VİDEO

Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



İyun 2017
BE ÇA Ç CA C Ş B
« May    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

XƏBƏR LENTİ

22 İyun 2017

23 Dekabr 2016 - 00:01

Küçədəkilərə “necəsən” sualını versən, oturub ağlayarsan- ŞAİR AQŞİN EVRƏN

  a01 

Adı masonluqda hallanan şair: “Bu sistemin üzvlərinin müəyyən bir üstünlükləri var”  

 

Bu layihəyə başlayanda düşünürdüm ki, təkcə şou əhlinin deyil, ədəbiyyat adamlarının da evinə qonaq gedəcəyəm. Çünki hazırda böyük oxucu kütləsi olan şairlərin, yazarların da şəxsi həyatlarını, evlərini, yaşayışlarını öyrənmək istəyənlər var. Buna görə də “Mənim əziz evim” layihəsində bu dəfə tanınmış şair Aqşin Evrənin qonağı olduq.

 

 – Aqşin, uzun müddətdir fəaliyyətini yaxından izləyirəm. Qalmaqallardan uzaq bir həyat tərzi seçmisən və öz sahəndə irəliləyirsən…

– Əvvəlcə bir şeyi deyim – İnsanın seçmək şansı yoxdur. Həyat özü ona seçimləri təklif edir. Yəni insanın təklifi dəyərləndirmək şansı var, seçmək yox. İndi mən də özümə həyat tərzi seçməmişəm. İstədiyim, içimdən gələn kimi rəngarəng ömür yaşayıram. Qalmaqaldan uzaq deyəndə ki… Açığı, sosial şəbəkədə, saytlarda “Real Madrid” yoxsa “Barselona”? qırğınında iştirak edən vaxtım deyil. İçində sənət olmayan mahiyyətsiz söz atışmaları insana heç nə vermir, əksinə, onun vaxt və sağlam düşünmək, hiss etmək funksiyasını zəiflədir.

Bizdə ədəbi polemikalar söz soxmaq (bu, ifadədən xoşum gəlmir) səviyyəsindədir. “Bəzi şairlər, yazıçılar filan şey yazırlar”, “Ən böyük şair mənəm” – deyə fikir yazıb kimlərəsə söz atan adam heç vaxt ciddi mətn yaza bilməyəcək. O, elə bu tip saçyolduda ilişib qalacaq. Ümumiyyətlə, istedadın mənşəyi faciəlidir. Öz istedadı, yəni faciəsi ilə fəxr edən adam şair kimi də, insan kimi də natamamdır, yarımçıqdır. Demək, o komplekslidir, öz içində böyük olmadığını çox yaxşı bilir.

a2

– Ədəbiyyatı bildik, bəs, real həyatdakı Aqşin Evrən necədir?

– Hə, bu dilemmaya qələm adamlarının  müsahibələrini redaktə edəndə tez-tez rast gəlirəm. Çox rüsvayçı cavablar verirlər. Əslində, “Real həyatdakı mən” və “sənətdəki mən” ifadəsinin mahiyyətində saxtakarlıq, ikiüzlülük var. Bir çox qələm adamında görmüşəm, deyib ki, “mən əslində başqa cürəm, amma şeir yazanda tamam başqa oluram, öz hücrəmə sığınıram-filan”. Bunlar gülməlidir. Guya şeir yazanda bunlara peyğəmbərlik verilir. Kafkanın möhtəşəm bir fikri var: “İstedad xarakterdir”. Xarakteri qəssab olan adam 3 kurs müalicə alsa da ondan şair, rəssam düzəltmək olmaz. Həyatda necəyəmsə, ədəbiyyatda da, futbolda da, martini içəndə də, Gəncəyə gedəndə də eləyəm.

– Nazim Hikmətin belə bir şeiri var: Kitab oxuyuram içində sən varsan, film izləyirəm içində sən varsan, musiqi dinləyirəm içində sən varsan. Bəs, Aqşin Evrən bütün bunları edəndə içində kimi və ya nəyi görür?

– Vəziyyətə görə dəyişir… (fikirləşir) Mən bütün bu hallarda ancaq ideyalarımı fikirləşirəm, həyat və yaşam haqqında suallarıma cavab axtarıram. Çox vaxt özümdən asılı olmur, filmin yarısında fikrim gedir ideyanın yanına, bir də ayılıram ki, artıq titrlər yuxarı, göz qapaqlarım aşağı enir. Məncə, hər bir insan yaradılış, seks, həyat və ölüm, sevgi haqqında təsəvvürlərini müəyyənləşdirməlidir.

– Aqşin bildiyim görə tək yaşayırsan. Təklik sənin üçün çətin deyil ki?

– Vallah, çətin olmaq üçün o qədər şey var ki… Tək yaşayıram, amma dostlarımız tez-tez gəlib-gedir. Demək olar ki, ətrafımda hər sahədən, hər təbəqədən adamlar var. Düzdür, son vaxtlar onlarla görüşmək o qədər də mümkün olmur, çünki yaşamağa belə vaxt tapmaq olmur. Təklik çətin deyil… Ümumiyyətlə, bu tək qalmaq insanın anatomiyasında var. Nəticə etibarilə insan dünyaya tək gəlir, tək də gedir.

– Bəs, evdə sənə ən əziz əşya hansıdır?

– Doğrusu, elə bir əşya yoxdur. Gəlin bu “əziz” sözünü ucuzlaşdırıb biabır eləməyək (gülür). Ancaq ən rahat olduğum yer çarpayıdır… Çarpayı insan həyatının başlanğıc, davamedici və son nöqtəsidir. Çarpayının ilkin halı beşik, son halı tabutdur.

– Bir çox məşhurlar ev heyvanı saxlayır, sənin ev heyvanın var? Və ya saxlamısan?

– Yox, saxlamıram, amma bununla bağlı bir hadisə danışım. Bir gün həmişəki kimi kitab oxuyarkən yuxuya getmişəm. Yuxuda ikən hiss etdim ki, üzümdə nəsə gəzir. Ayılıb həşərat olduğunu başa düşdüm, sadəcə, əl vurmadım ki, zəhərli ola bilər. Gəlib güzgünün önündə baxdım ki, hörümçəkdir. Götürüb atdım termonun üstünə. Hiss etdim ki, evdən qəribə qoxu gəlir. Mətbəxə keçib gördüm, çaydan qaynayıb, su daşıb qazı söndürüb, qaz da evə dolur. Tez qazı bağladım, pəncərələri açdım, sonra gəlib həmin hörümçəyi tapıb təşəkkür elədim (gülür). Adi bir həşərat həyatımı xilas etmişdi. Ondan sonra o hörümçəyi karton qutunun içində saxlamağa başladım, hər gün “yemək” verirdim. Bir gün gəlib gördüm ki, çıxıb gedib.

Uşaqlıda bizə öyrətmişdilər ki, hörümçəyi öldürmək günahdır, çünki o vaxt mağarada  peyğəmbərin həyatını xilas edib.

– Sosial durumun necədir? Son zamanlar ölkə iqtisadiyyatını bürüyən  böhran həyatına hansı formada təsir edib?

– Şairlər də, memarlar da, sehrbazlar da adi insanlardır. Xalqa necə təsir edir, mənə də elə. Əslində, faciə insanları birləşdirir, amma bizim toplumu nədənsə devalvasiya faciəsi vəhşiləşdirdi. Məsələn, polis salfet satan qarıdan “dolya” alır. Dövlət bu “paqonlu dilənçi”yə kifayət qədər maaş verir, amma onun gözü doymur. Gəlib 3-4 manat çörəkpulu qazanan qarının əlindən pulunu alır. Bu artıq vəzifə yox, kişilik məsələsidir. Aydındır ki, devalvasiya yaşayışımızı ikiqat çətinləşdirib. Küçədə insanlara, yaşlılara “Necəsən” sualını versən, oturub ağlayarsan.

– “Dolya” dedin, yadıma düşdü. Belə bir fikir var ki, Aqşin Evrənin kriminal aləmlə yaxın əlaqələri var. Hətta nüfuzlu qanuni oğru Rövşən Lənkəranski vəfat edəndə sənə başsağlığı verənlər də var idi.

– Çox maraqlı əfsanədir (təbəssümlə). Hərdən tanışlar da məndən bu haqda ciddi-ciddi soruşurlar. Bilmirəm, bu söhbətlərin başlanğıc nöqtəsi haradır. Yəqin ki, dostlar zarafat ediblər, sonradan belə bir şayiə yayılıb. Kriminal aləmlə yaxından-uzaqdan heç bir əlaqəm yoxdur… Başqa… Heç nə, uzun ömür, can sağlığı, vətənə sədaqət, Rövşən bəy Canıyevə də rəhmət diləyirəm.

– Başqa bir iddia da masonluqla bağlıdır. Sənin haqqında yazılar yayılmışdı. Bəziləri yazırdı ki, səni masonlar maliyyələşdirir.

– Bu da maraqlı əfsanədir. Ümumiyyətlə, 2000-ci illərdən sonra dünya insanının fantaziyasında qəribə bir partlayış yaşandı. Texnologiya inkişaf etdikcə insanlar ağlasığmaz şeylər fikirləşməyə başladılar. Bu da onlardan biridir. Doğrudur, mən zaman-zaman masonluqla bağlı yazılar yazmışam, araşdırmalar aparmışam, amma bu o demək deyil ki, masonlarla kartof qızartması yeyib dünyanın taleyini həll edirəm. Birbaşa ünsiyyətdə olduğum mason olub. Təxminən 5-6 il əvvəl bir türk tələbənin vasitəçiliyi ilə Türkiyədə yaşayan azərbaycanlı masonla söhbət etdik. O, elə şeylər danışdı ki, mənim masonluq haqqında təsəvvürlərim dəyişdi. Masonluq hər kəsin düşündüyü kimi dünyanı idarə edən təşkilat-filan deyil, əxlaq sistemidir. Sadəcə, bu sistemin üzvlərinin müəyyən bir üstünlükləri var. Masonluqla maraqlanan gənc dostlarımıza demək istəyirəm ki, gedin dərsinizi oxuyun, elmə yiyələnin, həyatınızı qurun. Boş-boş işlərə vaxt ayırmayın.

– Gələk yaradıcılığa… Xəzər Süleymanlı ilə yeni bir layihəniz var. O, sənin şeirlərini səsləndirir. Bu işiniz çox gözəl alınır, maraqla qarşılanır. İdeya kimin ağlına gəldi?

– Hə, biz bu layihədə film, musiqi, mahnı və poeziyanın vəhdətini yaratmışıq. İdeya və bütün zəhmət Xəzərindir. Sadəcə, şeirlərin müəllifi mənəm. Xəzər şeiri səsləndirir, hazırlayır, sonra müzakirə edirik, çatışmazlıqları və artıq şeyləri də düzəldib təqdim edirik. Böyük maraq doğurur. Təkcə “Unutmağın resepti” ilə bağlı hər gün xeyli məktublar alırıq.

– Kitab nə zaman çıxacaq bəs?

– Yazda… Mart-aprel aylarında.

– Keçən dəfə iştirak etdiyin bir sorğuda oxudum ki, kinematoqrafiya sahəsində də özünü sınamaq istəyirsən.

– Bu sahədə müəyyən işlər görməyə çalışırıq. Hələ ki, 3 nəfərik: rejissorlar Amil Məmibəyli, Ayşad Səfərəliyev və mən. Amil və Ayşad Rusiyada 4 il təhsil alıblar. Filmləri beynəlxalq festivallara dəvət alıb, maraqla qarşılanıb, mükafata layiq görülüb. Çox istedadlı rejissorlardır. Fəaliyyətimiz təkcə filmlə məhdudlaşmayacaq. Reklam sahəsində də işlərimiz olacaq, burada da çalışırıq. Çox adamla söhbət zamanı eşitmişəm ki, Azərbaycanda çəkilən reklamlar çox bəsitdir. Hətta izləyicilər həmin reklama baxdıqdan sonra o məhsulu almaqdan imtina edirlər. Bizdə müəyyən ideyalar var, bunların üzərindən şirkətlərlə əməkdaşlıq etməyə hazırıq.

– Bəs, film çəkmək məsələsi ilə bağlı maliyyə problemi yaşamırsınız ki?

– Əlbəttə, yaşayırıq. Maliyyəni dövlət, konkret desək, Mədəniyyət nazirliyi ayırmalıdır. 1-2 dəfə ssenari şöbəsi ilə müzakirəmiz olub, gözləyirik. Əlimizdə olan 2 ssenarini Türkiyəyə göndərdim. Türk ssenaristlər böyük canfəşanlıqla xahiş etdilər ki, çəkilməsinə razılıq verək, ancaq hələ ki, razılıq vermədik. İnanırıq ki, nazirlik əlimizdəki ssenariləri dəyərləndirəcək və biz bunları Türkiyə yox, məhz Azərbaycan filmləri kimi beynəlxalq festivallara göndərə biləcəyik. Əks halda məcburən ssenariləri türk ssenaristlərə bağışlamalı olacağıq. Bildiyiniz kimi, son vaxtlar bir çox azərbaycanlı atletin, rəssamın, futbolçunun, alimin səsi dünya ölkələrindən gəlir. Ölkədə olan gənclərini dəyərini bilmək lazımdır. Çoxunun dəyəri bilinmir deyə, gedib başqa ölkədə uğurlu karyera qurub, həmin ölkəni də təmsil edir.

– Gəl söhbətimizi elə bu pozitiv “uğurlu karyera “ sözü ilə bitirək. Bizi evində qonaq etdiyin və səmimi münasibətin üçün çox sağ ol.

– Mən də sizə evə qarşı səmimi olduğunuza görə təşəkkür edirəm (gülür).

a4

İradə Zamanova




loading...
Loading...