Lavrov:  “İran üzrə razılaşma BMT TŞ-da təsdiqlənib, onu dəyişmək olmaz”

  • By admin
  • 22 Sentyabr 2017 22:33

lavrov_(4)
İranın nüvə proqramına dair razılaşmanı BMT Təhlükəsizlik Şurası təsdiqləyib, onu dəyişmək olmaz”.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Yalnız Rusiya yox, danışıqlarda iştirak etmiş bütün Avropa ölkələri, BMT-yə üzv əksər dövlətlər proqramı pozmamağa çağırıb. Bu proqram tamamlanmış şəkildədir və BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənib. Ona yenidən baxmaq bütün nailiyyətlərə xətt çəkmək deməkdir”, deyə S.Lavrov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı hər hansı iradları uyğunlaşdırılmış formatlar vasitəsi ilə həll edilməlidir.

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışı zamanı İranın nüvə proqramına dair razılaşmanı kəskin tənqid edib. Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb. BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.

 

Gununsesi.info