Məşhur azərbaycanlı partizan barədə film çəkiləcək

  • By admin
  • 17 Avqust 2017 22:35

film

İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun döyüş yolundan bəhs edən “Generalların önündə” adlı film çəkiləcək.

Azərbaycan, Rusiya və Fransa kinematoqrafçılarının müştərək işi olan filmin ssenari müəllifi Anar Ömərovdur.

Filmin çəkilişləri barədə Gununsesi.info-ya məlumat verən ssenari müəllifi A.Ömərov bildirib ki, ekran işi ilə əlaqədar Şəkidə əfsanəvi partizanın ev-muzeyinə gedərək qəhrəmanın oğlu ilə görüşüb və onun razılığını alıb. Filmin ssenarisi real hadisələrə əsaslanır və partizanın müharibə illərindəki qəhrəmanlıq fəaliyyətini canlandıracaq.

Qeyd edək ki, Anar Ömərovun ssenari üzərində apardığı yaradıcılıq işi rusiyalı və fransalı həmkarları tərəfindən yüksək qiymətləndirilib.

Xatırlatmaq yerinə düşər ki, Xarko adı ilə tanınan azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılov Fransa müqavimət hərəkatının görkəmli nümayəndəsi, sonradan Fransa prezidenti olmuş general Şarl de Qollun yaxın dostu olub. O, Fransanın Milli Qəhrəmanı fəxri adı, həmçinin “Müharibə Xaçı”, “Hərbi Şücaət Xaçı” və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.

Gununsesi.info