Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017

11 Yanvar 2017 - 18:30

Manat sabitliyini saxlaya, banklar kreditləri bərpa edə biləcəkmi?- MÜSAHİBƏ

resad

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərmanı nəhayət ki, açıqlandı. Fondun builki büdcəsində bir sıra maraqlı məqamlar yer almaqdadır. Belə ki, cari ildə ARDNF-in büdcəsinin gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri isə 14 milyard 483 milyon 856,0 min manat olmaqla,rekord səviyyəsə kəsir proqnozlaşdırılır. ARDNF-nin büdcəsinin kəsiri 6.1 milyard manat olmaqla onun xərclərinin 42,2 faizini təşkil edəcək. Bu, Fondun aktivləri hesabına maliyyələşdiriləcəyinə deməyə əsas verir. Bundan əlavə, ilk dəfəolaraq bu il Fondun büdcəsində makroiqtisadi sabitliyin təmin edilməsi məqsədiləAzərbaycan Respublikasının Mərkəzi Bankına transfert nəzərdə tutulub. Onun yuxarıhəddi 7,5 milyard manat müəyyən edilib.

Artıq Neft Fondunun büdcəsi ilə bağlı rəylər birmənalı deyil.

Gununsesi.info İqtisadı və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovla bununla bağlı götürdüyü müsahibəni təqdim edir:

– Rəşad bəy, Dövlət Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manat köçürülməsi nə məqsədi daşıyır; manatı qorumaq, ya Mərkəzi Bankın son ildə üzəşdiyi kapital çatışmazlığı problemini həll etmək?

–  Burada Mərkəzi Bankı vəziyyətdən çıxarmaqla bağlı yanaşma düzgün olmazdı. Çünki Mərkəzi Bankın elə bir öhdəlikləri yoxdur ki, ödəyə bilməsin. Burada məqsəd Mərkəzi Bankın valyuta bazarlarında iştirakçılıq imkanlarını genişləndirmək, məhdud səviyyədə azalmış rezervlərlə bağlı psixoloji təhlükəni aradan qaldırmaqdır. Xüsusilə, 2017-ci ildə bazarlarda situsiyaları manatın xeyrinə dəyişməyə çalışırlar. 2016-ci ildə Mərkəz Bank faktiki olaraq, bazarlarda deaktiv tərəflərdən biri oldu. Mart ayından sonra cəmi 2 dəfə hərraclara valyuta çıxara bilmişdi. Hərraclarda əsas təklifçı tərəf Dövlət Neft Fondu oldu. Fond ay ərzində təqribən 400 milyon dollar valyuta çıxara bilirdi.

Hazırki transfert indiki məzənnə ilə təqribən 4.2 milyard dollar edir. Mərkəzi Bank bu vəsaiti əldə etməklə hərraclara ayda təqribən 350 milyon dollar əlavə valyuta çıxara biləcək. Nəzərə alsaq ki, ölkənin illik valyutaya olan tələbatı 11-12 milyard ətrafındadır. Onun 8 milyarddan çoxu Mərkəzi Bank tərəfindən təklif edilə bilər, qalan hissəsi qeyri-neft ixracından və illeqal, habelə leqal yolla ölkəyə daxil olacaq vəsait hesabına ödənilə bilər. Bu isə, bazarlarda tələb-təklifi tənzimlənməsinə, manatın məzənnəsinin 2016-ci ildəki səviyyədə saxlanmasına dəstək göstərə bilər. 

– Neft Fondundan belə köçürmələrlə manatı nə vaxta kimi sabit saxlamaq olacaq?

– Hökumət bəyan edib ki, 2017-ci ildə tam üzən məzənnəyə keçəcəklər, yəni liberallaşdıracaqlar. Belə olan halda, mövcud situasiya kənar müdaxilə sayıla bilər. Ola bilsin ki, tam üzən məzənnəyə keçmək məqsədilə manat kütləsi azaldılsın, sərt pul-kredit siyasətini davam etdirsin. Paralel olaraq da, bazarların valyutaya olan tələbatının ödənilməsi məqsədi də güdülür. İndi ölkədə ciddi şəkildə dollarlaşma prosesi gedib,yəni 2015-ci ilin əvvəlinə qədər olan vəziyyət artıq yoxdur, manat kütləsi azalıb. Baxmayaraq, 2016-cı ilin əvvəli ilə müqayisədə manat kütləsində artım müşahidə olunur. Ancaq ona xarici valyuya ekvivalentində baxanda ciddi bir artım olmadığını görürük, 2015-ci ildə baş verən azalma 2016-ci ildə qorunub saxlanılıb. Oxşar siyasət, çox güman ki, 2017-ci ildə də davam etdiriləcək. Həm manat kütləsinin azaldılması, həm də valyutaya olan tələbatı önləmək yolu ilə cəmiyyəti psixoloji cəhətdən liberal məzənnə siyasətinə hazırlamağa çalışacaqlar.

Əslində, ümidlər neftin qiymətinin bahalaşması üzərində qurulub. Neft Fondunun indiki büdcəsi də neftin 40 dollarlıq baza qiyməti üzərində hazırlanıb. Amma proqnozlar onu göstərir ki, neftin qiyməti bundan təqribən 25-30 faiz həcmində baha olacaq. Nəzər alsaq ki, hər barel neftin 10 dollar bahalaşması Azərbaycana 1.5 milyard əlavə dolların daxil olması deməkdir. 25-30 faizlik bahalaşma ölkəyə əlavə 2-3 milyard dolların daxil olmasını təmin edəcək. Bu vəsait Mərkəzi Banka ediləcək transfertin bir hissəsini kompensasiya edə bilər. Neft vəsaitlərinin valyuta bazarına çıxışı təmin olunacaq. Rusiya və Qazaxıstanla müqayisədə Azərbaycanda situasiya fərqlidir. Belə ki, Azərbaycanda neft gəlirlərinin xərclənməsi mexanizmi Neft Fondunun dövlət büdcəsi qarşısındakı öhdəliyi səviyyəsindədir. Bu isə o deməkdir ki, 2017-ci ildə dövlət büdcəsinə ediləcək 6.1 milyard manat köçürülmə əvvəlcədən bazardan alınır. Və valyuta bazarlarına da bu vəsait ekvivalentində pul təklif edəcək.

İctimaiyyət düşünür ki,neftin qiyməti qalxırsa, nəyə görə manat möhkəmlənmir. Mərkəzi Banka birbaşa transfertin müəyyənləşdirilməsi və qurumun bazarlara təsir imkanlarının yaradılması, artıq dolayısı yolla da olsa neftin qiymətinin valyuta bazarlarlarına təsiri imkanlarını genişləndirdi. Bu, eyni zamanda dövlət büdcəsinin transfertlər nəticəsində süni şişirdilməsini də müəyyən qədər məhdudlaşdıracaq. Belə olan halda, düşünürəm ki, bu addımın atılmasına ehtiyac var idi. Çünki neft vəsaitlərinin lazimi anda dövriyyəyə daxil edilməsi ilə bağlı müəyyən mexanizm problemləri var idi.

– Burada başqa bir məsələ ortaya çıxır. Zəmanət vermək olarmı ki, 7.5 milyard manat dollara çevrilib ölkədən çıxarılmayacaq?  

– Belə bir təhlükə daim var. Azərbaycan kimi korrupsiya və rüşvətxorluq baxımdan riskli ölkələrdə illeqal yolla xaricə kapital axını da geniş olur. Ona görə də, bu yol daim məzənnə üçün risklər formalaşdırır. Mərkəzi Bank son 2 il ərzində rezedent və qeyri-rezendentlər tərəfindən ölkədən valyuta çıxarılmasını məhdudlaşdırılmaqla qarşısını almağa çalışır. Bunun illeqal yollarla genişlənməməsi üçün aidiyyəti qurumlar mübarizəni genişləndirməlidir. Hətta bu istiqamətdə böyük siyasi iradə də ortaya qoyulmalıdır. Təəssüf ki, hələ də ölkədə kapital axını ilə bağlı risklər böyükdür. Özü də əksər vaxtlarda burada əsas iştirakçı məmur oliqarxlar olur. Bu səbəbdən bəzən hüquqi qaydaların əməl olunmasında problemlər yaşanır. Ona görə də, bazara axıdılan neft gəlirlərinin ölkədən çıxarılması təhlükəsi yaşanır.

– Bəs, Neft Fondundan Mərkəz Banka edilən 7.5 milyardlıq köçürmə kredit bazarını canlandıra biləcəkmi?

– Bu məsələ nisbətən fərqlidir. Mərkəzi Bank bankları manatla təmin etməyə ona görə ləng davranır ki, həmin vəsaiti hansısa formada kredit şəkilində dövriyyəyə daxil edib, sonra isə manat kütləsini artırıb, milli valyuta üzərində təzyiqlər formalaşdırmasına əngəl olsun. Bu, Mərkəzi Bankın manatla kredit siyasətində yürütdüyü bir xətdir.  Amma bankların özünün də kreditləşmədə, xüsusilə xarici valyuta ilə olan kreditlər üzərində yürütdüyü bir xətt vardır. Hazırki dövrdə risklər kifayət qədər yüksəkdir, xarici valyutada verilən kreditlərin böyük bir qisminin geri qaytarılmasında problemlər yaşanır. Problemli kreditlərin həcmi sürətlə artır, biznesin həcmi aşağı düşür. Belə şərtlər daxilində banklar kreditləşmədə maraqlı görünmür. Məzənnə ilə bağlı tərəddütlərin olması risklərin artması deməkdir, nəticədə bank kreditlərindən istifadə edilməsində əngəllər meydana çıxır. Məhz bu səbəbdəndir ki, kredit portfelinin həcmi kəskin şəkildə azalaraq, 2014-ci ilin mart ayının səviyyəsinə qədər düşüb.

Bu baxımdan məzənnədə yarana biləcək sabitlik müəyyən qədər kredit bazarına təsir göstərə bilər. Amma Mərkəzi Bank bəyan edib ki, sərt pul-kredit siyasəti həyata keçirəcək. Bu o deməkdir ki, 2017- ci ildı liberal məzənnə siyasətinə keçənə qədər kreditlərin verilməsində məhdudlaşdırıcı tədbirləri davam etdirəcək. Digər tərəfdən, Strateji Yol Xəritəsində iqtisadiyyatın maliyyə ilə dəstəklənməsi nəzərdə tutulur. İqtisadiyyatın dəstəklənməsi isə kredit bazarının genişləndirilməsi ilə baş verə bilər. Bu baxımdan 2017-ci ildə bu iki trend arasında mübarizəni müşahidə edəcəyik. Amma liberal məzənnə formalaşandan sonra Mərkəzi Bank pul kütləsinin genişləndirilməsi siyasətinə keçəcək, eyni zamanda xarici investorların ölkə iqtisadiyyatında iştirak imkanları da genişlənəcəkdir. Bu da növbəti dövrlərdə bankların kredit siyasətinin dəyişməsinə gətirib çıxaracaq.

– Neft Fondundan dövlət büdcəsi və Mərkəzi Banka birlikdə təqribən 13 milyard manatdan çox vəsait transfert olacaq.  Neft Fondunun ehtiyatlarının belə sürətlə “əridilməsi” hansı fəsadlara yol aça bilər?

– Neft Fondunun 2017-ci il büdcəsindən məlum olur ki, Neft Fondu rezervlərdən xərcləməli olacaq. Büdcəsində təqribən 6 milyarddan çox kəsiri var. Amma nəzərə almaq lazımdır ki, bu, neftin 1 barelinin 40 dollardan hesablanması nəticəsində formalaşmış büdcədir. Əgər cari ildə neftin orta qiyməti 55 dollar civarında olsa, bu, Fonda əlavə 2,2 milyard dolların daxil olması deməkdir.Belə olan halda, daxil olan əlavə vəsait Neft Fondunun kəsirinin azaldılmasına təsir göstərə bilər. Bir məqam da var ki, Fondun əsas qayelərindən biri ölkə iqtisadiyyatında risklər forlamaşdığı dönəmdə həmin riskləri minimuma endirməkdir, yəni ehiyatlarından istifadə edilməlidir. Söhbət dar gündə yığılmış ehtiyat vəsaitdən gedirsə, Azərbaycan iqtisadiyyatı son 2 ildə özünün dərinləşmiş ən dar gününü yaşayır. Əsas narahat doğuran məqam korrupsiyanın geniş vüsət aldığı şəraitdə həmin vəsaitlərin gözlənilən effektivi verməməsi ortaya çıxmasıdır. Artıq burada ictimai nəzarətin artırması, idarəetmənin gücləndilməsi əsas mövzulardan biridir.

Vüsalə Rüstəmova

Gununsesi.info 





loading...