Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

07 Dekabr 2017 - 15:22

Kremlin “nə HƏRB, nə SÜLH” düsturlu Qarabağ planı- MÜRTƏZA BÜNYADLI YAZIR

Son bir neçə ayda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aktiv danışıqlar prosesinin davam etməsinə baxmayaraq, münaqişənin həlli istiqamətində hələ də konkret addımların atılmasının şahidi olmuruq.

Dekabrın 6-da Vyanada  ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində növbəti danışıqları keçirildi. Verilən açıqlamalara görə, görüşdə danışıqlar masasında olan təkliflər üzrə intensiv və konkret müzakirələr aparıldığı, bu intensiv və substantiv danışıqların davamı kimi, 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilməsi barədə razılığın əldə olunduğu bildirilir. Lakin bu danışıqlar da bir daha sübut edir ki, nə Ermənistan öz işğalçılıq siyasətindən geri çəkilmək niyyətindədir, nə də ki, münaqişənin sülh yolu ilə tənzimlənməsində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT MQ həmsədrləri işğalçı ölkəyə təzyiq edib sülhə vadar etmək niyyətindədir. Əgər həmsədr ölkələrin niyyəti olarsa Qarabağ münaqişəsinin həlli qısa zamanda mümkün ola bilər. Lakin bu ölkələrin hər birinin Cənubi Qafqazda həyati əhəmiyyətli maraqları olduğundan, bu maraqlarını müdafiə edib, mövqelərini təmin etmək üçün Qarabağ münaqişəsindən bir vasitə kimi istifadə edirlər. Birmənalı şəkildə demək olar ki, münaqişənin həllinə daha çox mane olan və bunu istəməyən yeganə ölkə varsa, o da, Rusiyadır. Əgər doğrudan da Moskva Qarabağ məsələsinin ədalətli həllində maraqlı olsaydı, bunu gerçəkləşdirmək üçün konkret addımlar ata bilərdi. Ona görə ki, Moskvanın Qarabağ münaqişəsinin həllində İrəvanın işğalçılıq siyasətinə son verməsi üçün bütün təsir imkanlarına malikdir. Sadəcə Moskvanın imperiya ambisiyaları buna imkan vermir. Moskva hər vasitədən istifadə edib Cənubi Qafqazı birmənalı şəkildə öz təsir dairəsinə salmaq üçün bölgə ölkələrinə açıq təhdiddən belə çəkinmir. Əslində Rusiya bu gün Qarabağ münaqişəsinin həllini daha da mürəkkəbləşdirməklə, problemin faktiki həllini qeyri-mümkün bir mərhələyə keçirməyə çalışır. Kreml bu gün Qarabağ münaqişəsini “nə HƏRB, nə SÜLH” düsturuna əsaslanaraq bölgəni öz nəzərətində saxlamaq taktikasını seçib.

Moskva bu məqsədlə tərəflərə qarşı müxtəlif təhdid formalarından istifadə etməyə çalışır. Elə bir müddət öncə Vladimir Jirinovskinin, istərsə bu günlərdə rusiyalı ekspert Modest Kolerovun Qarabağın Azərbaycan və Ermənistandan ayrı Rusiyanın tabeliyində olan bir  subyekt olması barədə verdiyi destruktiv bəyanatlar Kremlin daha təhlükəli planlarından xəbər verir.

Düzdür, Moskvanın belə bir niyyəti olsa da, bu niyyətini reallaşdırmaq, o qədər də asan deyil. Və bunun bədəli ağır ola bilər. Kreml yaxşı anlayır ki, belə variantda münaqişənin həlli bölgəni itirməsi deməkdir. Odur ki, Kreml “NƏ SÜLH, NƏ HƏRB” variantına üstünlük verir. Moskva bu planını reallaşdırmaq üçün təkcə münaqişə tərəflərinə birbaşa  təhdiddən başqa, münaqişə tərəflərindən istifadə taktikasından yararlanır.

Rusiya onun da fərqindədir ki, bu taktika da uzun müddət davam edə bilməz. Çünki günün birində proseslər nəzarətdən çıxa bilər və qarşısı alınmaz bir prosesə səbəb olar ki, bundan da daha çox ziyan çəkən elə Rusiyanın özü olar. Belə ki, Azərbaycan uzun müddət münaqişənin həllindəki mövcud status-kvo ilə barışmaq niyyətində deyil və rəsmi Bakı bu niyyətini dəfələrlə bəyan edib. Bəyan edib ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsiplərinə uyğun formada Azərbaycanın ərazi bütövlüyü və suverenliyini hərb yolu ilə təmin edəcək.  Bu isə Qarabağda gec-tez müharibənin baş verməsi deməkdir. Sadəcə Azərbaycan onun üçün münbit şəraitin yaranmasını gözləyir.

Bu xüsusda məşhur amerikalı geosiyasi strateq Zbiqnev Bjezinskinin ölümdən az öncə Güney Qafqazın gələcəyi kontekstində söylədiyi bəzi fikirlər diqqət çəkir. Belə ki, Bjezinski ölümündən öncə verdiyi açıqlamada Qarabağda müharibənin qaçılmaz olduğunu və bu problemin həllini ləngidən tək ölkənin Rusiya olmasına diqqət yönəldib. O hətta Qarabağla bağlı Bakı və İrəvan birbaşa sülhə səbəb olacaq hansısa ortaq təşəbbüslə çıxış edərsə, Kremlin müqaviməti ilə üzləşəcəyi haqda xəbərdarlıq edib. Bjezinski onu da əlavə edib ki, Rusiya tətbiq edilən sanksiyalar nəticəsində 10-15 il sonra tanınmaz hala gələcək və öz problemləri içində boğulan, xarici siyasətlə məşğul olmaq həvəsindən məhrum, ələlxüsus da Avrasiya inteqrasiya planlarına həvəsini itirmiş bir ölkə kimi olacaq: “Bizim vəzifəmiz də odur ki, Moskva öz ərazisində olan problemlərin həlli ilə məşğul olsun və ondan ötrü xarici siyasət, xüsusən də yaxın qonşulara münasibətdə siyasət ikinci və üçüncü dərəcəli olsun. O halda Rusiya yəqin ki, yenidən özünü kəşf edəcək – müstəmləkəçi, təftişçi təzahürlərdən əl çəkərək və nəsli dəyişməsinin nəticəsi olaraq. Biz onların üzünə gülümsəməkdə davam edəcəyik, dialoqun vacibliyini qeyd edəcəyik, ancaq eyni zamanda Rusiyanın zəifləməsinə yönəlik işlərimizi də davam etdirəcəyik”.

Qarabağ məsələsinə toxunan politoloq deyib ki, Azərbaycanla Ermənistan hələ çox qan axıdacaq: “Deməli, siz müharibəyə hazır olmalısınız – hansı ki, qaçılmazdır. Rusiya zəifləyəcək və o zaman ya siz, ya da Azərbaycan qarşı tərəfi məğlubiyyətə düçar eləməklə qələbə qazanmaq imkanı əldə edəcəksiniz”.

Odur ki, əgər Rusiya doğrudan da bölgədə öz maraqlarını, təhlükəsizliyini təmin etmək və qonşularla səmimi dostluq münasibətlərini qorumaq istəyirsə öz imperiya ambisiyalarından geri durmalı, Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməlidir. Əks təqdirdə məşhur amerikalı politoloqun dediyi kimi baş verən proseslər sonda Rusiyanın özünün çöküşünə və hətta parçalanmasına yol açacaq.

İndiki halda bizim üzərimizə düşən vəzifə ölkənin sabitliyinə qarşı təhlükə yaradan bütün amillərə qarşı ayıq-sayıq olmaq, ölkənin davamlı inkişafını təmin etmək və bu istiqamətdə yürüdülən siyasəti davam etdirməkdir. Hansı ki, Azərbaycan da istər beynəlxalq aləmdə baş verən proseslərin hansı istiqamətdə cərəyan etdiyini, istərsə də Qarabağ məsələsinin həllini qeyri-mümkün edən amilləri yaxşı bildiyindən səbrlə öz gününü gözləyir. Ona görə də bütün problemlərdən yeganə çıxış yolu güclü olmaqdan və gücül ordu qurmaqdan ibarətdir.

Mürtəza Bünyadlı

Gununsesi.info





loading...