Lapşindən yazaq, Canəlidən, yoxsa….? - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 08 Fevral 2017 16:30

leman

Əslində Lapşindən yazmaq istəyirdim.

Ötən gecə Bakıya gətirilən qırmızı gödəkçəli, sırtıq təbəssümlü bloggerdən. Onun aqibətinin necə olacağı ta əvvəl gündən çoxları kimi bəndənizi də maraqlandırırdı. Axırı yaxşı oldu. Lapşin anladı ki, özünə umac ova bilmədiyi halda başqalarına “lapşa” kəsmək heç də yaxşı sonluqla qurtarmır.

Lapşini Azərbaycana təhvil verən Belorus Prezidenti Aleksandr Lukaşenkoya da təşəkkür, bu məsələdə prinspiallıq göstərən Prezident İlham Əliyevə də.

lapsin

Hər halda tək Lapşin yox, onu himayə edən dövlətlər də Azərbaycanın iradəsini gördülər.

Bundan sonrası açığı heç maraqlı da deyil. İstəyir Lapşinə 13 il iş versinlər, istəyir 13 gündən sonra açıb qapısını buraxsınlar ki, get, “lapşa”nı kəs və bir də burnunu başqalarının işinə soxma. Yoxsa, aşının, pardon, xəmiraşının suyunu verərlər.

Eynən Canəli Əkbərov bizim muğam ustalarının aşının suyunu verən kimi…

Canəli Əkbərov haqqında dostlarımdan belə bir maraqlı lətifə eşitmişəm. Əslində olan hadisədir.

Danışırlar ki, Habil Əliyev bir dəfə Canəli Əkbərovla hal-əhval edir, ondan kefini soruşur. “Canəli də deyir ki, nə bilim ay Habil müəllim, həkimlər deyir böyrəyimdə çoxlu duz var. Habil Əliyev də qayıdır ki, həkimlərə inanma, Canəli, Allaha and olsun, səndə bir qram da duz yoxdur”.

Bernard Şounun sözüdür. Deyir dünyada ciddi yumordan daha ciddi heç nə yoxdur.

Rəhmətlik Habil Əliyevin Canəli Əkbərovla “duz” söhbəti yəqin çoxunuzun dodağını qaçırdı, amma inanın ki, mən muğam ustadının o duzsuz müsahibəsini oxuyanda xeyli sarsıldım.

Gör bizim mədəniyyət, sənət adamlarımız nə gündədir?-deyə.

Əlibaba Məmmədova “Əlibobbi”, Mənsum İbrahimova “ çənəsi əyri gədə” , “bicokun dal ayağı” deyən adam bu ölkənin xalq artisti, mədəniyyət daşıyıcısı, qabaqda gedənidir. Və ən başlıcası ağsaqqalı. Özü demişkən, 14 nəvə, 14 nəticə sahibi. Bu yaşda, bu statusda olan adamın görmüşük ağzından dürr tökülər. Bunun ağzından tökülən hər nədirsə, dürr deyil. Səbəbini bilirsiz?

Cahillik. Nadanlıq. Şöhrətdən baş gicəllənmə. Allahın verdiyi səsi allahsızcasına öz adına çıxıb, onun xaricində heç bir keyfiyyətini inkişaf etdirməmək!

Əgər Canəli Əkbərov ömür boyu ifa etdiyi muğam mətnlərindən başqa bir bədii kitab vərəqi açıbsa, mütaliə edibsə adımı dəyişərəm.

caneli

Söhbət təkcə Canəlidən getmir haa. Onu bu intriqaya cəlb edənlər də ondan heç nəyi ilə geridə qalmırlar. Yəni düşünməyin ki, məsələn, Arif Babayevin ən son oxuduğu kitab tutaq ki, Sellencerdən olub. O ən yaxşı halda Məhəmməd Füzulini Canəlinin xaricə qastrol səfərini əngəlləyən illərdə oxuyub. O da oynadığı rola görə. Sonuncu açıqlalamarında isə onlar özlərini oynadılar. Kim necə vardı, o cür! Adam təəssüflənir. Həm də ona görə ki, bizim cəmiyyətdə bu cür adamlar qaymaqlar hesab olunurlar.

Sonda onu da deyim ki, Canəli Əkbərovun massaj kadrlarını ortaya çıxartmaq da kişilikdən deyil. Ən azı ona görə ki, orada bir qadının taleyi müzakirə mövzusudur. Üstəlik, o kadrlarda Canəlinin pis niyyətli olduğu görünmür. Dediyim bu ki, o görüntülər danışdıqlarının yanında toya getməlidir.

Ayıbınızı toy örtsün, cənablar!

Siz ancaq oxuyun, lütfən, danışmayın.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info