Nə yol böyüyün oldu, nə su kiçiyin - NİGAR CƏFƏRLİ YAZIR

  • By admin
  • 21 Avqust 2017 12:19

nigar-ceferli

Keçən günlərin birində bir tanışımın “atalar üçdən deyib” deyimi ilə “kişinin sözü bir olar” misalını qarşılaşdırdığını və “atalar”a güldüyünü gördüm. Bu misalları ilkin qəbul etdiyimiz məna etibarilə qarşılaşdırmaq, əlbəttə, heç bir məntiqə sığmır və həmin şəxsin yetərli bilgiyə sahib olmamasından irəli gəlir. Lakin birinci qeyd etdiyim misalın dərinliklərinə varanda anlaşılır ki, buradakı üç, əslində, bildiyimiz üçlərdən deyil. Belə ki, bəzi atalar sözü və məsəllər vardır ki, əsrlər keçdikcə müstəqim mənasından uzaqlaşaraq hazırda işlətdiyimiz kimi tamamilə fərqli şəklə düşüb.

Onlardan bəzilərinin əsl variantını və izahını yazıram.

Atalar üçdən deyib
Türk xalqlarının ortaq abidələri hesab olunan “Oğuznamələr”də bu misal “Atalar ucacan deyib” kimi qeyd olunub. Misaldakı uc qədim göytürk dilində axır, son mənasını ifadə edir. “Atalar ucacan deyib” “bir işi başladınsa axıra qədər get” mənasındadır.

Yol böyüyün, su kiçiyin
“Oğuznamələr”də bu misal “Yol uluqun, suç kiçiqin” şəklində işlənib. Qədim türk dilində yol ədəb-ərkan, yol göstərmək, hörmət; ulu/uluq – böyük; suç isə günah deməkdir. Buradan belə məna çıxır ki, kiçik günah iş tutsa da, böyük bağışlamalı, yol göstərməlidir. Qısası, böyüklər kiçiklərə fikir vermədən rahatlıqla suyu içə bilər.

İlanın zəhləsi gedər yarpızdan, o da gələr bitər yuvasının ağzında
Bu misal “Oğuznamələr”də “Yılanın sevmediği yarbuzdur, ol dexi ini qabusunda biter” kimi qeyd olunub. XI əsrdə yaşamış dünya şöhrətli türk alimi Mahmud Kaşğarinin “Divani-lüğatit-türk” əsərində verilən izahdan məlum olur ki, yarbuz bildiyimiz yarpız bitkisi deyil, manqustadır. Manqusta isə ilanyeyən heyvandır. Digər tərəfdən isə yarpız suyun bol olduğu ərazilərdə bitdiyi halda, ilan quraqlıq sevir Demək, onların bir-birindən zəhləsi getmir.

Dost başa baxar, düşmən ayağa
Burada baş və ayaq sözləri müstəqim deyil, məcazi mənalarda işlənib. Məlumdur ki, gözlər qəlbin aynası hesab edilir. Misalda baş yuxarı, ayaq aşağı mənasını verir. Yəni burada ürəyində düşmənçilik olan şəxsin öz nəzərlərini qarşısındakından gizləmək üçün aşağı baxması ifadə olunub.

Nigar Cəfərli

Gununsesi.info