Yeni rəssamlıq məktəbinin banisi Sakit Məmmədovun sərgisi keçirilib - FOTOLAR

  • By admin
  • 16 Dekabr 2017 20:35

Gununsesi.info xəbər verir ki, 15 dekabr 2017-ci il tarixində Bakımızın İçərişəhər məkanında, “NUR Art House” qalereyasında tanınmış sənətkar Sakit Məmmədovun və rəssamın “Opalizm” məktəbinin davamçıları olan tələbələrin sərgisi keçirilib.

Opalizm nədir?

Opalizm – Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, yeni üslubdur. Opalizm üslubunun adı opal mineral daşından götürülüb. Qədim yunan dilində opal daşı “gözqamaşdıran”, latın dilində “valehedici görünüş”, sanskrit dilində “qiymətli daş” kimi tərcümə edilir. Bu daş növünün özündə birləşdirdiyi rənglərin fövqəladə və ilhamlandırıcı xüsusiyyətlərinə Sakit Məmmədovun, demək olar ki, bütün yaradıcılığında rast gəlmək olur.

Bununla sənətkar sübut etməyə çalışıb ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad etməyib. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu, yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Rəssamın yumşaq yaxma ilə yaratdığı əsərlərində opal daş növü kimi deyil, əlbisələrdə, baş geyimlərində, qadın zinət əşyalarında və s. ünsürlərdə təzahür edir. Yəni, opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır.

Sevindirici haldır ki, Sakit Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, onun tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur. Şübhə yoxdur ki, sənətkarın yaratdığı bu üslub gələcəkdə yetirmələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayıb yaradan yüzlərlə, minlərlə rəssam tərəfindən davam etdiriləcək.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva rəhbərlik etdiyi “NUR Art House” qalereyası qapılarını bu nadir üslub məktəbinin sənətsevərləri başda olmaqla geniş tamaşaçı auditoriyasına açıb.

Sərgiyə gəlmiş qonaqlara Sakit Məmmədov və tələbələri ilə ünsiyyət qurmaq, bu yaradıcı atmosferə daha dərindən nüfuz edərək “Opalizm” video  materialı, kataloq və kitablarla tanış olmaq imkanı yaradılıb.

Ümumiyyətlə, Sakit Məmmədovun əsərləri diqqəti cəlb edən, çox maraqlı rəsm manerası və təkrarolunmaz yaradıcılıq texnikasına malikdir. Rəssamın  istifadə etdiyi rənglər hamının heyranlığına səbəb oldu. Onun fərqli yaradıcılığı, rəssamın şəxsiyyətinə  xas olan olan cəhətlər əlvan və parlaq rəng qammasına, canlı ritmə sahib olan bir yaşam tərzinin olmasından irəli gəlir. Sənətkar fırçasından çıxan rənglər və formalar sizi qeyri-ixtiyari qısa bir səyahətə aparır.

Sakit Məmmədov müvəffəqiyyətli işləri ilə dünyaya Azərbaycan mədəniyyətini tanıdıb.

Sakit Məmmədov kimdir?

Sakit Məmmədov 1983-cü ildən müxtəlif sərgilərdə iştirak edir. Onun əsərləri dünyanın bir sıra qalereyalarında nümayiş olunur. Onlara misal olaraq Puşkin muzeyi, Avropa Parlamenti, Fransanın Opera qalereyası, Türkiyənin Dolmabağça sarayının qalereyaları, İspaniya, Portuqaliya, İtaliya, Roma, Böyük Britaniya, ABŞ və dünyanın digər mötəbər qalereyalarını göstərə bilərik.

Sakit Məmmədov YUNESKO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademiki, Minilliyin Adamı, Avropanın Şərəf ordeni, İtaliyanın Leonardo da Vinçi ordeni, Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, Portuqaliyada Festivalda Vera birincilik mükafatı, Beynəlxalq Vera mükafatı, Çingiz Aytmatov adına Beynəlxalq mükafat, Beynəlxalq Vətən Övladı və Dədə Qorqud mükafatları, Birincillik mukafatları və s. qızıl medal və digər mükafatlara layiq görülmüşdür.

Əziz sənətsevərlər, sizi ənənəviliklə müasirliyin qovuşduğu, mədəni irsin təbliğ edildiyi, maarifləndirici ideyaların platforması olan “NUR Art House” yaradıcılıq platformasında görməkdən məmnun olacağıq. Ünvanımız dəyişməzdir: Bakı şəhəri, İçərişəhər, Qəsr küçəsi, 27.

Professor Röya Tağıyeva

Sənətşünaslıq elmləri üzrə doktor,

“NUR Art House” qalereyasının Baş direktoru

Gununsesi.info