Milyon manatlıq satınalmalar həyata keçirən qapalı şirkətlər - ARAŞDIRMA

  • By admin
  • 27 Dekabr 2017 12:14

 

Altı ayda 15 781 522,85 manatlıq 150 satınalmanın qalibi olan “İNPEKS.N” MMC-nin müəmmalı “uğuru”

 

Araşdırmamıza İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin internet səhifəsində yerləşdirilən reyestr məlumatlarına qısa nəzər salmaqla başladıq. Dövlət büdcəsindən ayrılan milyonların”alınıb-satıldığı”nı özündə əks etdirən reyestr məlumatlarına adi baxış da insana çox şey deyir.

Həmin məlumatlarda ağıla gələn hər şeyin satın alınması ilə bağlı keçirilən tenderin qalibi və satın alanlarla bağlı bir çox məlumatlar var. Amma əslində həm də heç nə yoxdur. İlk baxışdan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qobustan Qış Otlaqları Su Təminatı Sistemləri İstismar İdarəsi cəlbedici bir qurum deyil, təbii ki. Elə bu qurumun həmin idarə üçün “Cari təmir işlərinin yerinə yetirilməsi üçün tikinti materialları və müxtəlif diametrli metal, plastik boruların satın alınması” tenderinin də qalibinin “İNPEKS.N” MMC olması maraq doğurmaya bilərdi. O zamana qədər ki, bu iş üçün ayrılan vəsaitin 245 232,3 manat olduğunu görürük.  Reyestr məlumatlarına bir az diqqət yetirdikdə isə “İNPEKS.N” MMC-nin heç də sıradan bir şirkət olmadığı aydınlaşır.

 

Hüquqi ünvanında belə tanınmayan, cəmiyyət üçün qapalı “İNPEKS.N” MMC

 

“İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1601862631). Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, bu şirkət 6 iyun 2013-cü ildə təsis edilib. Hüquqi ünvanı Bakı şəhəri  Nizami rayonu, Tofiq Abbasov küçəsi  ev 13, mənzil  34 olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur. Qısa bir araşdırma apararkən bəlli oldu ki, “İNPEKS.N” MMC qeydiyyatdan keçdiyi il iki satınalma həyata keçirib. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu üçün “Avadanlıqların satın alınması”nı həyata keçirən şirkət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə də “Kompüter texnikası və digər avadanlıqlar” alıb. Bu məqsədlə şirkətə 76 624,74 manat vəsait ayrılıb. “İNPEKS.N” MMC 2014-cü ildə 7 satınalma (658 515 manat), 2015-ci ildə isə 25 satınalma (2 240 586,78 manat) müqaviləsi bağlayıb. Şirkətin 2016-ci ildə qalib olduğu tenderlərin sayı isə 78 olub. Həmin il şirkətin qalib olduğu satınalmalara ayrılan vəsait isə 7 862 415,93 manat təşkil edib. Həmin il Təhsil Nazirliyi Dövlət İqtisad Universiteti “İNPEKS.N” MMC vasitəsi ilə 1 467 815,27 manatlıq satınalma (12 tender) həyata keçirib. Həmin il Tərtər Rayon İcra Hakimiyyəti isə 20 satınalmanı “İNPEKS.N” MMC vasitəsi ilə reallaşdırıb. 2017-ci ilin 6 ayının reyestr məlumatları isə daha maraqlı məqamları üzə çıxarır. Belə ki, “İNPEKS.N” MMC bu il müxtəlif qurumlara aid 150 satınalmanın qalibi olub. Satınalmaların ümumi dəyəri 15 781 522,85 manatdır. Bunlardan 32-nin satınalan təşkilatı Bakı Şəhər İcra Hakimiyyəti (o cümlədən  tabe qurumlar), 33-nün satınalan təşkilatı Melorasiya və Su Təsərrüfatı ASC (o cümlədən  tabe qurumlar), 48-nin satınalan təşkilatı isə Mədəniyyət və Turizm Nazirliyi (o cümlədən  tabe qurumlar) olub.  Digər diqqət çəkən məqam ondan ibarətdir ki, şirkət ən müxətəlif işləri görməklə yanaşı, elə fəaliyyətləri də icra edib ki, bunun üçün xüsusi uyğunluq sertifikatı tələb olunur. Amma “İNPEKS.N” MMC-nin belə sertifikata malik olması ilə bağlı hər hansı məlumat yoxdur. Belə ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saytında verilən uyğunluq sertifikatlarının Dövlət Reyestrində verilən şirkətlər arasında (https://docs.google.com/spreadsheets/d/1oDgAjq_tVoerv82Rq1W6VqoJEQ7CsSk55vkX-q_B7Hg/pubhtml) “İNPEKS.N” MMC-nin adı yoxdur.

 

Altı ayda dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilən 26 milyon 619 min 665 manat 3 qəpiklik satınalma

 

Digər tərəfdən şirkətin satınalma həyata keçirdiyi dövlət orqanlarının siyahısı o qədər də kiçik deyil. “İNPEKS.N” MMC təkcə 2017-ci ilin ötən dövründə, Mədəniyyət və Turizm Nazirliyi (o cümlədən tabe qurumlarda 48 satınalma üzrə 3 739 189,21 manat), Melorasiya və Su Təsərrüfatı ASC (o cümlədən tabe qurumlarda 33 satınalma üzrə 1 925 940, 26 manat), Bakı Şəhər İcra Hakimiyyəti (o cümlədən tabe qurumlarda 32 satınalma üzrə 7 193 743,94 manat),  Səhiyyə Nazirliyi (o cümlədən tabe qurumlarda 16 satınalma üzrə 1 579 267,37 manat ), Daxili İşlər Nazirliyi (o cümlədən tabe qurumlarda 6 satınalma üzrə 574602,31), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  (o cümlədən tabe qurumlarda 4 satınalma üzrə 768 698,34 manat), Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Mənzil-Kommunal və Təmir Xidməti,  Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC, AMEA İşlər İdarəsi, RYTN Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Mərkəzi Bank, Azərsu ASC, Televiziya və Radio Verilişləri QSC, Baş Prokurorluq, Milli Depozit Mərkəzi, Az-Evro Tel MMC və Azərsu ASC (11 satınalma üzrə 1 050 180,31 manat ) üçün ən müxtəlif adda satınalmalar həyata keçirib və xidmətlər göstərib.  “İNPEKS.N” MMC təsis edildikdən indiyədək dövlət büdcəsi vəsaitləri hesabına 26 milyon 619 min 665 manat 3 qəpiklik satınalma həyata keçirib. Amma…

 

Qanuni təmsilçiyə qarşı məhkəmə iddiası…

 

Amma nə “İNPEKS.N” MMC, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu ilə bağlı heç bir açıq məlumat bazasında məlumat yoxdur. Şirkətin yerləşdiyi hüquqi ünvanın telefon nömrəsi isə məxfidir. Yəni mənzil sahibi müvafiq rabitə qovşağına ərizə verərək nömrəsinin yaşadığı ünvanda olan telefon nömrəsini məxfi etdirib.  Şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunun adı isə açıq mənbələrdə yalnız bir yerdə keçir: Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2014 -cü ildə hakim Əsədov Mehti Fəyyaz oğlunun sədrliyi ilə  baxılan prosesdə.

2(103)-4561/2014 saylı işdə iddiaçı Novruzov Altay Məmməd oğlu cavabdehlər Ramazanov İntiqam Adil oğlu və İsgəndərov Sədrəddin Ziya oğlundan vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. İşə baxan Bakı Apellyasiya Məhkəməsi Nizami rayon Məhkəməsinin iş üzrə qərardadını ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarıb.

 

Dövlət qurumlarına ünvanlanan informasiya sorğuları…

 

Biz də araşdırmanı davam etdirərək iki istiqamətdə fəaliyyətə başladıq. İlk öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və “İNPEKS.N” MMC-nin daha böyük məbləğdə satınalmalar həyata keçirdiyi  Melorasiya və Su Təsərrüfatı ASC, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə informasiya sorğusu verərək həmin tenderlərdə iştirak edən məğlub şirkətlərin adının açıqlanmasını istədik. Eyni zamanda bu qədər dövlət büdcəsi vəsaiti köçürdükləri “İNPEKS.N” MMC-nin ofisinin mövcudluğu, ünvanı, telefon nömrələri və rəhbərliyi ilə bağlı onlarda hansı məlumatların olmasını bizimlə bölüşmələrini xahiş etdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə əlavə olaraq nazirliyin elektron informasiya sistemində olan məlumata əsasən hazırda “İNPEKS.N” MMC-də neçə nəfər işçinin çalışması ilə bağlı məlumat verilməsini xahiş etdik. Bütün informasiya sorğularını həm müvafiq qurumların e-mail ünvanlarına göndərməklə yanaşı, həm də poçt vasitəsi ilə (xəbərnaməli) 19 iyul 2017-ci ildə həmin dövlət qurumlarına göndərdik.

Özümüz isə yollandıq 26 milyon 619 min 665 manat 3 qəpik dövlət vəsaiti hesabına satınalma həyata keçirən “İNPEKS.N” MMC-nin hüquqi ünvanına.

 

“Bu mənzildə heç vaxt “İNPEKS.N” MMC adlı şirkət olmayıb”

 

Bakı şəhəri  Nizami rayonu, Tofiq Abbasov küçəsi  ev 13-ü tapmaq elə də çətin olmadı. Sağ olsun müasir texnologiya. Amma “İNPEKS.N” MMC-nin yerləşdiyi mənzil  34-ü bir qədər axtarmalı olduq. Binanın həyətində görüşdüyümüz mənzil 34-ün yerləşdiyi blokda yaşayan sakinlər nə “İNPEKS.N” MMC-ni, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunu tanıdıqlarını bildirdilər. Bundan sonra yollandıq binanın 5-ci mərtəbəsində yerləşən mənzilə. Qapını üzümüzə açmasa da, adını açıqlamasa da, qapı arxasından suallarımıza cavab verən xanım bildirdi ki, 10 ildən artıqdır bu mənzildə yaşayırlar. Amma bu mənzildə heç vaxt “İNPEKS.N” MMC adlı şirkət olmayıb: “Əvvəllər həmin şirkətin adına gələn məktublar bizi bezdirirdi. Biz də gələn məktubları almaqdan imtina edib elə poçtalyonla geri qaytardıq. Son zamanlar gələn məktublar azalıb. Həyat yoldaşım da, gedib yoxlatdırıb, bu mənzildə elə bir şirkət olmayıb. Nə də biz Ramazanov İntiqam Adil oğlu adlı adam tanımırıq”.

Xanımın həyat yoldaşı ilə danışmaq istəsək də, onun telefon nömrəsini verməkdən imtina etdi. Əvəzində bizdən telefon nömrəsi götürdü ki, həyat yoldaşı evə gələndə bizi arayacaq. Biz də telefon nömrəsini bir kağıza yazıb, qapı arxasında buraxaraq oranı tərk etdik. Amma həmin zəng bu günədək gəlməyib.

Sonradan apardığımız araşdırma nəticəsində məlum oldu ki, o mənzildə Dilarə Bədəlova adlı xanım qeydiyyatdadır. Həmin xanım bizim kimi elə Mənzil İstismar Sahəsinin işçilərinə də qapı axasından cavab verir. Özü isə neçə illərdir mənzil üçün ərazi Mənzil İstismar Sahəsinə pul ödəmir.

 

Satınalan təşkilatlar üçün iş yerinə yetirilib, amma qalib “İNPEKS.N” MMC-ni  tanımırlar

 

Məsələ ilə bağlı “İNPEKS.N” MMC-nin satınalma həyata keçirdiyi bəzi qurumlarla da əlaqə saxladıq. Şirkət 2017-ci ildə Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasının elan etdiyi 5 tenderin qalibi olub. Yumşaq, bərk inventarların və dəftərxana ləvazimatlarının alınması üçün şirkət 459 423.96 manatlıq satınalma həyata keçirməlidir. Bərdə rayon Mərkəzi Xəstəxanasından tender elanında mobil telefonu verilən, amma adını bizə də açıqlamayan şəxs  şirkətin haqqında heç bir məlumatı olmadığını desə də, bütün tələb olunan malların alınıb verildiyini qeyd etdi: “Şirkətə indiyədək 90 min manatadək pul köçürülüb və ona uyğun tələb olunan mallar xəstəxanaya verilib. Alınan malların bir hissəsi paylanılıb, paylanılmayan isə anbardadır”.

Mədəniyyət və Turizm Nazirliyi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin mühasibi də bu qurumun elan etdiyi 5 tenderin qalibi olan “İNPEKS.N” MMC-ni tanımır. Baxmayaraq ki, şirkət bu il 6 satınalma üzrə qalibdir və bu məqsədlə 264458.32 manat dövlət vəsaiti xərclənəcək: “Biz “İNPEKS.N” MMC adlı təşkilatla işləməmişik. Əgər elə maraqlıdırsa, şirkətlə əlaqə saxlayın. Ola bilməz ki, bu qədər iş görən şirkətlə bağlı hər hansı məlumat olmasın. Biz hələ işləyirik və hansısa mal almamışıq”.

“İNPEKS.N” MMC  bu il iyulun 18-də Şəki rayon Mərkəzi Xəstəxanası ilə 6 satınalma üzrə müqavilə imzalanıb. Şirkət xəstəxana üçün avadanlıq, bərk inventar, yumşaq inventar, idarənin digər xərcləri, dəftərxana ləvazimatı və təsərrüfat malları və digər maşın və avadanlıqlar alınması işlərini həyata keçirəcək. Bu məqsədlə isə şirkətə 740599.98 manat vəsait köçürüləcək.

Səki rayon Mərkəzi Məstəxanasının bu tenderlər üzrə əlaqələndiricisi Nüsrət Kərimov isə bildirdi ki, bütün sənədləşmələr qanunvericiliyə uyğun aparılıb.

Nüsrət Kərimov şirkətin Bakıda yerləşdiyi ilə bağlı məlumatlı olsa da şirkətin qanuni təmsilçisinə qarşı məhkəmə iddiası olmasından xəbərsizdir.

Tərtər rayon İrəvanlı kənd İcra nümayəndəsi Bəxtiyar Cəfərov isə bildirdi ki, “İNPEKS.N” MMC-nin “Ərzaq məhsullarının satın alınması” ilə bağlı satınalma (10452,16 manat) uşaq bağçasının ərzaq məhsulları ilə bağlı təminatı ilə bağlıdır: “Bu işi hansı şirkətin yerinə yetirdiyi ilə bağlı hazırda dəqiq bir söz deyə bilmərəm. Gərək sənədlərə baxaq. Amma əgər məsələ ərzaq məhsullarının alınmasıdırsa, yəqin ki, uşaq bağçasına həmin məhsullar alınıb verilib”.

Sonrakı müddətdə bir neçə dəfə telefon əlaqəsi yaratsaq da, Tərtər rayon İrəvanlı kənd İcra nümayəndəsi nə satınalmanı həyata keçirən şirkət, nə də həmin şirkətin rəhbərliyi ilə bağlı məlumat əldə edə bilmədiyini bildirdi..

 

“Tender keçirən təşkilat ixtisas uyğunluğuna da önəm verməlidir”

 

Satınalma sahəsi üzrə ekspert Vüqar Hüseynov isə deyir ki, əgər hansısa şirkət satınalmada iştirak edirsə, onunla bağlı vəziyyət öyrənilməlidir: “Əgər eyni bir şirkətin bir qurumun elan etdiyi 40-a yaxın tenderin qalibi olursa, burada korrupsiya sövdələşmələri risklərindən danışa bilərik. Eyni zamanda bir neçə açıq suallar ortaya çıxır. Əgər açıq tenderdirsə, onda niyə bu tenderdə başqa şirkətlər də iştirak etməyib? Əgər təkliflər sorğusu və ya katirovka sorğusudursa, niyə məhz bu şirkətə göndərilib? Əgər şirkət belə etibarlı və müvafiq sahə üzrə ixtisaslaşmış şirkətdirsə, o halda onunla bağlı məlumat da açıq olmalıdır və bu barədə məlumat cəmiyyətə açıqlanmalıdır.  Əgər şirkət kifayət qədər tanınmış və ictimaiyyət üçün açıq şirkət deyilsə, tender keçirən təşkilat ixtisas uyğunluğuna da önəm verməlidir. Əslində tender təşkil edən təşkilat bunu araşdırmalı idi. Eyni zamanda şirkət və şirkət rəhbərliyinə qarşı məhkəmə işi olubsa, bu şirkət üçün daha bir minusdur. Çünki tender sənədlərində soruşulur ki, onlara qarşı məhkəmə iddiası olub, yoxsa yox.  Eyni zamanda şirkət müxtəlif işlər yerinə yetirirsə və qapalıdırsa, satınalan təşkilat daha həssas yanaşmalı idi”.

Ekspertin sözlərinə görə, qalib şirkətin adı tender elanı verilən mətbuat orqanında və ya internet səhifəsində nəticələr elan olunduqdan sonra yenidən dərc edilməlidir: “Həmçinin, şəffaflıq naminə nəinki tenderi udan şirkətlərin, həmçinin məğlub şirkətlərin də adı açıqlanmalıdır. Satınalan təşkilat  ad çəkmədən tender təkliflərinin məbləğini və uduzanın da təkliflərini açıqlanmalıdır ki, ictimayyət tenderlərdə şəffaflığa inansın. Amma adların açıqlanması tenderin keçirilmə vəziyyətini xarakterizə etdiyindən əlaqədər qurumlar bu adları açıqlamır. Çünki tenderdə formal rəqabət yaradır və tenderdə bir şirkət və onun yaxın şirkətləri iştirak edir. Həmçinin, tender qanunvericiliyində şirkətlərə qarşı ixtisas tələbləri var. Şirkətin bu işi görmək üçün texniki və texnoloji imkanları olmalıdır, kadr potensialı olmalıdır. Amma  hazırda respublikamızda bir şirkətin ətrafında bir neçə şirkət yaradılır və tenderlər də formal olaraq keçirilir”.

 

Araşdırmanın dayandırılması ilə bağlı çoxsaylı xahişlər…

 

Apardığımız araşdırmalar nəticəsində bu günədək incimaiyyət üçün qapalı olan “İNPEKS.N” MMC-nin təmsilçilərini də tapa bildik. İlk öncə çətinliklə də olsa əlaqə vasitələrini əldə etdiyimiz şirkətin nümayəndələrindən olan Elman Hacızadə ilə telefon əlaqəsi saxladıq. Elman müəllim suallarımızı dinlədikdən sonra bizim suallarımıza cavab vermək üçün bizimlə əlaqə saxlanılacağını vurğuladı.

Daha sonra isə bizimlə özünü “İNPEKS.N” MMC-nin direktor müavini kimi təqdim edən Zaur müəllim əlaqə saxladı. Şirkətin fəaliyyəti ilə bağlı informasiya sorğusunu bizə verilən tempo_500@mail.ru e-mail ünvanına göndərdik. Amma sonrakı günlərdə suallarımıza cavab əvəzinə, yazının dərc olunmaması ilə bağlı çoxsaylı xahişləri dinləməli olduq.

Sonradan isə göndərdiyimiz informasiya sorğusuna “İNPEKS.N” MMC-nin direktoru İntiqam Ramazanovun imzası ilə göndərilən cavabda “İnformasiya əldə etmək haqqında”, ” Kütləvi informasiya vasitələri haqqında”, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunlarından sitat gətirilməklə cavab məktubu göndərilib. Amma Azərbaycan Konstitusiyası, “İnformasiya əldə etmək haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Dövlət satınalmaları haqqında” qanunların  tələbləri pozularaq 7 sualdan yalnız 1-nə yarımçıq cavab verilib.

Qeyd:  “İNPEKS.N” MMC-yə ünvanlanan informasiya sorğusunu və şirkətin cavab məktubunu əlavə edirik.

 

Cavabsız qalan informasiya sorğuları, yaxud yarımçıq cavablar

 

Dövlət qurumlarına ünvanladığımız informasiya sorğusuna indiyədək yalnız iki qurum cavab verib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ünvaladığımız sorğuya qurumun rəisi Zahid İsayevin imzası ilə verilən verilən  ASİHMDX-15/01-7/82s saylı cavab məktubunda isə konkret hər hansı məlumat verilməyib: “Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə əsasən tenderin əsas şərtlər toplusunun və tender elanının təsdiq olunması, iddiaçılardan daxil olan tender təkliflərinin qiymətləndirilməsi, müvafiq satınalma prosedurunun qalibinin müəyyənləşdirilməsi, satınalma müqaviləsinin bağlanması və satınalma prosedurları haqqında hesabatın tərtib edilməsi satınalan təşkilat və onun tərəfindən formalaşdırılan tender komissiyasının səlahiyyətinə aiddir. Bu səbəbdən sorğunuzda göstərilən məsələlərin tam, ətraflı və mahiyyəti üzrə cavablandırılması üçün “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq satınalan təşkilatlara müraciət etməyiniz tövsiyyə olunur”.

İnformasiya sorğusuna Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdiri Kamal Kazımovun imzası ilə göndərilən 993/16-v-1028 saylı cavabda “İNPEKS.N” MMC-nin qalib elan edildiyi tenderdə iştirak edən məğlub şirkətlərin adı açıqlanmayıb: “Vergilər Nazirliyindən verilən məlumata əsasən 16 iyun 2017-ci il tarixinə “İnpeks.N” MMC-nin dövlət büdcəsinə ödənilməmiş borcu olmayıb. “İnpeks.N” MMC podratçıların ixtisas uyğunluğuna  (dəftərxana malları, idarənin digər xərcləri, sair xərclər və yumşaq inventarlarla təmin olunması) qoyulan tələblərə tam cavab verdiyinə və ən az maliyyə təklifi təqdim etdiyinə görə 18 aprel 2017-ci il tarixində keçirilən tenderin qalibi elan edilib”.

Melorasiya və Su Təsərrüfatı ASC-dən sorğumuza 05/21-87 saylı cavabında bildirilir ki, quruma tabe təşkilatların hər biri hüquqi şəxs qismində fəaliyyət göstərməklə sərbəst şəkildə satınalma həyata keçirir: “Satınalan təşkilat Melorasiya və Su Təsərrüfatı ASC Qobustan qış otlaqları su təminatı sistemləri İstismar İdarəsi olan «Cari təmir işlərinin yerinə yetirilməsi üçün tikinti materialları və müxtəlif diametrli metal, plastik boruların satın alınması» ilə bağlı (245232,3 manat) tender 13 mart 2017-ci ildə Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 3 ünvanında keçirilib. Açıq tenderdə “İNPEKS.N”MMC ilə yanaşı, “Kristal-X” MMC və “Ziya 2007” MMc şirkətləri də iştirak edib. “Dövlət satınalmaları haqqında” qanunun 36-cı maddəsinə əsasən təkliflərə baxılıb və həmin tenderdə qalib “İNPEKS.N” MMC  elan edilib. Tender prosedurlarından əvvəl Cəmiyyətin tabeli idarələri tərəfindən tenderdə iştirak üçün müraciət edən təşkilatların “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə uyğun olaraq bank təminatı, texniki-maliyyə imkanlarını təsdiq edən müvafiq sənədlər, həmçinin, vergi orqanlarının həmin təşkilatın uçotda olması, borclu olub-olmadığı barədə və DSMF-dən aidiyyatı arayışları tələb edilərək alınır. Cəmiyyətin bütün tabeli idarələri açıq tenderin yekun protokollarını 3 bank günü müddətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim edir, araşdırmalar aparılır, aidiyyəti sənədlər və keçirilən prosedurlar müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə qeydə alınır”.

Bakı Şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyimiz informasiya sorğularına isə bu günədək hər hansı cavab verilməyib. Həmin dövlət qurumlarının informasiya sorğusuna cavabını isə dərc etməyə hazırıq. Əgər bu qurumlar və onlarla əməkdaşlıq edən şirkət cəmiyyət üçün şəffaflığa önəm verib cavab verəcəksə…

Xalid VAHİDOĞLU

Gununsesi.info