Mehman gəlib Mehmandarov kimi qalan adam - Ləman Ələşrəfqızı yazır

  • By admin
  • 12 Fevral 2017 15:23

mehmandarov

12 fevral,  təqvimdə Səməd bəy Mehmanadrovun vəfat etdiyi  gündür.

O 1931-ci ildə , köhnə Nikolayevsk,   indiki İstiqlaliyyət küçəsindəki evində, 75 yaşında gözlərini bu dünyaya əbədi yumdu.

Öləndə yanında nə arvadı vardı, nə də yeganə oğlu.

Onlar NKVD-nin  saysız-hesabsız təzyiqlərindən, əsaslı-əsassız dindirmələrindən bezib çıxıb getmişdilər. 

Səməd bəy Mehmandarovun bütün şüurlu ömrünü, cavanlığını həsr etdiyi ölkəyə – Rusiyaya. Amma genaral tükünü də tərpətməmişdi. Həyat yoldaşına və oğluna demişdi ki, onu rahat buraxsınlar. O, Vətəndə qalmaq istəyir.

Danışırdılar ki, bolşeviklər ona -qos-qocaman generala-Azərbaycanın hərbiyyə və bəhriyyə nazirinə Nikolayevsk küçəsini süpürtdürürdülər. O küçə ki, adı da Səməd bəy üçün əziz idi, xatirəsi də. Axı o  məhz çar Nikolayın ordusunda general rütbəsinə kimi yüksəlmişdi.

Çarın özü ilə şəxsən  tanış idi. Yaxasındakı  almaz qaşlarla bəzədilmiş Georgi xaçı da ona çar Nİkolayın yadigarıydı.  İkinci bir tərəfdən, bu küçədə o cümhuriyyət  əsgərlərinin   “Səməd Paşa sərdarımız, qan axıdar xəncərimiz” deyə oxuduqları  hərbi marşı qürurla dinləyərdi.

Axı ayağı palçıqlı azərbaycan kəndlisindən döyüşkən əsgər hazırlamaq onun və daha bir neçə yaxın dostunun xidmətiydi. Soyuq fevral günündə tək-tənha dünyadan köçərkən yəqin ki, bütün bunlar onun gözü qarşısından kino lenti kimi keçmişdi. Elə onun öz həyatı da başdan-ayağa kino deyildimi?

Mən onu general  Əlağa Şıxlinskinin “Xatirələrim” kitabından sevmişəm. Əlağa Şıxlinski o kitabda bədii obraz yaratmayıb, o gerçək Mehmandarovu bizə göstərib. Təsvirlər nə qədər güclü idisə, sonunda məni uzaq Çinə qədər dartıb apardı. Rus-yapon müharibəsinin getdiyi Port-Artura.

Bilirsiz ki, Çar Rusiyası ən sonda bu müharibəni uduzub. Amma Mehmandarov məhz bu müharibədən sonra parlayıb. Deyim niyə? O Port Artur qalasını yaponlara təslim etməmək üçün ən çox səy göstərənlərdən biri idi. Bunu Port Artur müharibəsinin canlı şahidi Aleksandr Stepanov özünün eyni adlı əsərində çox aydın təsvir edib. Müharibədən sonra çar Rusiyasında keçirilən məhkəmədə də Port Arturun komendantı Stessel başda olmaqla bir çoxları həbs olunduğu halda Mehmandarov bu məhkəmədən ləkəsiz çıxdı.

Ümumiyyətlə, O, hər sınaqdan üzüağ çıxan şəxsiyyət olub. Biz onu Port Artura-filana görə yox, müstəqil Azərbaycanın ordu quruculuğundakı roluna görə sevirik.  O? heç nədən böyük bir ordu yaratdı.  Məhəmməd Əmin Rəsulzadə “Əsrimizin Siyavuşu”nda belə yazırdı:

“Çox çətinliklər və əngəllər içində bir ildə yoxdan 25 minə qədər çeşidli silaha sahib piyada, süvari, topçu,lağımçı çaxmaqlı tüfəngçi, mühəndis hissələrindən meydana gəlmiş bir ordu vücuda gətirdilər.İki ilə yaxın davam edən hərbiyyə  məktəbindən yüzlərlə kiçik yaşlı oğlan yetişərək, meydana gətirilən ordunun cavan komandasını təmin etdilər. Son Novruz bayramında Azərbaycanın paytaxtı Bakıda keçirilmiş rəsmi keçid, mükəmməl və müntəzəm bir ordunun vücudunu paytaxtın sevincdən boyanan sürəkli alqışları və övladını birər böyümüş aslan qılığında  görən anaların göz yaşları işində dost və düşmənə göstərdi.

Az zaman içində Azərbaycan Ordusu öz başlanğıc tarixinə Lənkəranın fəthi kimi şanlı sətirlər yazdırdı. Azərbaycan höküməti icraata başlarkən Xəzər dənizinə malik deyildi. Bir neçə ay içində öz hakimiyyətini dəniz üzərinə də yaydıqdan sonra ticarət donanmasından başqa 6-7 gəmilik bir donanmaya aid işlər hazırlanmış,qarşıdakı ada ilə liman sahillərini uzaqdan vuran toplarla silahlandırıb Bakını istehkam liman  halına gətirmişdi”.

Bəli, bunlar  saç saqqalını çar Ordusunda ağartmış Səməd bəy Mehmandarovun xidmətləri idi. O doğma Azərbaycanına da heç nədən ordu yaratmağın nümunəsini göstərdi.Bu işə böyük əmək sərf elədi, amma biz ona heç yatmaq üçün qəbir belə vermədik. Bu gün də sümükləri hardadır, bilən yoxdur. Nəslini davam etdirən yeganə varisi də sonsuz olduğundan Mehmandarovun çırağını heç kim yandırmır.

Bircə gəlini sağdır-İzza Kulagina. O da qaynatasından çox general atası ilə fəxr edir. Hər halda, bu xanımla iki dəfə görüşmək şansım olub və 90 yaşlı qarının evinin  divarından yalnız bir portretin asıldığını müşahidə etmişəm. O da general atasının portretidir. Onu qınamıram. Qılzlar atalarını sevir və İzza xanım da heç vaxt üzünü görmədiyi  azərbaycanlı qaynatasını sevəcək biri deyil. Amma biz sevməliyik. Tariximizin bir parçası kimi! Kişilik simvolu kimi! Mehmandarov kimi.  Çünki, o hamımızdan fəqrləndi. Mehman kimi gəldiyi dünyada Mehmandarov kimi qalmağı bacardı.

Yerin behişt olsun, qoca general!

leman

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist

Gununsesi.info