Mehdiabadlılar yollarının təmirini istəyir -İCRA BAŞÇISI QƏSƏBƏ SAKİNLƏRİ ARASINDA

  • By admin
  • 18 Fevral 2017 09:42

 

mehdiabad

 

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Mehdiabad qəsəbəsində sakinlərlə görüşüb. Adıçəkilən rayonun icra hakimiyyətindən saytımıza verilən xəbərdə bildirilir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri ştirak etmişdir.

Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxışında Mehdiabad qəsəbə sakinləri ilə rəhbərlik etdiyi bir il dörd ayda 3, 4 dəfə görüşdüyünü, həmin görüşlərdə qaldırılan məsələlərin – qəsəbədə yeni məktəb və bağça binasının tikintisi, məhəllə arası yolların asfaltlaşdırılması, əhalinin su, elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunması sahəsində mühüm işlər görüldüyünü və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır.

Mehdiabad qəsəbə sakinləri mülahizələrini bölüşərək onları narahat edən məsələlərlə bağlı təkliflərini vermişlər. Təkliflər sırasında Mehdiabad qəsəbəsində uşaq bağçasının tikintisi, məktəb yaxınlığında şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə yol keçidlərinin və səkilərin düzəldilməsi, qeyri qanuni tikintilərə nəzarət, küçə ticarətinə qarşı mübarizə, məhəllə komitələrinin yaradılması, bələdiyyələr tərəfindən vaxtında vergilərin toplanması, ərazinin yollarının abadlaşdırılması və digər məsələlər də yer almışdır.

Mehdiabad Abşeronun gənc qəsəbələrindən biridir. Lakin bu qəsəbə rayonun son illər ən sürətlə böyüyən yaşayış məntəqələrindən hesab olunur. Qəsəbə sakinləri və gənclər vətənə, torpağa sədaqətləri, şücaətləri ilə də ad çıxarıblar.Qarabağ döyüşlərində Mehdiabad 16 şəhid verib. Burada 150-yə qədər Qarabağ müharibəsi veteranı var. Onların hər bir qayğı və problemlərinin həlli rayon icra hakimiyyəti rəhbərliyinin daimi diqqətindədir.

40 mindən çox əhalinin yaşadığı qəsəbədə müasir tipli tibb məntəqəsi, 4 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, mədəniyyət evi, kitabxana, ATS , 2 poçt və sairə obyektlər fəaliyyət göstərir.