Mənim “Dilbərim”, səhnəmizin Nazpərisi - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 23 Dekabr 2016 08:00

 

leman

Onun ekrana gəlişi sözün əsl mənasında hadisəydi. İlk dəfə nə oxuduğu yadımda qalmayıb, amma o qaş-göz, o gözəllik, Azərbaycan xanımına xas şuxluq, rəftar  bu günkü kimi gözümün qabağındadır.. hamı, hər yerdə ondan  danışırdı-Nazpəridən. Və hər evdə də mütləq bir Nazpəri aşiqi vardı. Bizim evdə də qardaşım idi onun əsiri. Oxumağına da bayılırdı, gözlərinə də. İllər sonra  bir qızı sevdiyindən xəbər tutanda  bundan da çox gələcək gəlinin Nazpəriyə oxşamasına sevinmişdik.Düzdür, o qız qardaşıma qismət olmadı. Qovuşmaları  üçün nə Allah yardımçı oldu, nə də Nazpərinin “Nə olar Allahım ayırma bizi” mahnsısı onların verdikləri  qərarı əngəlləyə bildi. Onda bu mahnı bütün sevənlərin dilinin əzbəri id. Onu oxuyan xanım isə çoxlarının sevimlisi.

 

nazperi

Bəlkə də bu yazını heç vaxt yazmayacaqdım. Çünki, jurnalist olsam da profilim fərqli olub və bir-iki korifeyi çıxmaq şərtilə sənət adamlarından  demək olar ki, yazmamışam. Amma çox hörmət etdiyim Yunis müəllim deyəndə ki,, Nazpərinin ad günüdür və istəyirəm onun haqqında bir yazı yazasan, o dəqiqə razılaşdım. Çünki, cəmi bir gün qabaq  təsadüfən internetdə Nazpərinin ifasında Şirvan Şikəstəsinə qulaq asmışdım və bu xanımı tamam başqa bir yöndən kəşf etmişdim. Əslində, Nazpərinin uğuru da budur. Özünü tamaşaçıya gözəlliyi ilə sevdirən xanım qısa bir vaxtda peşəkar ifası ilə dəürəklərə yol tapdı. Yəni gözləriylə sehrə saldığı tamaşaçını səsinin sehri ilə ovsunlaya bildi.

Mən onu öz üzərində məsuliyyətlə çalışan sənətkar kimi tanıyıram. İfasında ən çox bəyəndiyim mahnı “Dilbərim”dir. Hansı ki, uzun illər qabaq o mahnını bizə Zaur Rzayev sevdirmişdi. Nazpəri – Siyavuş Kərimi tandemi bu mahnıya təzə nəfəs verdi və  bütün dilbərlər əminəm ki, bu  uğurlu ifaya görə o Dilbərə- Nazpəriyə  borcludur!

Ümumiyyətlə, Nazpəri Dostəliyevanın Siyavuş Kərimi ilə iş birliyi onların hər ikisinə qazandırdı. Bundan qazanan isə əlbəttə ki, Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisidir. O cümlədən aşıq musiqisi. Azərbaycan-Norveç vokal musiqi  layihəsi çərçivəsində aşıq sənətinin təbliği təkcə Aşıq Əhmədalının- Nazpərini bu millətə bağışlayan Kişinin  ruhunu sevindirmədi, aşıq musiqisinin orkestrlə sintezindən  tamaşaçı da bir o qədər məmnun qaldı. Və məhz bundan sonra aşıq mahnılarıdünya səhnəsinə çıxdı. Təəssüf ki, o layihə davamlı olmadı.

Nazpəri  Dostəliyeva iki mürəkkəb sözü adında və soyadında daşıyan xanımdır. Onun taleyi də Azərbaycanda müğənni olmaq istəyən bir çox xanımlar kimi  çətin, mürəkkəb olub. Əslində belə qadınlara həmişə həsəd aparıb, hörmət etmişəm. Çünki, onlar  tabuların əleyhinə çıxan, müstəqil şəkildə ayaqüstə durmağı bacaran qadınlardır. Deməli cəsarətli, deməli qorxmaz, deməli özünə güvənən. İnsan özünə güvənəndə  isə uğur həmişə ona yol yoldaşı olur. Yoillarınız  heç vaxt ayrılmasın, gözəl xanım. Mənim  “Dilbərim”, səhnəmizin Nazpərisi.

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist

Gununsesi.info