LDU-nun 6 müəlliminə ev verildi - FOTOLAR

  • By admin
  • 14 Sentyabr 2017 14:54

DSC_0192

Lənkəran Dövlət Universitetində  professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu  gün sahiblərinə təqdim olunub.

LDU-nun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə Azərbаycаn Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 2-ci bəndinə əsasən ali təhsil müəssisələrində kampusların yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikasında ali təhsilin Avropa məkanına inteqrasiyası nəzərdə tutulur və ölkənin ali təhsili Baloniya prosesinə qoşulub. Baloniya prosesinin müddəalarından biri də ali təhsil müəssisələrində müəllim və tələbələrinin mübadiləsindən ibarətdir.

Lənkəran Dövlət Universitetində bu istiqamətdə artıq  ilk addımlar atılır. Bu il ilk dəfə olaraq  LDU-da professor-müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə hər birinin sahəsi  50,5 kv.m olmaqla 6 ikiotaqlı mənzil tikilərək istifadəyə verilib.

Qeyd edək ki, mənzillər qonaq, yataq otaqları, eləcə də mətbəx və sanitar qovşağı ilə  girişdən ibarətdir. Binada eyni zamanda texniki otaqlar və anbar da nəzərdə tutulub. Beləliklə, istifadəyə veriləcək binanın ümumi sahəsi 360 m2 təşkil edir. Mənzillər zəruri avadanlıqlarla (televizor, soyuducu, yataq dəsti, stol, stul və yumşaq mebel) tam təmin edilib.

Bu gün LDU-nun 2 saylı tədris korpusunun ərazisində inşa olunmuş yeni xidməti mənzillərin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimini giriş sözü ilə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bildirib ki, son illər ölkədə təhsilin inkişafı istiqamətlərində aparılan davamlı və səmərəli işdən danışıb, ölkə rəhbəri prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının təhsilimizin inkişafına müsbət yönümdə təsir etdiyini vurğulayıb. Rektor xidməti mənzillərin tikintisində  təhsil nazirliyinin  universitetə verdiyi  maddi və mənəvi dəstəyə görə kollektiv adından minnətdarlığını bildirib.

Açılış mərasiminə qatılan Lənkəran şəhər icra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov və digərləri çıxışlarında universitetin professor-müəllim-tələbə heyətini ilk öncə yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edərək cari dərs ilində uğurlar arzu ediblər. Çıxışçılar yeni mənzil alanlara  Azərbaycan elminin inkişafı naminə uğurlu fəaliyyət arzulayıblar.

Yeni mənzilə köçənlərin minnətdarlıq duyğularını  gənc alim Vüsal Rzayev  çatdırıb. O, göstərilən diqqət və qayğıya görə Təhsil Nazirliyinin rəhbərliyinə, LDU rəsmilərinə və bu işdə zəhməti keçənlərə yeni mənzil alanlar adından  təşəkkürünü bildirib, bu etimadı səmərəli fəaliyyətləri ilə doğruldacaqlarını deyib.

Açılış mərasimindən sonra  xidməti mənzillərin açarları təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Tədbir iştirakçıları mənzillərdə yaradılan şəraitlə əyani tanış olublar.

DSC_0178 DSC_0068 DSC_0004 DSC_0213

Esmira İsmayılova

LDU-nun mətbuat xidməti

Gununsesi.info