Maral Tahirqızının saytdakı, Mehmandarovun ürəyimizdəki şəkli - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 16 Oktyabr 2017 17:54

leman

Bu gün Səməd bəy Mehmandarovun ad günüdür, bilirsiz. Xəbər saytlarına baxdım, gördüm favorit yenə Maral Tahirqızıdır.

Ən oxunaqlı saytlar Maralın həbsdən sonrakı təzə şəkillərini tirajlayıblar. Səməd bəy isə heç kimin yadına düşməyib. Bəlkə də düşüb, sadəcə reytinqi verən Maraldır deyə onun dalınca qaçırlar. Yəqin Mehmandarov sağ olsaydı, bunu təbii qarşılayardı. Çünki,marallar bütün zamanlarda olub. Elə onların dalınca qaçanlar da. Amma heç biri tarixdə qalmayıb. Ona görə də tarix yaradan kişidən yazmaq istədim bu gün. Həm tarixə, həm Ona ehtiram olaraq.

Əslində Səməd bəy Mehmandarov haqqında fikirlər birmənalı deyil. Onu Çar Rusiyasının generalını elə Rusiyanın da adamı hesab edirdilər. Azərbaycanda sovet hakimiyyəti qurulanda da Mehmandarovun başqa generallar kimi güllələnməyib, salamat qalmasını bu amillə əlaqələndirirlər. Əlbəttə bu yazıda tarix yazmaq, kiməsə dərs keçmək fikrindən uzağam. Amma deyilən ittihamları da qəbul etmək mümkün deyil. Ən azı ona görə ki, Mehmandarov 1920-ci ildən ta ömrünün sonuna kimi Bakını tərk eləmədi. Əslən rus olan həyat yoldaşının çoxlu təkidlərinə rəğmən Rusiyaya qaçmadı. Arvadına- məni rahat buraxın, mən Vətənimdə qalıram- dedi. Danışırdılar ki, bolşeviklər ona -qos-qocaman generala-Azərbaycanın hərbiyyə və bəhriyyə nazirinə Nikolayevsk küçəsini süpürtdürürdülər. O küçə ki, adı da Səməd bəy üçün əziz idi, xatirəsi də. Axı o məhz çar Nikolayın ordusunda general rütbəsinə kimi yüksəlmişdi. Çarın özü ilə şəxsən tanış idi. Yaxasındakı almaz qaşlarla bəzədilmiş Georgi xaçı da ona çar Nİkolayın yadigarıydı. İkinci bir tərəfdən, bu küçədə o cümhuriyyət əsgərlərinin “Səməd Paşa sərdarımız, qan axıdar xəncərimiz” deyə oxuduqları hərbi marşı qürurla dinləyərdi. Mən onu general Əlağa Şıxlinskinin “Xatirələrim” kitabından sevmişəm. Əlağa Şıxlinski o kitabda bədii obraz yaratmayıb, o gerçək Mehmandarovu bizə göstərib. Təsvirlər nə qədər güclü idisə, sonunda məni uzaq Çinə qədər dartıb apardı. Rus-yapon müharibəsinin getdiyi Port-Artura.

Bilirsiz ki, Çar Rusiyası ən sonda bu müharibəni uduzub. Amma Mehmandarov məhz bu müharibədən sonra parlayıb. Deyim niyə? O Port Artur qalasını yaponlara təslim etməmək üçün ən çox səy göstərənlərdən biri idi. Bunu Port Artur müharibəsinin canlı şahidi Aleksandr Stepanov özünün eyni adlı əsərində çox aydın təsvir edib. Müharibədən sonra çar Rusiyasında keçirilən məhkəmədə də Port Arturun komendantı Stessel başda olmaqla bir çoxları həbs olunduğu halda Mehmandarov bu məhkəmədən ləkəsiz çıxdı. Ümumiyyətlə, O, hər sınaqdan üzüağ çıxan şəxsiyyət olub. Biz onu Port Artura-filana görə yox, müstəqil Azərbaycanın ordu quruculuğundakı roluna görə sevirik. O heç nədən böyük bir ordu yaratdı. Məhəmməd Əmin Rəsulzadə “Əsrimizin Siyavuşu”nda belə yazırdı: “Çox çətinliklər və əngəllər içində bir ildə yoxdan 25 minə qədər çeşidli silaha sahib piyada, süvari, topçu,lağımçı çaxmaqlı tüfəngçi, mühəndis hissələrindən meydana gəlmiş bir ordu vücuda gətirdilər.İki ilə yaxın davam edən hərbiyyə məktəbindən yüzlərlə kiçik yaşlı oğlan yetişərək, meydana gətirilən ordunun cavan komandasını təmin etdilər. Son Novruz bayramında Azərbaycanın paytaxtı Bakıda keçirilmiş rəsmi keçid, mükəmməl və müntəzəm bir ordunun vücudunu paytaxtın sevincdən boyanan sürəkli alqışları və övladını birər böyümüş aslan qılığında görən anaların göz yaşları işində dost və düşmənə göstərdi.

Az zaman içində Azərbaycan Ordusu öz başlanğıc tarixinə Lənkəranın fəthi kimi şanlı sətirlər yazdırdı. Azərbaycan höküməti icraata başlarkən Xəzər dənizinə malik deyildi. Bir neçə ay içində öz hakimiyyətini dəniz üzərinə də yaydıqdan sonra ticarət donanmasından başqa 6-7 gəmilik bir donanmaya aid işlər hazırlanmış,qarşıdakı ada ilə liman sahillərini uzaqdan vuran toplarla silahlandırıb Bakını istehkam liman halına gətirmişdi”.

Bəli, bunlar saç saqqalını çar Ordusunda ağartmış Səməd bəy Mehmandarovun xidmətləri idi. O doğma Azərbaycanına da heç nədən ordu yaratmağın nümunəsini göstərdi.Bu işə böyük əmək sərf elədi, amma biz ona heç yatmaq üçün qəbir belə vermədik. Bu gün də sümükləri hardadır, bilən yoxdur. İrsini öyrənmirik, dərsliklərə salmırıq. İki il əvvəl orta məktəblərin yuxarı sinifləri arasında azı 20 şagird arasında sorğu eləmişdim. İkisi güclə tanımışdı onu.

Bu gün səhər uşaqları məktəbə yola salıb qayıdıram. Məktəbin həyətində iki yeniyetmə söhbət edir. Görkəmindən 11-ci sinif şagirdinə oxşayırlar. Biri o birinə həvəslə danışır.” Bilirsən nə qızlardır? Evdən çıxanda yubkaları uzun olur, Ətağa cəddi. Məktəbin həyətinə girəndə yubka olur bir qarış”. Əlini əlinə vurub şaqqanaq çəkirlər. Uzaqlaşıram və söhbətin gerisini eşitmirəm. Yolboyu özüm özümlə söhbətimi dinləyirəm.

-Görəsən başqa ölkələrdə də məktəbli oğlanların sübh tezdən müzakirə mövzusu qızların ətəyi olur?

-O baxır ölkəyə. Əgər o ölkə Azərbaycana oxşayacaqsa, yüz faiz. Görəsən niyə belə?

-Çünki bizdə ətəyə sevgi bineyi qədimdəndir. Əl məndən, ətək səndən deməyibmi atalarımız? Ömür boyu işimiz düz getsin deyə Allahın ətəyindən yapışmamışıqmı? Sonra rusun ətəyi, farsın ətəyi, türkün ətəyi.. nə bilim kimin ətəyi…Qızların ətəyi də ki, həmişə cəlbedici olub.

-Bəs onda qızını bu mühitdə necə böyüdəcəksən, bu məktəbdə necə oxutduracaqsan?

-Allahın ətəyindən yapışıb.  Nə bilim.. Bəlkə də pessimistəm. Hər şey daha yaxşı olacaq. Bəlkə elə bir nəsil yetişəcək ki, onlar daha böyük ideyalar üçün yaşayacaqlar. Oxuyacaqlar, dünyagörüşlərini artıracaqlar, böyük adamlar olacaqlar.

Lap elə Səməd bəy Mehmandarov kimi.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info