MTN generalı Elçin Quliyevə hökm oxundu - 10 İL 6 AY AZADLIQDAN MƏHRUM EDİLDİ, MÜLKLƏRİ MÜSADİRƏ OLUNDU

  • By admin
  • 30 Noyabr 2017 12:10

Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən şəxslərin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edilib.

Məhkəmə həmçinin zərərçəkmişlərin mülki iddiasının təmin etməyib. Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin edilib.

Təqsirləndirilən şəxslərin üzərində həbs qərarı olan mülklərinin müsadirə olunması barədə qərar qəbul edilib.

11:18

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Anti-terror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev Bakı Hərbi Məhkəməsinə xüsusi nəzarət altında gətirilib.

Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin binası xüsusi nəzarətə götürülüb, məhkəmə zalı iclasdan əvvəl yoxlanılıb.

Hazırda hakim Elbəy Allahvediyev hökmü elan edir.

Zala təqsirləndirilən şəxslərin vəkilləri, qohumları, zərərçəkmişlər buraxılıb. Jurnalistlər zala buraxılmayıb.

Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsini istəyib.

Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də qaldırdığı digər mülki iddiaların təmin olunmasını tələb edib.

İttihama görə, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəliblər, onlardan külli miqdarda pul alıblar. İstintaq sənədlərinə görə, Elçin Quliyev və digər şəxslər MTN polkovniki Malik Mustafayevi intihar həddinə çatdırıblar. Malik Mustafayev xidməti vəzifəsi başında intihar edib. Onun qardaşı Mətləb Mustafayevin MTN tərəfindən şərlənərək həbs edilib.

Bundan sonra şantaj olunan Malik Mustafayev özünü öldürüb. Cinayət işi üzrə ümumilikdə 18 nəfər zərərçəkmiş var.

Elçin Quliyev və Azər Mehdiyev ittihamlarla razılaşmır. Onlar barələrində bəraət hökmünün çıxarılmasının istəyirlər.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəis müvaini, polkovnik İlqar Əliyev 2015-ci ilin oktyabrənda həbs edilib, həmin ilin dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib. Bundan sonra İlqar Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb.

Gununsesi.info