Könül Muxtarova: “Kiməsə vurulsam gərək işimi atım”

  • By admin
  • 24 Oktyabr 2016 11:21

konul 

Onları efirdən  xəbər və ya hansısa verilişin aparıcısı kimi  milyonlarla insan tanıyır.  İnsanlara doğmalaşan bu üzlərin istər şəxsi həyatı, istərsə də digər yaşam tərzi başqaları üçün həmişə maraq kəsb edir. Söhbət Azərbaycanın efir məkanının tanınmış simalarından- teleaparıcılardan gedir.

Bir zamanlar gözəl siması ilə “ATV” və “Xəzər” televiziyalarından tamaşaçılarını salamlayıb. Hal-Hazırda isə tamaşaçılarına “Lider”in efirindən “Tezdən Oyan” deyən  aparıcı Könül Muxtarova bu həftə “Efirdən Kənar”  layihəmizin qonağı oldu.

Uzun zamandan sonra  yenidən efirlərdəsiniz? İşləriniz necədir?

-İşlərim çox yaxşıdır. Hər şey yolunda gedir. Yeni xəbərlərim də olacaq amma hələ ki açıqlamağa ixtiyarım yoxdur. Yeniliklər boldur. “Lider” kanalına keçəndən ideyalarım çox idi, “Tezdən Oyan” verilişi ilə başladıq artıq  bir–bir onları  reallaşdırmağa başlayırıq. Amma təəssüf ki, açıqlaya bilməyəcəm, xəbəriniz olacaq.

Başqa sahədir yoxsa aparıcılıqla bağlıdır?

– Əlbəttə televiziya aparıcılığı ilə  bağlıdır. Mən başqa bir sahədə özümü göstərməmişəm hətta aktrisa kimi də sınamamışam, risk etməmişəm.

Niyə? Risk etməyi sevmirsiniz?

– Əslində yaxşı bir şeydir, niyə də olmasın. Amma buna vaxtım yoxdur həm də istəmirəm tamaşaçını iki fikirli qoyum. İstəmirəm desinlər filan filmdəki aktrisa Könül qoy elə aparıcı kimi tanısınlar. Yalnız bu işlə məşğul olub mükəmməllik istəyirəm. Düzdür həmkarlarım çəkilir və bu onlarda çox uğurlu da alınır, sevinirəm və onlara dəstəyəm amma mən bunu istəmirəm. Təkliflər çox olub xüsusilə bu mövsüm amma istəmədim.

konul1

Bu dəqiqə müğənnilər də aparıcılıq edirlər.

-Edirlər amma öhdəsindən gəlirlərmi? Nə yalan deyim…

Bir qızınız var, o necədir?

-Çox yaxşıdır. Günü- gündən böyüyür və bunlar təbii ki, məni sevindirir.

“İdeal ana deyiləm”

Qızınız İnciyə vaxt ayıra bilirsinizmi?

Mən həmişə deyirəm ideal ana deyiləm amma pis ana da deyiləm. Sosial şəbəkəni izləyənlər bilir ki, sübh tezdən çıxıram gecəyə qədər çalışıram. Bir çox işlərin arxası ilə qaçıram. Məndə yalnız televiziya işi deyil. Tədbirlər, toylar imkan vermir. Uşaqla həftənin ancaq bir gününü keçirə bilirəm. Bu səbəbdən deyirəm ki, ideal ana deyiləm amma hər bir saatdan  zəngləşib xəbər tuturam. Nə yediyini, nə içdiyini hətta yatdığı saatdan belə xəbərdaram.

“Bağlılığı sevən biriyəm, kiməsə vurulsam gərək işimi atım”.

İşə çox vaxt ayırırsınız şəxsi həyat barədə düşünmürsünüz?

-Yox istəmirəm. Çünki aşiq olmağa ehtiyacım yoxdur. Bağlılığı sevən biriyəm, kiməsə vurulsam gərək işimi atım. Mənim sevgim yalnız İncimədir. Ona onsuz da vaxt ayıra bilmirəm bir də əks tərəflə münasibət qursam o mənə yalnız və yalnız problem gətirəcək ona görə də lazım deyil. Bilirsiniz birinci dəfə  uğursuz alınıb. Həm vaxt itgim olub həm də  karyera. Növbəti dəfə bu itgilərin heç birini istəmirəm. Bu səbəbdən balamla, işimlə-gücümlə tək başıma yaxşıdı.

konul2

“Sevgiyə ehtiyac duymamışam”

Amma hər bir xanımın bir bəyə ehtiyacı var?

-Mənim də ehtiyacım var. Sevilməyi mən də istəyən xanımam. Bəlkə də indi sevilirəm deyə rahatam bu mənə kifayət edir, ehtiyac duymamışam. Heç vaxt sevməyəcəm də.(gülür) Düzdü heç vaxt demirəm heç vaxt ən azından düşünürəm ki, hələ ki ehtiyacım yoxdur. Bu sevgi indi əldə etdiyim karyeramdakı pillələri aşağı sala bilər. Kimləsə münasibət quranda onun hansısa məhdudiyyətləri olacaq onsuz da özüm özümə məhdudiyyətləri qoymuşam hətta bir çox kişilərin qoyduqları məhdudiyyətdən çoxdur. İnci, işim və özüm istəmirəm əks cinsi.

“…hamı can atır ki, aparıcı olsun”

Bu dəqiqəki televiziyadakı vəziyyəti bəyənirsiz? Aktyor da, müğənni də elə aparıcının özü də televiziyada aparıcılıq edir.

-Ötən il səngimələr çox idi. 10 ildir televiziyada çalışan biri kimi haqqım var fikir bildirməyə. Səbəb bilirsiniz nədir? Hamı elə bilir ki, efirə çıxdım, ulduz oldum mənim həyatım mükəmməl olacaq. Amma heç kim bunun arxa planını, kadr arxasını görmür. Bəyəm hər aparıcının uğuru olur? Xeyr. 10 aparıcıdan biri tanına bilir. Naxış məsələsi var. Ona görə hamı can atır ki, aparıcı olsun. Heç kim rejissor, operator, redaktor olmaq istəmir. Danışa bilən də bilməyən də aparıcılıq etmək istəyir. Televiziyalar da baxmadan götürürlər. Sosial şəbəkələr bu dəqiqə daha çox gündəmdədir nəinki televiziya. Televiziya uğursuz insanı efir üçün seçir və tamaşaçı  sevdiyi aparıcılarını məcburdur sosial şəbəkədən izləsin. Yazıq tamaşaçı neynəməlidir? Problem bax budur. Zövqlə seçilməlidir,aparıcının səhnə mədəniyyəti, səhnə danışığı olmalıdır.

Bəlkə aparıcılıq, sadaladığınız sahələrdən daha rahatdır?   

-Xeyr. Mən sizə bir məlumat verim. Həftənin 6-cı və bazar günləri saat 9-da tamaşaçı qarşısına çıxıram. Səhər 5-də yuxudan qalxıram. Axşam da  səhər də  yazılarımı yazıb hazırlığımı görürəm, efir oyuncaq deyil. Aparıcılıq asan bir şey deyil. Bərbad halda çıxıb suflyordan nəsə oxuya bilərlər amma onlar özlərinə aparıcı deməsinlər. Çətinlikləri çoxdur amma bacaran üçün. Reklam istəyirlər bu başqa məsələ.

“Bu mənim uğurumdur”

Aparıcılığın mənfi və müsbət tərəfləri nədir?

-Mənfi tərəflərini görməmişəm. Düzdür nömrə bir aparıcı deyiləm amma 5-10 aparıcı arasında adım var. Heç bir mənfi tərəfini görməmişəm ona görə ki, heç vaxt tamaşaçı qarçısına açıq-saçıq çıxmamışam, lazımsız, yersiz söhbətlər eləməmişəm, davranışımla, danışığımla ailəmi və qız böyüdürəm onu düşünmüşəm. Birdə xarakterim var, bunların hamısını tanrım mənə verib ona görə mənfi tərəfini görməmişəm. Yavaş-yavaş zirvəyə çatıram xüsusilə vurğulamaq istəyirəm 2 aydır Lider televiziyasında çalışıram artıq istədiyim ideyaları reallaşdırıram ki, istədiyim zirvələrə doğru gedim. Bu mənim uğurumdur. Ailəmdə də maneçilik törətməyib ki, deyim mənfi tərəfi olub. Mənim keçmiş həyat yoldaşım da incəsənət adamı olub məni dəstəkləyib. Üzdəyəm, tanınıram. Şənliklərə, tədbirlərə, toylara nəinki yerli hətta artıq xaricə belə çağırılıramsa deməli mənə tələbat var və bu aparıcılığın mənə gətirdiyi müsbət keyfiyyətdir.

Ekran önündəki Könül Muxtarova ilə ekran arxası Könül arasında fərq varmı?

-Ekranda necəyəmsə arxasında da eləyəm, eyni Könüləm. Az öncə dedim açıq-saçıqlıq məndən uzaqdır buna görə dəyişiklik yoxdu. Məni sıxan hansısa məqam yoxdur.

konul3

Televiziyanı necə görmək istərdiniz?

-Böyüklərə heçnə deyə bilmərəm çünki, məndən qat-qat bu işdə təcrübəlilər var. Özümdən  sonra gələnlərə demək istəyirəm ki, televiziyadan məhşurluq üçün istifadə etməsinlər. Onu sevmək lazımdır. Sevməsən çalışması qeyri mümkündür. Gecəyə qədər çəkilişlərimiz, montajlarımız olub. Dözürük çünki televiziya sevgimiz var vəssalam başqa bir şey deyil. Peşələrini sevsinlər və kiməsə bənzəməyə çalışmasınlar. Ayaq altı qazmasınlar. Çünki son aylar həmkarlarımdan  bunu gördüm. Gülməli bir vəziyyətdir. Özü əldə edə bilmədiyini məndə görüb ona görə ayaq altı qazımaqla məşğuldu. Bacarırsansa sən də elə. Birdə aparıcı mütləq mütaliə etməlidir mütaliəsiz aparıcı aparıcı deyil.

Sevinc Xeyrulla

Gununsesi.info