Kölgən düşən yeri öpüm, bayrağım - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 08 Noyabr 2017 16:24

Bir facebook dostum var. Azər Kərimov adlı. Yazır ki, 2004 cü ildə müəllimimiz məktəbdəki son zəng tədbirinə 4 yaşlı nəvəsiylə gəlibmiş. Uşağın atası Türkiyə vətəndaşıymış. Uşaq nənəsinə baxıb – Bayrak istiyorum -deyib ağlayınca nənəsi ona Azərbaycan bayrağı verib. Amma uşaq bayrağı səliqəynən stolun üstünə qoyub: ”Bana Türkiyənin bayrağını ver”-deyib.

Bayraq haqqında, bayrağa sevgi haqqında çox ibrətamiz bir nümunədir. İndi bir nümunəni də mən danışacam sizə. Və siz 4 yaşlı uşaqla 40 yaşlı qoca arasında fərqi görəcəksiz. Zənnimcə, bu həm də millətlərin bayrağa olan münasibətidir. Deməli, ötən gün “ingilis bayrağı” biriylə bayraq mövzusunda sözümüz çəp gəldi. Adam məni inandırmağa çalışırdı ki, dövlətlər sərhədsiz, ölkələr bayraqsız olmadıqca insanlar da mutlu olmayacaq. Onun uzun-uzadı səfsəfəsini məcburən dinlədim, xeyli mübahisə etdik, sizə isə bu mübahisənin detallarını yox, “Bayraq dediyin əski parçası olsa nədir, olmasa nə?” deyən adamın bu yöndəmsiz sualına cavablarımı yazacam. Bəlkə də pafosa varmışam, bəlkə də o adam məndən daha səmimidir, bilmirəm. Bircə onu bilirəm ki, mənim bayraq sevgim anama, balama olan sevgidir. Yəqin ki, bu hamıda belə deyil. Belə olsaydı, adamın biri bayraq nədir? -deyə sormazdı. Bayraq türk qanlı, islam imanlı, avropa qiyafəli Əli bəy Hüseynzadədir, adam! Bayraq Məhəmməd Əmin Rəsulzadədir. Onun “bir kərə yüksələn bayraq bir daha enməz” şüarıdır. Ölənə qədər qürbətdə yaxasında daşıdığı nişandır, üz qabığında yaşatdığı Azərbaycan adlı jurnaldır. Son nəfəsində dilindən qopan “ Azərbaycan”, “Azərbaycan”, “Azərbaycan” kəlmələridir.

Bayraq şair Əhməd Cavadın səcdəgahıdır, “Öpdüm kölgən düşən mübarək yeri” misralarıdır. Bayraq Cəfər Cabbarlıdır. Onun “O gün olsun bir göy bayraq Turan üstə açılsın”arzularıdır. Bayraq sonsuz kədərini “yazıq sənə bayrağım, endirdilər öyləmi? misralarına köçürən və bunun bədəlini sürgündə canı bahasına ödəyən şairə Umgülsümdür. Bayraq – uzaq 1956-cı ildə – sovetin qılıncının dalı-qabağı kəsdiyi bir vaxtda onu Qız Qalasının başında ucaldan və bununla da öz ucalığını itirən Cahid Hilaloğludur. Bayraq –ömrünün az qala 20 ilini ölkə həbsxanalarında və ruhi xəstəxanalarında çürüdən dissident Çingiz Abdullayevdir. Onun ağlamaqdan iki gözünü kor edən nəsnədir bayraq. Bayraq Ankarada evinin hər köşəsində Azərbaycanın adını yaşadan böyük Azərbaycan sevdalısı Məhəmməd Kəngərlidir. Əbülfəz Elçibəy humanizmidir bayraq! Onun məğrur baxışı, şəstlə duruşudur, Azərbaycan himnini pıçıldayan dodaqlarıdır. Adi parça deyil, hər dəfəsində öpüb gözü üstünə qoyduğu canından bir parçadır. Bayraq Heydər Əliyev iradəsidir! Naxçıvanda kommunistlərlə demokratik qüvvələr arasında məharətlə manevr edən və bunun nəticəsi olaraq Ali Məclisin iclas zalına göy, qırmızı, yaşıl donlu gözəlimizi gətirən Kişinin bizə əmanətidir.

Bayraq müstəqil dövlətimin atributudur. Bizi dünyada tanıdandır. Qarabağı tanıdandır. Şəhidimin qanlı yarasına sarılan, ona qucaq açıb onunla birlikdə məzara uzanandır bayraq. Əcəba sayımmı yenə, adam? Saysam hələ daha neçə-neçə nümunələr var. Qoy yaxın keçmişimizin daha bir nümunəsini deyim. Bayraq həm də Yaşar Türkazərdir. “Bayrağın ilk möhürü mənim gözümə vurulub” deyən Yaşar Türkazər. Xəbərin varmı ki, o bir gözünün işığını məhz bayrağa görə itirib?!. Sən isə məndən “Bayraq nədir? ” deyə soruşursan..

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info