“Mətbuat xidmətinin verdiyi açıqlamadan başqa heç bir KİV ordu haqqında məlumat yaymamalıdır” - SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 15 Dekabr 2017 12:56

“Ümumilikdə Silahlı Qüvvələr haqqında fikir yürütmək üçün həm beynəlxalq sahədə, həm də daxili vəziyyət haqqında təcrübəli olmalısan. Hər bir qanunun yaxşı və pis cəhətləri var. Heç bir qanun Quran ayəsi deyil, istənilən zaman dəyişdirilə bilər”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov “Silahlı Qüvvələr haqqında” Qanunun müzakirəsi zamanı deyib.

O qeyd edib ki, sözügedən qanun mükəmməl hazırlanıb və qəbul edilməlidir. Deputat deyib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan qarşısında hesabat verir: “Bəzi şəxslər orduya ictimai nəzarət olmalıdır məsələsini qaldırır. Nə bilək ki, hansısa QHT peşəkardır, ya deyil. Bu QHT təmsilçisi döyüş bölgələrinə gedəcək, nə bilmək olar ki, o düzülüş qaydasını bilir, ya bilmir. Hərbi xidmətdə olmayanlar da Silahlı Qüvvələrdən danışır, avtomatı versən heç söküb -yığa bilməz. Bu nəzəriyyə deyil, praktikadır”.

Deputat deyib ki, ABŞ-da hərbi komitə qarşısında ordu hesabat verir, amma nəzərə almaq lazımdır ki, bizdə çağırış əsasında formalaşan ordudur: “Vaxtilə ordumuzda müqavilə əsasında xidmət edənlərin sayı az idi. Prezident deyib ki, əsgər yemək bişirməməli, döşəmə yumamalıdır, hərbi taktika öyrənməlidir. Təsərrüfat işlərini görmək üçün digər şəxslər orduya cəlb edilməlidir. Yeni texnikanın, silah növlərinin üzərində işləmək üçün peşəkar şəxslər lazımdır”.

Deputat bildirib ki, bu sahəyə mütəxəssislər müqavilə əsasında cəlb edilir. S.Novruzov əlavə edib ki, ordu cəmiyyətdən qapalı olmalıdır.

Müdafiə Nazirliyinin mülki şəxslərdən ibarət olmasına münasibətində deputat deyib ki, bir dəfə riyaziyyatçını gətirib qoydular ordunun başına: “Gördük nə oldu? Ərazilərimizi itirdik. Heç adının Milli Məclisdə çəkilməsinə layiq deyil. Biz müharibə şəraitində yaşayırıq, ordunun başında professional zabit dayanmalıdır. Ordunun mətbuat xidmətinin verdiyi açıqlamadan başqa heç bir KİV ordu haqqında məlumat yaymamalıdır”.

Mürtəza

Gununsesi.info