Musa Quliyev pulsuzluqdan şikayətləndi - ÇƏKDİYİMİZ ƏZİYYƏTDƏN ÇOXLARI XƏBƏRSİZDİR

  • By admin
  • 23 Noyabr 2017 12:36

“Biz millət vəkilləri son 3 ildə hansı əziyyət çəkdiyimiz barədə çoxlarının xəbəri yoxdur. Maliyyə çatışmazlığı nəticəsində deputatlar beynəlxalq təşkilatların toplantılarında iştirak edə bilmir”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, hökumət bunu nəzərə almalı və xarici ezamiyyələrlə bağlı vəsaiti artırmalıdır: “Bildyiniz kimi, xarici ölkələrə səfər edən zaman biz dollar və ya avrodan isitfadə edirik. Azərbaycan manatı isə devalvasiya etdikdən sonra ciddi problemlərlə üzləşirik.   Maliyyə çətinliyi olduğundan biz həmin beynəlxalq, mötəbər tədbirlərdə iştirak edə bilmədiyimizdən erməni lobbisinə meydan yaratmış oluruq”.

O əlavə edib ki, bu gün xeyli ölkələrin paramentləri ilə dostluq qrupları fəaliyyət göstərir, ancaq bu dostluq qrupunun heç də hamısı aktiv fəaliyyət göstərmir: “Aktiv əlaqə qurmaq üçünsə gediş- gəlməliyik.  Maliyyə çatışmazlığından qarşılıqlı səfər edə bilmirik. Elə olur ki, gələn qonaqları layiqincə qarşılaya bilmirik”.

M.Quliyev eyni zamanda, deputatların daxili səfərləri zamanı ezamiyyə haqqının verilməsi ilə yanaşı, maşınla təmin olunmasını təklif etdi: “Əvvəllər deputatlar rayonlara səfər zamanı maşınla təmin olunurdu. Lakin son illərdə maşınla təmin olunmuruq. Bu məsələ həll olunmalıdır”.

Mürtəza

Gununsesi.info