Kral Maksimilianın əlini, Xan qızının qəzəlini bəzəyən qərənfil - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 20 Yanvar 2017 11:09

qaranfil

Onu  qəbristanlıqdan gül dükanına qaytarmağın vaxtı gəlib çatmayıbmı?

20 yanvarda həlak olanların hər biri qəhrəmandır. Hansı şəraitdə gülləyə tuş gəlmələrindən asılı olmayaraq Qəhrəman! Amma bu günün  daha bir qəhrəmanı da var ki, mən ondan yazacam. O qəhrəmanın adı QƏRƏNFİLdir. Həmin gün onun da düzəni pozuldu. Qərənfil  gül dükanından çıxıb qəbristanlıqda qərarlaşdı. Və düz 27 ildir ki, o şəhidləri yalqız buraxmır, onların keşiyini və nazını çəkir. Halbuki bir vaxtlar hər kəs qərənfilin nazını çəkərdi.  

Səni kimdir sevən bica qərənfil?

Sənə mən aşiqi şeyda qərənfil.

Bu qəzəlin müəllifi Xan qızı Natavan 19-cu əsrdə yazıb yaradıb. Qərənfilin dünyaya gəlişi isə gözəlliyinin sirri qədər müəmmalıdır. Məsələn, 16-cı əsrin məşhur Niderland rəssamı Yos  Van Kleve   Almaniya kralı 1-ci Maksimilianı əlində qərənfillə təsvir edib. Elə rəssamın özünün də əlində qərənfil tutduğu  portreti var. 1541-ci ildə Antverpendə vəfat edən rəssam Klevenin özünü fırça, Almaniya dövlətinin qurucusu, üstəgəl Müqəddəs Roma İmperiyasını imperatoru   1-ci Maksimilianı  isə topla-tüfənglə yox, qərənfillə çəkməsi təsüdüfü deyildi. 16-cı əsrin  40-cu illərinə qədər qərənfil  Avropanın ən sevimli gülü olub. Sonradan o öz yerini  Osmanlıdan gətirilən tülpana verib. Bu arada tülpanla bağlı bir haşiyə çıxmaq istəyirəm. Deməli, tarixi mənbələrdə  tülpanın adına hələ 15 əsrdə Osmanlı sultanı 2-ci Mehmetin dövründə  rast gəlmək olar. Tülpan hakim sülalənin  ən sevimli gülü idi, sarayların həyətini bəzəyirdi. Bununla belə türklər hələ 15-ci əsrdə aktiv şəkildə bu gülün  becərilməsi ilə məşğul olmurdular. Yalnız 1 əsr sonra Sultan Suleymanın  hakimiyyəti dövrü həm də  tüllpanın çiçəklənmə dövrü oldu. Danışırlar ki,  İlk dəfə olaraq tülpan 1550-ci ildə  Şərqi Avropada yayılıb. O dövrün görkəmli isveç alimi Konrad Gesner bir dəfə qonaq getdiyi Auqsburq şəhərində al qırmızı rəngdə açan güllə qarşılaşıb. Maraqlananda gülün sahibi deyib ki, onu İstanbuldan gətirilən soğanaqdan yetişdiriblər. 16-cı əsrin məşhur fransız botaniki Kluzius isə tülpanın Avropaya ikinci gəlişini  1562-ci ilə bağlıyır. O yazır ki, tülpan soğanaqlarını  Antverpenə-müasir Belçikanın ikinci böyük şəhərinə  dənizlə gətiriblər. Onları bu şəhərə göndərən isə 1554-1562-ci illərdə İstanbulda diplomatik fəaliyyətlə məşğul olan Ojye Gislen De Busbek idi. Busbekin adı tarixdə 1555-ci ildə Qanuni  Sultan Süleymanla danışıqlar aparan uğurlu siyasətçi kimi qalıb. Diplomatın həm də uğurlu “gül siyasəti”  16-cı əsrdə bütün Avropanı gülüstana çevirir. Özü də bir tək tülpana yox. Busbek Osmanlıdan ölkəsinə yasəmən də, nərgiz də, qərənfil də,  başqa bitkilər də göndərmişdi. 1562-ci ildə o ölkəsinə geri dönür, həmin ildə həm də Qanuni  Sultan Süleyman dünyadan köçür. Tülpanı avropalıların məişətindən başqa həm də ürəyinə köçürən hökmdar isə  Sultan Səlim olur. Məhz onun sultanlığı dövründə tülpan bütün sərhədləri aşır, onun şöhrəti görünməmiş vüsət alır.Tülpan soğanqlarının qiyməti o qədər bahalaşır ki, hətta vəziyyəti tənzimləmək üçün Sultan Səlim xüsusi fərman verməli olur.

leman

Hər nə isə, bu gün Hollandiya tülpan kimi  həm də qərənfilin vətənidir.  Azərbaycana da həmin ölkədən qərənfil də daxil olmaqla hər cür gül gətirilir. Gül bu ölkənin kənd təsərrüfatında ən vacib sahələrdən biridir və ölkə büdcəsinə hər il güldən və tərəvəzdən  təxminən 12 milyard avro daxil olur. Heyrətamiz rəqəmdir  deyilmi və adamda  təkcə gülə simpatiya yox, həm də  gül təsərrüfatı ilə məşğul olmaq həvəsi yaradır. Niyə də yox? Axı ötən əsrin 80-90-cı illəri çox da uzaq keçmişimiz deyil. Azərbaycan Rusiyanın gül bazarında aparıcı rola malik idi. Bu gün qeyri-neft sektorunun inkişafı baxımından da gülçülüyü inkişaf etdirmək xüsusilə cazibədar görünür. Üstəgəl, Rusiyanın qapıları da yenə qərənfil üçün açıq,  bizim gül becərənlərə qonşu dövlətin bazarına çıxmaq isə olduqca sərfəlidir. Onlar maya dəyəri maksimum 20 qəpiyə başa gələn qərənfili  Moskva bazarında ən azı 1 manata sata bilirlər. Daşınma xərcləri  ucuz  başa gələrsə,  bundan həm onlar, həm də büdcəmiz qazanar. Bəs eləsə nəyi gözləyirik?

 Nə qədər “Ağla, qərənfil, ağla” deyib bu gülü qəbristanlıqda saxlayacağıq? Onu evimizə, məişətinizə, həmişə nazlana-nazlana durduğu büllur güldanına  qaytarmağın vaxtı gəlib çatmayıbmı? Bəlkə düşünək?!

leman-1

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info