“Lavrov sanki Ermənistanın xarici işlər naziri kimi danışıb…” - Ilham Rəhimovdan əsl vətəndaş mövqeyi

  • By admin
  • 21 Yanvar 2017 11:54

ilham1

“Lavrov “Dağlıq Qarabağ istisnasız olaraq Azərbaycanın məsələsi deyil” deməklə həm də bütün tərəflərə yaxın zamanlarda Qarabağ düyününün açılmayacağını bildirib. O, açıq şəkildə bəyan edib ki, yaxın perspektivdə problemin həllini görmür”.

Gununsesi.info xəbər verir ki, bunu “Yeni Müsavat”-a geniş müsahibəsində tanınmış iş adamı, professor İlham Rəhimov deyib.

İ. Rəhimovla olan müsahibəni olduğu kimi, təqdim edirik:

– İlham müəllim, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan jurnalistinin sualına cavabında “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” fikrini səsləndirməsi ən müxtəlif dairələrdə müzakirə olunmaqdadır. Siz bu bəyanatı necə şərh edirsiniz?
– Məsələ burasındadır ki, Lavrov bu fikri bir qədər fərqli ifadə edib. O, deyib ki, Dağlıq Qarabağ problemi istisnasız olaraq Azərbaycanın daxili məsələsi deyil. Bu, çox ciddi bəyanatdır. Birincisi ona görə ki, belə açıq münasibət ilk dəfədir səslənir. İndiyə qədər analoji bəyanat olduğunu xatırlamıram. İkincisi ona görə ki, bu fikri çox yüksək dövlət vəzifəsi tutan şəxs deyir. Sergey Lavrov sıradan siyasətçi, deputat, politoloq, jurnalist deyil, o, Rusiya kimi nəhəng bir dövlətin xarici siyasət idarəsinə başçılıq edir. Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm, Azərbaycandakı bir sıra media orqanları Rusiyanın ayrı-ayrı politoloqlarını yanlış olaraq prezident Putinin siyasi məsələlər üzrə müşaviri kimi təqdim edir. Prezident Vladimir Putinin belə müşavirləri yoxdur, ola bilər, onlar hansısa ictimai palataların üzvləridir və Rusiya prezidenti də həmin qurumun rəhbəridir. Dediyim kimi, son bəyanatın ciddiliyini müəllifin politoloq, jurnalist yox, XİN rəhbəri olması da artırır. Lavrov Rusiyada Qarabağ məsələsi ilə birbaşa məşğul olan ən yüksək rütbəli dövlət yetkilisidir. Azərbaycanda gedən müzakirələrlə qismən tanışan, bəziləri Lavrova verilən sualın provokasiya xarakteri daşıdığını düşünür. Mən bu fikri bölüşmürəm. Sual çox cəsur, birbaşa və düzgün sual idi. İndiyə qədər Azərbaycan jurnalistlərindən heç biri nə Lavrova, nə də Qarabağ məsələsinin beynəlxalq müstəvidə müzakirəsində birbaşa iştirak edən hər hansı şəxsə belə açıq sual verməmişdi. Ona görə də sualın provokasiya kimi qiymətləndirilməsini ədalətli yanaşma saymıram. Çox yaxşı ki, jurnalist belə bir sual səsləndirib. Çünki cavabdan məmnun qalmasaq da, biz məhz bu sualın cavabında gerçək mövqeni öyrənə bildik. Sözsüz ki, cavab gözlənilməz idi…

 “Lavrov “Dağlıq Qarabağ istisnasız olaraq Azərbaycanın məsələsi deyil” deməklə həm də bütün tərəflərə yaxın zamanlarda Qarabağ düyününün açılmayacağını bildirib. O, açıq şəkildə bəyan edib ki, yaxın perspektivdə problemin həllini görmür”

Rusiya dəfələrlə həm dövlət başçısı, həm də XİN-i səviyyəsində Azərbaycan Respublikasınn ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu dəfə isə, Rusiya XİN-nin deyərdim diplomatik üslub baxımdan qeyri dəqiq ifadəsi Azərbaycanda haqlı olaraq narazılıqla qarşılanıb. Bununla əlaqədar ehtimal etmək olar ki, Rusiya tərəfi məlum ifadə ilə bağlı əlavə açıqlama verəcək.
Mənim yorumum belədir – Sergey Lavrov demək istəyib ki, gəlin, müzakirə edilən mövzuları dəqiqləşdirək, Dağlıq Qarabağın statusu və Dağlıq Qarabağa aid olmayan ərazilərin işğaldan azad edilməsi ayrı-ayrı müzakirələrin predmetidir. Beynəlxalq hüquq sənədlərində Dağlıq Qarabağa aid olmayan ərazilər Azərbaycanın işğal edilmiş əraziləri kimi göstərilir. Dağlı Qarabağın statusu məsələsini isə o, istisnasız olaraq Azərbaycanın məsələsi hesab etmir. Əslində beynəlxalq institutlar tərəfindən bu məsələnin həlli bir neçə ölkəyə həvalə edilib. Düşünürəm ki, Lavrov məhz bu məqamı vurğulamaqla problemin yalnız Azərbaycanın olmaması məsələsini dilə gətirib. Bu, eyni zamanda o deməkdir ki, Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın əl-qolu bağlıdır. Lavrov da məhz həmin hüquqi sənədlərə işarə vuraraq belə bir ifadə işlədib. Bu mənim yorumumdur. Sözsüz, bu, bizim üçün heç də xoş olmayan durumdur. Məsələnin digər bir tərəfi də var – Rusiya XİN rəhbərinin bəyanatı sanki savaş durumunda olan iki ölkəyə deyil, yalnız Azərbaycana yönəlib. Ona görə də söylənənləri “tək başınıza bu işlərə qarışmayın kimi” qəbul etmək olar. Hər halda bu xoş deyil. Fikrimcə, Azərbaycan rəsmən Rusiya XİN-dən bu haqda açıqlama tələb etməlidir. Çünki baş verənlər Azərbaycanın maraqlarına cavab vermir.
– Lavrov onu da bildirib ki, işğalın bitməsi ilə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi paralel baş verməlidir. Rusiya XİN rəhbəri bu fikri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq bildirib. Sizcə, belə bir çözüm  mümkün ola bilərmi?
– Sözsüz, bu Azərbaycan üçün asan qərar deyil. Proses qərar zamanı Azərbaycanın üstün mövqedə olub-olmamasından birbaşa asılıdır.
– Professor, siz həmsədrlərin təklif etdiyi 5+2 formatını da müsahibələrinizdən birində Azərbaycan üçün tələ adlandırmışdınız. O fikrinizdə qalırsınızmı?
– Hər zaman bildirmişəm ki, Azərbaycanın işğal olunan torpaqlar məsələsini bütünlükdə önə çıxarmasına ehtiyac yox idi. Çünki, məsələnin bu cür qoyuluşu maraqlı tərəflərə gərək deyil. Lavrovun son bəyanatı da göstərir ki, Azərbaycan birmənalı olaraq problemin həllində müzakirə predmeti kimi yalnız və yalnız Dağlıq Qarabağın üzərində dayanmalı idi və dayanmalıdır. Söhbət Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tuturam. Həm də istisnasız olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Dağlıq Qarabağın statusu müzakirəyə çıxarıla bilər, amma önəmli olan bu statusun Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində müzakirə pridmeti olmasıdır. Lavrov “Dağlıq Qarabağ istisnasız olaraq Azərbaycanın məsələsi deyil” deməklə həm də bütün tərəflərə yaxın zamanlarda Qarabağ düyününün açılmayacağını bildirib. O, açıq şəkildə bəyan edib ki, yaxın perspektivdə problemin həllini görmür. Ötən ilin aprelində Azərbaycan-Ermənistan cəbhəsində yaşananları xatırlayırsınızmı? Hər kəs bildirirdi ki, artıq məsələ çözülüb, bir sıra məqamların dəqiqləşdirməsi qalıb… Ancaq hər iki tərəf daha artıq qanın axıdılmaması üçün atəşi dayandırdı. Yanlış qərar idi.

 “Rusiya indi qarşılıqsız olaraq heç kimə bir qəpik də vermir”

– Dünya birliyi konfliktin hərb yolu ilə nizamlanmasını qəbul edəcəkdimi?
– Apreldə Azərbaycan tərəfi Ermənistanın hərbi provakasiyasına cavab olaraq döyüş əməliyyatlarını davam etdirsəydi heç şübhəsiz ki, daha geniş əraziləri işğaldan azad etmək mümkün idi. İndi isə hərbi əməliyyatları bərpa etmək Azərbaycana ziyan gətirə bilər. Bu halda dünya ictimaiyyəti, bütün beynəlxalq qurumlar Azərbaycanı hərbi yola əl atdığı üçün ittiham edəcək. Çünki beynəlxalq sənədlərin hamısında Azərbaycana problemin dinc yolla həlli tövsiyə olunur.
– Əgər dinc yolla alınmırsa, Azərbaycan alternativ yola əl atmamalıdırmı?
– Əgər indi mümkün çözüm variantları Azərbaycanı qane etmirsə, problemi həll edilməmiş saxlamaq bizim maraqlarımıza daha çox cavab verir. Ona görə ki, problemin dondurulmasından Azərbaycandan çox, Ermənistan əhalisi əziyyət çəkir. Bu sirr deyil ki, Rusiya onlara dəstək verir – kreditlər, investisiyalar ayırır. Bundan başqa, erməni diasporu, imkanlı insanlar yardımlar ayırır. Ancaq bütün bunlar günlərin bir günündə bitəcək. Xüsusən indiki ağır iqtisadi şərtlər altında bu imkanlar xeyli azalır. Rusiya indi qarşılıqsız olaraq heç kimə bir qəpik də vermir. Erməni diasporu da sağmal inək deyil. Dəstəyin azalması o deməkdir ki, Ermənistanda həyat şərtləri durmadan ağırlaşacaq. Hər halda, Ermənistanda çox yaxşı anlayırlar ki, Azərbaycan torpaqlarının işğalını davam etdirdikcə belə asılılığın ömrünü də uzadırlar. Bütün hallarda zaman onların xeyrinə işləmir.
– Ancaq prosesin uzanmasının mənfi tərəfləri də var. Zaman keçdikcə Qarabağ yaddaşlardan silinir…
– Əgər şərtlər bizə qətiyyən uymursa, bizim hər hansı addım atmağımız doğru qərar sayıla bilməz. Problemin dondurulması onun gündəmdən çıxarılması anlamına gəlmir. Müzakirələr şərtlər Azərbaycan üçün məqbul olana qədər davam etməlidir. Azərbaycan Qarabağ məsələsini ciddi itkilər hesabına çözə bilməz. Bu bizim milli maraqlarımıza cavab vermir. Azərbaycan bu gün həm iqtisadi, həm sosial cəhətdən Ermənistandan qat-qat üstündür. Biz bu balansı öz xeyrimizə dəyişdikcə, Qarabağ məsələsinin həllinə daha çox yaxınlaşırıq.

 “Ötən ilin aprelində Azərbaycan dünyanı fakt qarşısında qoya bilərdi”

– Açıqlama öz yerində, sizcə, Lavrovun dediklərində nə qədər həqiqət var? Atəşkəs 1994-cü ildən davam edir, konflikt ara-sıra aktiv hərbi əməliyyatlara keçir, ancaq bir şəkildə çözülmür. Daha dəqiqi, Azərbaycan Dağlıq Qarabağı və digər işğal edilən əraziləri hansısa səbəbdən işğaldan azad edə bilmir. Bu mənada Lavrova haqq qazandırmaq mümkün deyilmi?
– İşğalı dayandırmaq sözsüz ki, sadə məsələ deyil. Ancaq bütün dünyanın qəbul etdiyi həqiqətlər var – Ermənistan işğalçıdır, işğal olunan ərazilər Azərbaycanındır. Beynəlxalq sənədlərdə bu açıq şəkildə təsbit olunub. Ancaq həmin beynəlxalq sənədləri diqqətlə analiz edəndə görünür ki, problemin həlli Azərbaycanın yurisdiksiyasından alınaraq beynəlxalq qurumlara verilib.
Şübhəsiz ki,işğal faktının davam edəcəyi və dünya birliyinin konfliktin həllinə yönəlmiş səyləri ciddi nəticə vermədiyi təqdirdə,Azərbaycan işğal altında olan əraziləri azad etmək hüququnu özündə saxlayır.Bu baxımdan  Azərbaycanın özünün müdafiə imkanlarını daha da artırmaq siyəsətini gələcəkdə də davam etdirməlidir.
– Qarabağ məsələsinin çözümü ilə bağlı ictimai müzakirələrdə hər zaman belə bir fakt səslənir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün qərarlılıq göstərsə, Rusiya buna birmənalı mane olacaq. Aprel döyüşlərinin də Rusiya faktoruna görə yarımçıq qaldığını düşünənlər var. Sizin bu məsələyə baxışınız necədir?
 
– Bir neçə dəfə bu haqda demişəm, yenə də o fikrimdə qalıram ki, Rusiya heç zaman heç bir tərəfdən bu münaqişəyə qarışmayacaq. Aprel hadisələrində də biz bölgədə Rusiya əsgəri görmədik. Rusiya prezidentinin də fikri budur ki, həmin bölgədə Rusiya Ordusu heç zaman, heç bir itki verməməlidir. Moskva sadəcə məsləhət verdi ki, atəşi dayandırın. Qərarı tərəflər özləri qəbul etdilər. Aprel döyüşləri zamanı Rusiyanın Ermənistan tərəfdə vuruşmaması Azərbaycandakı “Moskva qoymaz” xofunu darmadağın etdi. Bu, aprel döyüşlərinin ən ciddi nəticələrindən biri hesab edilə bilər.
– Belə bir fikrin formalaşmasında Rusiyanın Ermənistana davamlı olaraq silah verməsi faktı da dayanır.
– Rusiya silah istehsalçısı olan ölkədir. Ermənistan da Rusiyadan silah alır, Azərbaycan da. Ancaq Azərbaycana silah satmaq Rusiyanın iqtisadi maraqlarına, Ermənistana silah satmaq isə strateji maraqlarına xidmət edir. Mənim Moskvada Qarabağ danışıqları ilə bağlı çox ciddi fiqurlarla söhbətlərim olub. Bir neçə müddət öncə, konkret aprel döyüşlərindən sonra onlardan biri mənə sübut eləmək istədi ki, artıq tərəflər razılığa gəlib, müqavilə imzalanacaq. Mən razılaşmanın hansı formada olacağını soruşanda o, cavab verdi ki, öncə 5 rayon qaytarılacaq, daha sonra 2 rayon boşaldılacaq və status müəyyən ediləcək. Dərhal soruşdum – bunlar konkret nə zaman baş verəcək, bildirdi ki, hər halda bu yaxınlarda baş verməyəcək, bəlkə də 50 il sonra olacaq. Onun dediklərindən belə nəticəyə gəlmək olar ki, həmin 50 ildə Qarabağ Rusiyanın nəzarətində olacaq. Mən o zaman 5+2 formatının tələ olduğunu başa düşdüm. Çünki proses uzandıqca çözüm çətinləşir. Aydındır ki, yeni gələn nəsillər Qarabağı daha az xatırlayacaq və problem yavaş-yavaş gündəmdən çıxacaq. Əgər bu gün Sergey Lavrov açıq mətnlə “Bu istisnasız olaraq Azərbaycanın problemi deyil” deyirsə, 50 ildən sonrakı durumu təsəvvür etmək çətin deyil. Mən sizə bir məsələni də deyim, əslində Rusiya problemin çözümünü istəyir. Xüsusən dövlətin başçısı. Çünki Rusiya Ermənistana kömək etməkdən yorulub. Onlar da istəyir ki, problem həllini tapsın, Ermənistan blokadadan çıxsın, regional layihələrə qoşulmaq imkanı əldə etsin və müstəqil yaşasın. Ermənistanın Rusiyadan tələbləri böyükdür. Qazı güzəştli qiymətlərlə istəyirlər, sonra heç onun da pulunu ödəmirlər, borclardan nəhəng məbləğlər əmələ gəlir. Rusiya bu durumdan bezib. Mən bu mənada Rusiyanı çox gözəl başa düşürəm. Rusiyanın qarşısını kəsən sözsüz ki, həm də tarix boyu iki ölkənin əlaqələri, strateji münasibətlər haqqında imzalanan çoxsaylı sənədlərdir, o sıradan hərbi müqavilələrdir. Əslində bu müqavilələr NATO-ya yönəlikdir. Ermənistanın nə hərbi potensialı var ki, Rusiya kimi supergüc onunla müqavilə bağlasın? Aydındır ki, həmin müqavilələrlə Kreml Avroatlantik Alyansla sərhədlərini möhkəmləndirir. Elə Rusiyanın Ermənistana Nebo-M raketləri verməsini də bu cür qəbul etmək gərəkdir.

 “Aprel döyüşləri zamanı Rusiyanın Ermənistan tərəfdə vuruşmaması Azərbaycandakı “Moskva qoymaz” xofunu darmadağın etdi. Bu, aprel döyüşlərinin ən ciddi nəticələrindən biri hesab edilə bilər”

– Beynəlxalq siyasət ekspertləri Qarabağ düyününün açılmamasını Azərbaycanın uzun müddət balanslaşdırılmış siyasət yürütməsi ilə də bağlayırlar. Onlar Gürcüstanı örnək gətirərək bildirirlər ki, Azərbaycan strateji hədəflərini, xüsusən inteqrasiya siyasətini dəqiq müəyyən etsəydi, mənzərə tam olmasa da fərqli ola bilərdi. Ən azı Gürcüstandakı kimi. Sizi bu fikirlərə münasibətiniz necədir?
– Düşünürəm ki, bu, müvəqqəti durumdur. Azərbaycanın bir çox məsələlərdə əl-qolunu bağlayan haqqında danışdığımız Qarabağ problemidir. Bu problem olmasaydı, Azərbaycanın mövqeyi daha qəti ola bilərdi və biz daha rahat seçim edə bilərdik. Ancaq problem imkan vermir. Gürcüstana gəlincə, bu ölkə inkişaf edir, öz yolunu seçib, Qərbə inteqrasiya edir. Artıq Avropa Birliyi ilə vizasız rejimə qədər yaxınlaşa bilib. Bütün bunlar Gürcüstan dövlətinin uğurlarıdır. Artıq bu proses geridönüşü olmayan bu mərhələyə gəlib. Məncə, rəsmi Tiflis çox doğru seçim edib.
Abxaziya və Osetiya problemi hələlik həllini tapmasa da qərar düzgündü. Gürcüstan Qərb yolunu seçdi, münaqişə qaldı, sizi əmin edirəm, ölkə şimal yonümünü seçsəydi yenə Abxaziya və Osetiya problemləri qalacaqdı. Gürcülər gələcəyə baxdılar və doğru seçim etdilər. Bütün postsovet respublikaları dərk etməlidir ki, gələcək üçün ən düzgün yol Qərbə yönəlməkdir. Onsuz da gec-tez bu baş verəcək. Biz bunu istəsək də, istəməsək də proses buna aparır. Rusiyanın özü Qərbə münasibətləri normallaşdırmağa çalışır, tərəfdaşlıqları möhkəmləndirmək arzusunu bildirir.
Lakin, eyni zamanda müşahidə edirik ki, bu günkü Gürcüstan rəhbərliyi Rusiya ilə əmakdaşlığa can atır. Bu da fikrimcə, Gürüstanın milli maraqlarına cavab verir.
– Artıq ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayır. İki supergücün  yaxın gələcəkdəki münasibətlərində nələr gözləyirsiniz?
– Donald Trampın addımlarını hesablamaq, proqnozlaşdırmaq mümkün deyil. Birincisi, o, siyasətçi yox, iş adamıdır. Siyasətçi olmadığı üçün emosiyalar burulğanında çoxlu yanlışlıqlar edir. Belə bir şəxs ABŞ prezidenti postunda da xeyli yanlışlıqlara yol verə bilər. Belə proqnozlaşdırılmayan şəxslərlə münasibətlərdə xeyli ehtiyatlı davranmaq lazımdır. Uzun müddət siyasətdə olan insanları çözmək asandır. Əgər Hillari Klinton ABŞ prezidenti seçilsəydi, onun siyasəti haqqında nələrsə danışmaq mümkün idi, çünki illərdir bu şəxs dünya siyasətinin aparıcı simalarındandır. Həm Rusiya, həm də digər maraqlı ölkələr supergüc olan ABŞ-ın siyasi vitrinindəki bütün şəxsləri dərindən öyrənir, beləliklə də önəmli postlar tutarlarsa onların hansı addımlar atacağı haqqında müəyyən təsəvvürlər formalaşır. Bir şəxs siyasətə kənardan gəlirsə, o zaman durum çətinləşir, “o, hansı addımlar ata bilər”, “ondan nələr gözləmək mümkündür” sualları bir müddət açıq qalır. Donald Trampın namizədliyi gündəmə gələnə qədər hansı kənar ölkədə düşünə bilərdilər ki, belə bir iş adamı siyasi proseslərə qoşulacaq və çoxlarının mənfi proqnozlarına baxmayaraq supergücün lideri seçiləcək?

 “Ermənistanın Rusiyadan tələbləri böyükdür. Qazı güzəştli qiymətlərlə istəyirlər, sonra heç onun da pulunu ödəmirlər, borclardan nəhəng məbləğlər əmələ gəlir. Rusiya bu durumdan bezib”

Keçmişinə görə Trampı dövlət başçıları yox, onunla təmasları olan iş adamları tanıyır. Bu, əslində ABŞ prezidentinin özü üçün də o qədər də müsbət hal deyil. Başqa dünya liderlərini deyə bilmərəm, ancaq konkret Rusiya prezidenti üçün belə durumları idarə etmək çox asan kimi görünür. Trampla işləmək Putin üçün asan olacaq. Siyasətçi üçün siyasətdə yeni olan iş adamını çözmək çox sadə məsələdir. Ancaq bütün hallarda prezident Putinin ABŞ-dan olan yeni həmkarı ilə çox ehtiyatlı davranacağını düşünürəm. Tramp dediyim kimi, çox gözlənilməzliklər edə bilər. Putin ehtiyatı heç zaman əldən verməyəcək. Yaxın bir neçə ayda mənzərə daha da aydın olacaq.
Trampın öz ətrafına siyasətçiləri deyil, iş adamlarını toplaması artıq bəzi proqnozlar vermək üçün yetərlidir. ABŞ tarixində “gözləniləməz prezidentlərlə” bağlı gözlənilməz qərarlar olub. Aydındır ki, Donald Tramp da bunu çox yaxşı bilir. Onun afroamerikalılara çox kəskin baxışı var, eyni zamanda seçki kampaniyasına müsəlmanlara qadağa tətbiq edilməsi çağırışları ilə bağlayıb, ərəb dünyasından olan miqrantlara qarşı siyasətin dəyişməsi haqda çağırışlar səsləndirib. Bütün bunlara görə ABŞ prezidenti çox ehtiyatlı olmalıdır. Zərbə iki tərəfdən – həm daxildən, həm də xaricdən gələ bilər. Nəzərə almaq lazımdır ki, ölkə əhalisinin 10-12 faizi avroamerikalılardır. Bu məsələyə sadə baxmaq lazım deyil – onlar açıq şəkildə Trampa qarşı olduqlarını bəyan edirlər. Nəticələr Trampın özü kimi gözlənilməz ola bilər.
Eyni zamanda qeyd etmək lazımdır ki,gələcəkdə Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması Azərbaycana və bizim yerləşdiyimiz regiondakı duruma da əhəmiyyətli dərəcədə öz müsbət təsirini göstərə bilər. ATƏT-in Minsk qurupunun həmsədrləri olaraq ABŞ və Rusiya arasında münasibətlərin inkişafı gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin də həllinə yardım göstərə bilən faktor kimi çıxış edə bilər.
Gununsesi.info