasi dustaq sayıla bilməz. Siyahıların uzunluğu məhz buna görə bir-birindən fərqlənir. “Siyasi hakimiyyətə ötürməyə” gəldikdə isə onu deyim ki, ən azı dindarlarla bağlı yazıda allahsızlıq eləməkdən çəkinmək gərək idi.
Dördüncü, siyahı müəlliflərini siyasi savadsızlıqda ittiham etməyə ən az haqqı olanlar məhz siyasətçilərdi. Bütün mitinqlərində və publik çıxışlarında dindarları siyasi mübarizəyə həvəsləndirən partiya rəhbərləri bu adamlar və təşkilatlarla alyansın zərərli məqamlarının ola biləcəyini nəzərə almalı idilər. Adamları kütləvi tədbirlərdə fəal iştiraka təşviq edəndə düşünmək gərək idi ki, dar gündə onları müdafiəsiz qoymaq yaxşı iş deyil və dindarlar buna yaxşı baxmayacaqlar. Siyasət mənafelərdən qaynaqlanır, onunla yürüdülür, onunla da sona çatır.
Ənnağı Hacıbəyli