Manatın sabitliyi nədən asılıdır? - İQTİSADÇI RƏYİ

  • By admin
  • 21 Avqust 2017 15:12

manat_180215

İlin ikinci yarısından sonra manatı nə gözləyir? Bu müddət ərzində manata təzyiq göstərəcək əsasən, 3 amil var: Birinci, avqust ayında idxalın  ən pik həddinin olması nəticəsində dollara olan tələbatın artması. İkincisi, ABŞ Mərkəzi Bankının sentyabr ayında keçiriləcək iclasında uçot dərəcəsini yenidən artıra bilməsi ehtimali və nəhayət, neftin qiymət.

Belə bir vəziyyətdə Azərbaycan hökuməti manatı sabit saxlamaq üçün hansı rıçaqlardan istifadə edəcək?

İqtisadçı-ekspert Rəşad Həsənov Gununsesi.info-ya şərhində bildirdi ki, ölkənin tədiyyə balansı və xarici ticarət saldosu manatın xeyrinədir:

“Hər iki istiqamətdə ötən illə müqayisədə ciddi fərq var.  Bu isə manatın sabit saxlanması üçün imkan yaradır. Digər amil ABŞ dollarının bir sıra xarici valyutalara qarşı mövqeyinin zəifləməsi məsələsidir.  Dollara təsir edəcək digər amillərdən biri ABŞ hökumətinin reputasiyası məsələsidir. Seçkilərdən sonra Trampın verdiyi vədlərin reallaşması ilə bağlı narahatlıqlar var. İnvestorlar hazırkı hakimiyyətin addımlarını proqnozlaşdıra bilmir. Bundan başqa ilin ikinci rübündən sonr a ABŞ-ın iqtisadi göstəricilərində ciddi azalmalar özünü göstərir. Məhz bunun nəticədir ki,  FED uçot dərəcəsini 2 dəfə artırmasına baxmayaraq, ABŞ dolları dünya valyutalarına nisbətən ucuzlaşır”.

R.Həsənov deyir ki, sentyabr ayında FED-ın uçot dərəcəsinin artırılacağı ilə bağlı zəif ehtimal var.

Ekspertə görə, manata əsas təsir göstərən amil neftin qiyməti oynayır: “İlin əvvəlindən neftin qiymətində ucuzlaşma müşahidə olunsa da, mövcud qiymətlər manatın məzənnəsinin qoruması üçün kifayət edir. Amma növbəti dövrlər  üçün proqnozlar artıq bədbindir.  Həm istehlak azalıb. Eyni zamanda OPEC-in may ayında neft hasilatının limitləşdiriləməsi ilə bağlı qərarın əməl olunmaması ilə əlaqədar narahatlıqlar var. Bu da bazarlarda gərginliyi artırır, nefti ucuzlaşdırır. Habelə ABŞ-da neft hasilatının artımı da bazar iştirakçılarında növbəti dövr üçün daha bədbin proqnozlar verməyə əsas verir.  Hətta bəzi təşkilatların proqnozuna görə neftın qiyməti 40 dollar  civarında olacaq. Əgər neftin qiyməti 40 dollar həddinə düşərsə, o zaman Azərbaycan manatına qarşı təzyiqlər arta bilər”.

R.Həsənov əlavə etdi ki, avqust ayında əlavə istehlak  qaynaqlı, noyabr-dekabr aylarında borc qaynaqlı tələbin formalaşması bazarda əlavə vəsait tələbini artırır: “Nəticədə bu, manat üçün real təzyiq olaraq qalmaqdadır. Düşünmürəm ki, bu, disbalans yaradacaq. Ən pis halda 5-6 faizlik fərq yaradacaq. Neftin qiymətində dəyişiklik olmazsa, bu fərq 2018-ci ilin əvvəlində kompensasıya olunacaq. Hökumət müəyyən rıçaqlardan istifadə etməklə, manata qarşı inamın növbəti dəfə sarsılmasımasınan qarşısı alınacaq. Yəni sabit bazar və investisiya meyilliliyi qoruyub saxlamağa çalışacaq”.

Vüsalə Rüstəmova

Gununsesi.info