Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar - ŞİKAYƏT (FOTOLAR)

  • By admin
  • 14 Avqust 2017 17:06

20814271_10209364060768140_315428908_n

Son dövrlər qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində bir çox mühüm işlər görülsə də, hələ də qeyri-yaşayış sahələrində – uşaq baxçaları, zavod və fabriklərin yataqxanalarında, hətta təhlükəli metallar istehsal edən sexlərdə məskunlaşan məcburi köçkünlərimiz var. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qaçqın və məcburi köçkün ailələrinə yeni mənzillər verilməsi prosesi hələ də davam edir.  Lakin bəzi hallarda bu mənzillərə əsl haqqı olanlar, ağır şəraitdə yaşayanlar deyil, müxtəlif vasitələrlə sahib olanlar da var.

Dözülməz mənzərə

Sumqayıtın Tuk zavodunun sexlərində məskunlaşan məcburi köçkünlər buradan köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər. Onlar ümid edirlər ki, köçürülmə birbaşa işğal altında olan torpaqlarda tikiləcək mənzillərə olacaq.

Bu insanlar illərdir ki, ağır metal istehsal edən zavodun sexlərində yaşayırlar. Yayda toz-torpaq, sexlerdən ucalan tüstü-duman, qışda isə bütün bunlarla yanaşı, palçıqlı həyət, cındırından cin hürkən sexlər, ayağının altında dağılmağa hazır olan pilləkənlər, nəmişlikdən üfunət qoxuyan, kanalizasiya sularının dolduğu dəhlizlər və otaqlar… Bax, onlar burada yaşamağa məcburdurlar.

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Cəbrayıl rayonunun Çullu kəndindən məcburi köçkün Nübar Həsənalıyeva deyir ki, 1993-cü ildən Sumqayıtın Tuk zavodunun  həyətində məskunlaşıblar. Elnən gələn qara günü toy-bayram sayan N.Həsənalıyeva deyir ki, qaçqınlıq dövründə özlərinə imkan daxilində şərait də düzəldiblər:  “Zavodun fəaliyyəti dayandırıldığından ilk vaxtlar hazırkı problemlərimiz yox idi. Sonralar bu zavodu Hafiz müəllim aldı şəxs aldı və bununla da qara günlərimiz başladı. Hafiz müəllim burada yeni tikintilər apardı, sexlər açdı. Mis sexləri işə salındıqdan sonra isə nəfəs ala bilmirik. Elə o ümidlə yaşayırdıq ki, müvəqqəti çətinlikdir, tezliklə öz torpaqlarımıza qayıdacağıq. Buraya heç vaxt əbədi, daimi yer kimi baxmadıq.

Ölüm səbəbi onkoloji problem yazılır

Zavodun ərazisində yaşayırıq. Uşaqlarımız burada xəstə doğulur. Əksəriyyət də onkoloji xəstədir. Yəni, bu sexlərdə məskunlaşanlardan dünyasını dəyişənlərin ölüm haqqında şəhadətnamələrində ölüm səbəbi kimi onkoloji problem yazılır. Hazırda burada yaşayan 17 ailənin hər birinin ailəsində onkoloji xəstəlikdən əziyyət çəkənlər var. Dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun qəbuluna düşmək üçün müraciət etmişik. Lakin heç birində bizi Ə.Həsənov qəbul edib, dinləməyib. Başa düşmürük, bunlar rəsmi qəbul günlərini elan edib, kimin gözünə kül üfürürlər? Hər yerdən əli üzülən bizim kimi çarəsizləri, ya prezidenti? Üzümü prezidentimizə tutub deyirəm. Cənab prezident, yüksək post tutan məmurların bir qismi vətəndaşları qəbul etmir. Onlar bu işi nazirliyin və ya komitənin əməkdaşlarına həvalə edirlər. Dinləyənlərin eşitdikləri də elə həmin otaqda qalır, kənara çıxmır. Nə şikayətə baxılır, nə də problemə əncam çəkilir. Vətəndaşın problemi havadan asılı qalıb. Nazirlər Kabinetinə, Prezident Administrasiyasına da getmişik. Eyni mənzərədir. Getdik deyək ki, kanalizasiya suyunun içində yaşayırıq. Bizi buradan köçürün.  Yaşadığımız ərazini su basır. Özü də kimyəvi axıntıların qarışdığı çirkab sularıyla. Hər ay işığa 100 manat ödəyirik. Hamısını da suyu nasosla çəkmək üçün istifadə etdiyimizə görə.  Rayonumuzun icra başçısı Kamal Həsənov bizi qapıdan içəri buraxmır.  “Qaçqınkom”un rayon üzrə nümayəndəsi Sevindik Hüseynovun yanına gedirik. Gəlirlər, baxırlar, gedirlər. Sanki muzeyə baxmağa gəlirlər.  Canımız boğazımıza yığılanda, hamımız yığışıb getdik Sevindik müəllmin  yanına. And olsun Allaha. Necə nərə çəkdisə, qışqırdı ki, siz məni öldürəcəksiniz. Qoymursunuz işləməyə. Gütmişdik deyək ki, telekanallarda rəsmi məlumat yayılıb ki, idarə və müəssisələrdə yaşayan qaçqın və məcburi köçkünlər prezidentin sərəncamıyla köçürülür. Bəs bizim adımız niyə çəkilmədi?..  Yaxşı, bəs kimdən öyrənək? Biz adam öldürənik? Dərhal içəridən çıxıb qaçdı. Bala, bizi nə qeydiyyata alırlar, nə növbəyə götürürlər.

Oradan çıxıb getdik Bakıya, FHN-ə. Dəfələrlə prezidentə, baş prokurora, baş nazirə, səhiyyə nazirinə, Əli Həsənova, Zakir Fərəcova məktub yazmışam. Bir ay getdik-gəldik. Prokurorluqdan dedilər ki, gedin Zakir Fərəcovun qəbuluna. Getdik. Heç bizə üzünü göstərən olmadı…

Hamısı deyir dayan, gözlə…

Torpaqlarımı, Vətənimi, əzizlərimi, işimi-gücümü , varımı-varidatımı itirmişəm. Hamısını bir tərəfə qoyuram. Torpağımı itirmişəm. Atam öləndə bir ovuc torpaq, Ağrıdağdan qar istədi məndən. Torpağımız ermənidə, özümüz də kimya zavodunun çirkab sularında qırılırıq. Arif müəllim (Arif Fərzəliyv Cəbrayıl rayon icra başçısının müavini-red.) çağırıb ki, ay Nübar, 100 AZN yazmışam sənə. Deyirəm ki, pul istəmirəm, bizi nəcisin içindən çıxart. Kənd sovetinin sədri Xaləddin deyir ki, bizlik deyil. Hamısı deyir dayan, gözlə. Nə qədər dayanım? Nə qədər ərizə yazarlar? Suyun içində batırdıq. Gecə zəng etdim yanğınsöndürənlərə ki, bala, bizi suyun içindən çıxardın. Gəlib bunu çəkin. Gəlmədilər, adam adamın gözünü yolda qoyar? Hara yazırıqsa, yenə gəlir yerli idarələrin üzərinə. Hər ay nasosun işləməsi üçün 100 AZN işıq pulu ödəyirəm. 65 yaşım var. Rahatlıq istəyirəm. Zavodun həyətində gölməçə yaradıblar. O da  yaşadığımız yerin zirzəmisi olmadığına görə, gəlir dolur yaşadığımız yerə. Müraciət etdiklərimizdən yalnız Səhiyyə Nazirliyindən cavab gəldi. Teleqramlar vururam. Heç kimdən cavab gəlmir. Sanki, varlığımızı unudublar. Ayaqlarım şişib. 17 ailə yaşayır burada. Ümumilikdə 65 nəfərik. Sexlərin tüstüüundən ağ yuyub sərdiyimiz paltarları, ipdən qara yığırıq. Görünür, acından-susuzluqdan yox, xəstəlikdən öləcəyik. Arif müəllim yaxınlıqdakı binadan 15 ailəni çıxartdı. 5-6 il bundan əvvəl Əli müəllim qudasının yerini rahatladı. Bəs biz adam deyilik? Mən Azərbaycan vətəndaşıyam. Qarabağ qaçqınıyam. YAP-ın üzvüyəm. Arif müəllim vəzifədən gedincə YAP-dan imtina etmişəm. Etdiyi hərəkətlərə görə, partiyanı da gözdən salır. Arif müəllim evi olandan 20 000 AZN alıb  ev verib. Mənim isə qaçmağa yerim, yatmağa evim yoxdur. Qohumunu  Saatlıdan gətirib Müşfiqabadda yerləşdirdi. Məndən isə haqqım olan mənzilə görə, 2000 AZN istədi. Olmadı deyə, verə bilmədim. Ona görə də evsiz qadım. Köçürmədi bizi. Getdim Əli Həsənovun qəbuluna.   Amma onun qaçqınları qəbul etdiyini heç kim görməyib indiyədək, əməkdaşları qəbul edir. Biz deyirik, onlar eşidir, eşitdikləri də elə otaqdan çıxanda unudulur. Arif müəllim mənə niyə ev vermədi? Pulum yoxdur ona görə? Məni dövlət saxlayır. Konstitutsiyaya  görə, vətəndaşın problemi həll edilməlidir. Xəstəyəm, işləmək qabliyyətim yoxdur. Mən pulu hardan alım verim ona? Öz qohumlarını köçürtdü. Yalandan da utanmadan deyir ki, guya mənə ev verib, istəməmişəm.

Əli müəllimdə bu qədər pul hardandır?..

Bu qədər məktub yazıram, prezidentə çatmır? Məmurlar nə maaş alır, hamısının altında milyonluq maşınları,villaları, var-dövləti hardan alırlar axı bunları? Deməli, bizə ayrılanı yeyirlər. Başqa ölkələrdə məmur sahibkar ola bilməz. Biz də isə sahibkarlar ancaq nazirlər, sədrlər komitə sədrləridir. Çörək pulu ilə 2000 AZN-ni necə yığım?.. Əli Həsənov nəvəsinə ötüşmək üçün “Gallenvagen” ala bilir, maşın kolleksiyası toplayır, amma qaçqının problemini həll edə bilmir? Hamını qıran-çatan  nəvəsinə pul tapır, amma məni köçürməyə pul tapmadı? O maşınlara verdiyi pula 100-lə qaçqına normal mənzil şəraiti yaratmaq olar. Əli müəllimdə bu qədər pul hardandır?.. Deyəndə də deyirlər ki, qan-qan deyirsən. Bəs neyləyim? Problemim olmasa, danışmaram axı…”

Şikayətimizə baxan yoxdur

Sexdə yaşayan köçkünlərdən Sahibə Dəmirova Qubadlı rayonundandır. O da 1993-cü ildən bu zavodun sexlərində yaşayır. Deyir ki, zavod işə düşəndən mis, alminium və düral istehsal edir. İstehsal prosesi üçün isə  su gölməçəsindən istifadə edirlər: “Gölməçənin isə axın yeri olmadığından su dolur binanın altına. Binanın fundamenti olmadığından isə həmin sualar yaşadığımız otaqlarda dizdən yuxarı qalxır. Bu bina  bataqlığın üzərində tikilib. Sexlərin zəhərli tüstüsündən hamımız xəstəlik tapmışıq. Biz demirik ki, zavod işləməsin, sex fəaliyyətini dayandırsın. Prezidentimiz sərəncam verib, pul verib ki, qaçqının yaşayış şəraiti yaxşılaşdırılsın. Bu sexlərin qonşuluğunda yaşamaq insan həyatı üçün çox təhlükəlidir. Şkayətimizə də baxan yoxdur. Əgər o yanan yerin torpağından götürüb analiz etsələr, o zaman bizim niyə bu qədər  xəstəliyə məruz qaldığımızın səbəbini bilərlər.  Burada yaşayanlar, əsasən tənəffüs yollarının xərçəngindən dünyasını dəyişir. Mən də xəstəyəm. Amma  burada yaşadığımızdan etdiyimiz müalicənin də təsiri olmur. Hamısı da bu sexlərin fəliyyətinin nəticəsidir. Hələ yenilərini də tikirlər. Vəziyyətimiz çox pisdir. Sanki Çernobılda yaşayırıq. “Qaçqınkom”da da Əli Həsənov heç kimi qəbul etmir. Ailəmizdən 2 nəfər xərçəngdən dünyasını dəyişdi. İndi yaydır, payıza-qışa dönəndə burada yaşamaq çətinləşir. Övladlarımıza yazığımız gəlir. Uşaqlar hər dəfə evi su basanda stress yaşayır, hər dəfə otaqlara su dolanda dəhşət yaşayırıq. Buna baxmayaraq, kanalizasiya suyunun içində dərs oxuyan 2 uşaq bu il yüksək balla tələbə adını qazanıb. Sevindik müəllim isə bizi mənzil növbəsinə də almır. Yanına gedəndə necə qışqırırsa, elə bil buna deyirik ki, evindən çıx, bizə ver. FHN-ə getdik. Orada Arif müəllim adlı bir şəxs vardı, gəldi baxdı, çəkdi apardı. May ayında isə ona zəng edəndə dedi ki, mənə daha zəng etməyin, məni işdən çıxarıblar”.

Digər məcburi köçkün Almaz Quliyeva də deyir ki, bütün ailəsi xəstəlikdən əziyyət çəkir. Müalicə etdirməyə isə imkanları yoxdur.

Fizuli rayonundan olan Şəfəq İmanquliyeva isə bildirir ki, onun əkiz  uşaqları burada xəstə doğulub: “Bax, indi oğlum xəstədir, 40 qızdırmayla yatır. 1 ildir ki, həyatımız cəhənnəmə dönüb, hər otağa nasos qoymuşuq. Suyu çəkəndən sonra isə nəmişliyin verdiyi xəstəliklər  bizi qırıb. Burada ən yüngül xəstəlik revmatizmadır. Bronxlarımız sıradan çıxıb. Bütün bunlarla bağlı icra başçısına yazdıq. Nümayəndəsi gəlib baxıb. Deməsinə görə, lazımı yerlərə sözümüzü çatdırır. Dedilər sizi köçürəcəklər. Gözümüz yollarda qalıb. Nə gələn var, nə gedən…. Biz  burada can çəkişirik, bir tikə çörəyə görə səsimizi də çıxarmırıq, deyirik pis günün ömrü az olar, amma daha kanalizasiya suyunun içində yaşaya bilmirik!”

20884773_10209364052047922_1193726585_n 20864581_10209364051807916_1572411202_n 20864354_10209364057768065_843877044_n 20864261_10209364052847942_2113356178_n 20864166_10209364058248077_1823717243_n 20864145_10209364056568035_467712750_n 20864092_10209364051647912_1953873788_n 20864056_10209364058608086_1067008719_n 20863932_10209364059248102_1232823105_n 20863879_10209364039647612_326356035_n 20863814_10209364055168000_2042697969_n 20863744_10209364040207626_266269935_n 20840448_10209364052967945_2022121499_n 20840450_10209364062688188_1189995240_n 20840536_10209364058848092_633317453_n 20840588_10209364051967920_834719148_n 20840214_10209364060128124_1498295605_n 20840254_10209364039487608_1221476070_n 20840439_10209364042727689_1844881207_n 20840443_10209364049087848_908650255_n 20839493_10209364053127949_362211523_n 20839559_10209364061568160_43884113_n 20839589_10209364058808091_528312209_n 20840181_10209364058448082_502809178_n 20839440_10209364057328054_529844396_n 20839420_10209364054487983_233136769_n 20839368_10209364060368130_1891333202_n 20839350_10209364058128074_1180490230_n 20815236_10209364053247952_784973397_n 20815238_10209364057648062_775969820_n 20839116_10209364043207701_1319294195_n 20839231_10209364061288153_590271136_n 20815221_10209364059048097_744691699_n 20815189_10209364061688163_1937659409_n 20815174_10209364060568135_1008512183_n 20815103_10209364059088098_2041488826_n 20814955_10209364062288178_300163150_n 20815019_10209364058048072_1590816498_n 20815024_10209364061648162_1893546248_n 20815100_10209364039567610_119031855_n 20814942_10209364052807941_968241678_n 20814858_10209364058888093_85523012_n 20814812_10209364052887943_495405797_n

Gülnaz Qənbərli

Gununsesi.info